Gümrüdəki Rusiya hərbi bazası müharibəyə qoşulsa... - “Türkiyə F-16-ları havaya qalxacaq”

30-09-2020, 17:31           
Gümrüdəki Rusiya hərbi bazası müharibəyə qoşulsa... -
Azərbaycan Ordusunun təcavüzkar Ermənistana verdiyi dərs düşmən ölkədə təşviş və qorxu yaradıb.

Artıq Ermənistanda açıq şəkildə çoxsaylı itkilərə məruz qaldıqları etiraf olunur. Bu durumda Azərbaycana qarşı kəşfiyyat-təxribat fəaliyyəti aparan Ermənistan yeni varinatlar axtarışındadır.

Cəbhədə gərgin döyüşlərin getdiyi bir vaxtda Ermənistanın Baş naziri Nikol Paşinyandan növbəti sərsəm açıqlama gəlib. O, Ermənistanda yerləşdirilən Rusiya hərbi bazasından istifadə edəcəklərini bəyan edib:

“Rusiya hərbi bazası Ermənistanın təhlükəsizlik sisteminin ayrılmaz hissəsidir. Konkret vəziyyətlərdə bazanın potensialından istifadə edilməlidir”.

Onun sözlərinə görə, Qarabağ münaqişəsi zonasında irimiqyaslı müharibənin bu mərhələsində “potensialdan istifadəyə zərurət yaranmayıb”.

“Lakin biz gözlənilməz vəziyyətimlə üzləşmişik və heç kim hadisələrin gələcək inkişafını dəqiq deyə bilməz”, - deyə Paşinyan qeyd edib.

Mövzu ilə bağlı Cebhe.info-ya danışan siyasi şərhçi Natiq Miri bildirib ki, bu açıqlama Ermənistanın nə qədər acınacaqlı və çıxılmaz vəziyyətdə olduğunu göstərir:

“Çünki bu çıxış, bu cümlə birbaşa çəkindirici xarakter daşıyır. Azərbaycanı qorxutmaq üçün bu cür çıxış etmək Paşinyanın nə qədər çıxılmaz vəziyyətdə olduğunu bir daha sübut edir. Üstəlik Ermənistanın da daxil olduğu Kollektiv Təhlükəsizlk Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə birbaşa ziddir. Azərbaycan öz ərazisində beynəlxalq hüquq və üzvü olduğu BMT nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə haqqından istifadə edir.

Belə olduğu təqdirdə Rusiyanın heç bir bazası, o cümlədən bazada olan heç br silahlar Azərbaycan dövləti əleyhinə istifadə oluna bilməz. Bu birmənalıdır. Fakt onu göstərir ki, Paşinyan sıradan və təsadüf hakimiyyətə gəlmiş biridir. Onun işlətdiyi ifadələrin heç biri nə beynəlxalq hüquqa, nə də humanitar normalara uyğundur. Əgər Rusiyanın Ermənistandakı hərbi bazası prosesə müdaxilə edərsə, yəni özünümüdafiə, raket sistemləri, yaxud hava raketləri bu prosesdə iştirak edərsə, bu, artıq Türkiyənin F-16 qırıcılarına qeyri-iradi zəmin yaradacaq. Bu da Ermənistan üçün çox acınacaqlı durum yarada bilər. Bunu təkcə Ermənistan deyil, Rusiya da bilməmiş deyil. Ona görə də Ermənistan Rusiyanın icazəsi olmadan hərbi bazasından heç bir silah növündən istifadə edə bilməz. Əgər Rusiya buna icazə verərsə, o zaman Türkiyə prosesə müdaxilə haqqı qazanacaq. Rusiya bunu istəyirmi? İstəmir... İstəmiş olsaydı, gizli yollarla İrana, İranın “TIR”ları vasitəsilə Ermənistana oğurluq silah daşıtdırmazdı”.

Politoloq hələlik prosesə Rusiyanın rəhbərliyi altında ciddi müdaxilənin olmadığını xatırladıb:

“Çünki Rusiya Azərbaycan və Türkiyə ilə münasibətləri pozmaq istəmir. Rusiyanın əsas hədəflərindən biri qısamüddətli hərbi uğur idi ki, artıq bu uğur da Rusiya üçün üfiqdə görsənmir. Rusiyanın növbəti hədəfi əlbəttə ki, bu müharibə nəticəsində Paşinyan hökumətindən qurtulmaqdır ki, bu, nəticə etibarilə olacaq. Çünki Ermənistanda revanşist qüvvələr dırnaqlarını sürtməklə məşğuldurlar ki, yaxın perspektivdə artıq Paşinyan hökumətini yola salmaq mümkün olacaq. Hesab edirəm ki, Paşinyanın bu çıxışı Rusiya ilə Azərbaycan və Türkiyəni qarşı-qarşıya qoymaqdır. Amma Rusiya və Türkiyənin özündə də Ermənistanın bu niyyəti çoxdan ifşa olub. Düşünmürəm ki, Ermənistan Rusiya ilə Türkiyəni üz-üzə qoysun”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.