Qarabağ məsələsində “ikili standartlar” bu məsələdə də özünü göstərir - FAKT

31-10-2020, 08:42           
 Qarabağ məsələsində “ikili standartlar” bu məsələdə də özünü göstərir - FAKT
Bir ay ərzində həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdəki dinc əhaliyə qarşı törədilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Qeyd edək ki, erməni terrorçularının dinc sakinlərə hücumu davam etdikcə bu rəqəmlər də dəyişir.

Uşaqlara qarşı baş verən cinayətlərlə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-nin Uşaq Fonduna müraciət edib. Müraciətdə qeyd olunub ki, 2020-ci il sentyabrın 27-dən başlayaraq həyata keçirilən təxribatlar, döyüş bölgələrindən uzaqda yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı tətbiq edilən hərbi cinayətlər nəticəsində 36 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 11 uşaq qətlə yetirilib. Bu, Ermənistan hərbi-siyasi rəhbərliyinin terrorçu əməllərinin növbəti təzahürüdür. Ermənistanın işğalçı siyasi əməlləri bununla bitmir. Belə ki, döyüş bölgəsində ordusunun məğlubiyyətə məruz qaldığını görən Ermənistan beynəlxalq humanitar hüququn ən elementar normalarına məhəl qoymayaraq uşaqları hərbi əməliyyatlara cəlb edir".

Müraciətdə qeyd olunub ki, bununla Ermənistan hökuməti “Müharibə zamanı mülki şəxslərin müdafiəsinə dair” IV Cenevrə Konvensiyası, Birləşmiş Millətlər Təşkilatının “Ümumdünya İnsan Haqları Bəyannaməsi”ni, BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və Konvensiyanın Uşaqların silahlı münaqişələrdə iştirakı ilə əlaqədar Fakültativ Protokolu, “Vətəndaş və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktı, “Genosid cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanı, “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” Konvensiyanı, eləcə də “Fövqəladə vəziyyətlərdə və hərbi münaqişələr zamanı qadınların və uşaqların müdafiəsi” Bəyannaməsini kobud surətdə pozur.

Onu da bildirək ki, UNICEF-in Azərbaycana erməni hücumları nəticəsində öldürülən uşaqlarla bağlı bəyanatı birmənalı qarşılanmayıb. Ombudsman Aparatından verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı verdiyi bəyanatında “ikili standartlar”a yol verildiyini, qətlə yetirilmiş uşaqlarla əlaqədar həqiqətlərin gizlədildiyi bildirib. Səbinə Əliyeva qətlə yetirilmiş azərbaycanlı uşaqların sayının, soyadlarının və həlak olduqları rayonların adlarının məqsədli şəkildə bəyanatda göstərilmədiyini əsas götürməklə qəti etirazını bildirib və UNICEF-in icraçı direktoru xanım Henrietta Holsman Foreya həmin faktlarla bağlı müraciət edib.

Ombudsman bildirib ki, uşaqlar döyüş zonasına yaxınlığı olmayan, həmin zonalardan uzaq məsafədə yerləşən mülki yaşayış məntəqələrində Ermənistan silahlı qüvvələrinin Ermənistan ərazisindən atdıqları raket atəşləri nəticəsində qətlə yetiriliblər. Bu faktların bəyanatda göstərilməməsi UNICEF-in bitərəf mövqedən çıxış etməməsi və ikili standartlara yol verməsi ilə yanaşı, baş vermiş insan təlafatlarının döyüş zonası ilə bağlamaq məqsədi daşıdığını deməyə əsas verir.

Ermənistan silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqla cəbhə bölgəsi və cəbhə bölgəsindən uzaq ərazilərdəki mülki əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrini intensiv şəkildə atəşə tutması nəticəsində mülki əhali arasında 90 nəfər həlak olub ki, onlardan 11-i uşaqdır. Oktyabrın 28-ə olan məlumata görə, yaralanan 395 nəfərdən isə 48-i uşaqdır.

Bu isə Ermənistanın mülki əhaliyə qarşı davam etdirdiyi terror aktlarına göz yumulması, beynəlxalq hüququn norma və prinsiplərinin, o cümlədən Cenevrə Konvensiyalarının, xüsusilə də BMT-nin Uşaq Hüquqları Konvensiyasının müddəalarının kobud şəkildə pozulmasına şərait yaradılması deməkdir. Bu günədək isə UNICEF tərəfindən hər hansı faktaraşdırıcı fəaliyyət həyata keçirilməyib.

Qeyd olunanları nəzərə alaraq, Səbinə Əliyeva UNICEF-in 28 oktyabr 2020-ci il tarixli, Dağlıq Qarabağ və ətraf ərazilərdə davam edən döyüşlərlə bağlı bəyanatına etirazını bildirir, həlak olan uşaqlarla bağlı yuxarıda qeyd olunan faktlara münasibətdə UNICEF tərəfindən mövqe nümayiş etdirilməsini, Ermənistanın müharibə cinayətlərinin qarşısının alınması ilə bağlı təsirli tədbirlər görülməsini, uşaqların ən ümdə maraqlarının təminini ədalət və insanlıq naminə tələb edib.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Azərbaycan Uşaqlar Birliyinin rəhbəri Kəmalə Ağazadə bildirdi ki, beynəlxalq təşkilatlara müraciətlər göndərilsə də, onların səsini eşitmirik: “Biz qeyri-hökumət təşkilatları olaraq bir neçə gün öncə beynəlxalq təşkilatlara müraciətlərimizi göndərmişik. Bu durumu BMT-nin bir çox qurumlarına bildirmişik, əsasən də UNİCEF-ə bu barədə məlumat verilib, müraciətlər olunub. Təəssüf ki, bu gün kiminsə səsinin çıxdığını görmürük. Mənim ən böyük gözləntim Azərbaycanda fəaliyyət göstərən UNİCEF-in Azərbaycan nümayəndəliyidir. Təkcə bəyanat vermək deyil, hansı addımlar atılır? O uşaqların ailələri ilə, yaralanan uşaqlarla hansı işlər aparılır? Bununla bağlı onların açıqlamasını gözləyirəm. Səfirliklərə müraciətlər olunub, onlardan hansısa cavabın olacağına ümid edirəm.

Bu günə qədər Azərbaycanla bağlı baş verən cinayətlərdə səsini çıxaran oldumu? Xocalıda o cür böyük bir faciə törədildi, onunla bağlı hansısa beynəlxalq qurumun reaksiyasını gördünüzmü? Bu gün qəbul olunan qətnamələrin hamısını bizim ordumuz yerinə yetirir. Qəbul olunan qətnamələrlə bağlı niyə heç bir addım atılmadı. Deməli bizim səsimizi eşitmək istəmirlər".

K.Ağazadə vurğuladı ki, əgər hücuma məruz qalan hər hansı fransız və ya alman uşağı olsaydı, dərhal səslərini qaldırardılar: “Ancaq bu gün ermənilər utanmadan bizim həlak olan uşaqların şəkillərini götürüb özününkülər kimi paylaşırlar. Axı öncədən bizim işğal olunmuş torpaqlarda, Xankəndində, Laçında yaşayış olub. Orada Azərbaycan hücumu nəticəsində ölən bircə uşaq göstərsinlər. Əgər elə bir hal olsaydı, bütün dünya bar-bar bağırardı ki, Azərbaycan ordusu Dağlıq Qarabağ ərazisində qətliam törədib. Yoxdur, bizim şəkilləri götürüb paylaşırlar. Azərbaycanın uşaqları, körpələri öldürülür. Bərdədə, Gəncədə, Tərtərdə baş verənlərə dünyada səsini qaldıran yoxdur. Kim sığortalayıb ki, bu sabah Bakı və ya Sumqayıt olmayacaq, müharibə bölgəsindən uzaq olan digər rayonlar, şəhərlər olmayacaq. Kim səsini qaldıracaq? Biz bar-bar bağırırıq. Bizim arxa cəbhə olaraq ən böyük silahımız mətbuatda və sosial şəbəkələrdə apardığımız təbliğatdır. Dünən Rabitə və Texnologiya Nazirliyinin Facebook-a müraciəti də oldu ki, bizim postlarımız bilərəkdən spam olunur, yazdıqlarımızı spam edirlər. Halbuki biz reallığı ortaya qoyuruq, təhqir etmirik. Ancaq bir nəfər erməninin spam olunduğunu görmürük. Bizim hərbi forma geyinən (bunun özünü doğru qiymətləndirmirəm) şou-biznes nümayəndələrini öz səhifələrində paylaşıb öldürüldü yazırlar”.

Milli Məclisin Ailə, Qadın və Uşaq məsələləri Komitəsinin üzvü Jalə Əliyeva da “Yeni Müsavat”a bildirdi ki, UNİCEF uzun illər sonra ilk dəfə bəyanat yaysa da, bu qərəzli tərəfləri var: “Çox təəssüf olsun ki, 30 ildən bəri davam edən erməni aqressiyası, ədalətsiz müharibə və iddiaları qarşısında ötən müddətdə olduğu kimi, bu gün də bir çox dünya ölkələri, beynəlxalq təşkilatlar, hətta birbaşa bu problemin həlli ilə bağlı məsul olan ATƏT-in Minsk qrupu kimi təşkilatlar, onun həmsədrləri səslərini çıxartmadılar. Bu illər ərzində yalnız bölgəyə turist səfərləri edib növbətçi bəyanatlarını verməklə öz vəzifələrini bitmiş hesab etdilər. Bu gün də 32 gündür ki, erməni təxribatı qarşısında Azərbaycanın əks hücumları böyük uğurla davam edir, zəfərlə irəli addımlayırıq. Bu nailiyyətlərdən təşvişə düşən Ermənistanın siyasi və hərbi rəhbərliyi cavabı münaqişə bölgəsində ordumuza vermək yerinə, cəbhə bölgəsindən çox uzaqda olan tamamilə dinc əhalinin yaşadığı, ölkənin əhəmiyyətli , strateji və qədim şəhərləri olan Gəncə, Bərdə, Mingəçeviri, daha öncədən isə Tovuzu, hətta Naxçıvanın Ordubad şəhərini vurmağa başladılar. Onların içində xüsusən də son günlər Gəncəyə ard-arda ballistik raketlərdən atılan atəşlər və son olaraq Bərdədə bazar mərkəzinə atılan kaset tipli bombalar, onun nəticəsində çox sayda insanın həyatını itirməsi və yaralanması ilə nəticələndi. Təəssüf ki, ölən və yaralananların içində həyatını itirən, xəsarət alan uşaqlarımız var, hər iki valideynini, valideynlərindən birini itirən uşaqlarımız var. Bu uşaqların hamısının taleyi qırılıb, bundan sonrakı ömürləri böyük bir psixoloji travma ilə keçəcək. Onların uşaqlıqları beşiyindəcə boğulub. Onlar yatdıqları yerdə, evlərində dinc oturarkən qətlə yetiriliblər. Başqa vaxtlarda dünyaya demokratiya dərsi keçən, barmaq silkələməyi bacaraq Avropa beynəlxalq qurumları bu gün ermənilərin yanındadır, ermənipərəst mövqe ortaya qoyurlar. Birbaşa uşaq hüquqları ilə məşğul olan UNİCEF uzun illərdən və son bir aydan sonra ilk dəfə dünən bəyanat yayıb. Yenə də bir növbətçi bəyanat yayıb, dişsiz bəyanat yayıb. Bu uşaqlar kimdirlər, hansı ölkəyə aiddirlər, heç ad və soyadları, yaşları qeyd olunmur, hadisənin harada baş verməsi qeyd olunmur. Nədir bu ikili mövqenin səbəbi, haqsızın yanında olmanın səbəbi?”

Deputatın sözlərinə görə, bu gün beynəlxalq təşkilatların göz yumduğu terror sərhəd tanımır və sabah digər ölkələrə qarşı da törədilə bilər: “BMT-nin uşaq hüquqları ilə bağı konvensiyası var. Uşaq hüquqları ilə bağlı konvensiyanın 38-ci maddəsi 15 yaşına qədər uşaqların müharibəyə cəlb edilməsini, onlardan istifadə edilməsini, onların həyatına təhlükə yaranmasını cinayət hesab edir. Ən azı buna əsaslanaraq səslərini çıxartmalıdırlar . Dünya bu qədər səssiz qala bilməz. Anlamalıdırlar ki, bu gün Azərbaycanın, İslamın, türkün gücündən qorxuya düşərək hücum edən Ermənistan və onların havadarları istənilən ölkəni nişan ala bilərlər. Çünki terrorun sərhədi yoxdur, məhdudiyyət tanımır, kimlik tanımır. O zaman bu güllələr, ballistik raketlər digər ölkələrə yönələ bilər. Bütün dünya, xüsusən də özlərini insan hüquqlarının carçısı hesab edən ölkələr duyarlı olmalı, Azərbaycanın haqlı mübarizəsinin yanında dayanaraq öz səslərini qaldırmalı, aqressora ”dur" deməyi bacarmalıdırlar. Dur deyərkən bunu Azərbaycana da şamil edirlər, ancaq Azərbaycan heç kimin torpağına hücum etməyib, öz torpağında savaşır, öz vətəndaşlarını qoruyur və haqlı bir vətən müharibəsi aparır".
“Yeni Müsavat”шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.