“İkinci qrup əlil olmasaydım, mən də fəhləlik edərdim, nə edirəm o diplomları?!” – Məktəb direktoru müavinindən Təhsil Nazirliyinə sensasiyalı məktub

20-10-2018, 19:24           
“İkinci qrup əlil olmasaydım, mən də fəhləlik edərdim, nə edirəm o diplomları?!” – Məktəb direktoru müavinindən Təhsil Nazirliyinə sensasiyalı məktub
Şabran rayonu Sincanboyad kənd ümumi orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini Saləddin Atamoğlanov Təhsil Nazirliynin rəsmilərinə müraciət edib.

Avropa.info-ya təqdim olunan müraciətdə Saləddin Atamoğlanov dərs saatlarının azaldılmasından və maddi imkansızlığından şikayət edib. Həmin məktubu olduğu kimi təqdim edirik:

“Bir illik fasilədən sonra Təhsil Nazirliinə müraciət edirəm və müraciətimi də sizlərlə bölüşürəm. Bu dərd deyil, bir bəladır. Amma, deyirlər, dərd də paylaşdıqca azalır… Hörmətli Təhsil Nazirliyinin rəsmiləri yazıb sizə bildirirəm ki, bizim rayonda günəmuzd fəhlə ən azı 15-20 manatla, nahar yeməyi və daimi çayı iş sahibinin öhdəsində olmaqla işləyir. Düzdür, fəhləlik fiziki cəhətdən ağır, çətin işdir. Amma yəqin ki, müəllimlik qədər stress, əsəb, dözüm və səbr tələb etmir. Mən 1986/96-cı illərdə S.C. Pişəvəri adına Humanitar Fənlər Gimnaziyasında təhsil almışam. 1996-2000-ci illərdə BDU-nun Şərqşünaslıq fakultəsində təhsilimi davam etdirərək fars dili və ədəbiyyatı ixtisasına yiyələnmişəm.

2001/03-cü illərdə orduda hərbi xidmətdə olmuşam, istefaya buraxılmışam.2007/08-ci illərdə Müəllimlər İnstitutunun Yenidənhazırlanma fakultəsində təhsil alaraq Azərbaycan dili və ədəbiyyat müəllimi ixtisasına yiyələnmişəm. 2008-ci ildən Şabran rayonu Sincanboyad kənd ümumi orta məktəbində müəllim işləyirəm və 2014-cü ildən bu məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıram.Mən vəzifə düşkünü deyiləm, lakin məktəbimiz doqquzillik olduğuna, dərs saatlarının azlığına görə bu vəzifəni qəbul etməli olmuşam və bacardığım qədər də icra etməyə çalışıram.10 illik pedaqoji fəaliyyət dövrümdə 12-13 saatdan artıq heç vaxt dərs yüküm olmamışdır. Digər müəllimə ailə məzuniyyətinə çıxanda belə mənə hətta 11 saat , başqa məktəbdən dəvət olunmuş müəllimə isə 18-19 saat dərs yükü verilmişdir. Həmişə səbrlə nə vaxtsa hər şeyin qaydasına düşəcəyi ümidi ilə özümə təsəlli vermişəm…

2014-cü ildə müavinliyi qəbul etdikdən sonra maddi sıxıntılarım azalmağa başlamışdı, ailə başçısı olaraq evimə normal məvacib apara bilirdim. Elə həmin ərəfələrdə başlayan diaqnostik qiymətləndirmə və əmək haqqının 2-3 dəfə qalxacağı xəbərləri hamı kimi məni də sevindirirdi. Lakin… Əməkhaqqı 2-3 dəfə qalxandan sonra mənim məvacibim də 400 manatdan 330 manata “qalxdı”.Səbəb nə idi? Direktor və müavinlərin guya ağına-bozuna baxılmadan hamısına 6 saatdan artıq dərs yükünün verilməməsi!!!

Mənim müraciətimin səbəbi isə belə dərs bölgüsünün hansı normativ sənədə əsasən aparılmasıdır. Sağlamlığım imkan versəydi, ikinci qrup hərbi xidmət dövrü əlili olmasaydım, mən də fəhləlik edərdim, nə edirəm o diplomları?! Halal zəhmət ilə çörək qazanmaq ayıb deyil. Mən buna da hazıram.”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.