Ekspert: “Bizim benzin dünya standartlarına cavab vermir, görün indi dizelin vəziyyəti nə yerdədir?!”

21-01-2019, 21:46           
Ekspert: “Bizim benzin dünya standartlarına cavab vermir, görün indi dizelin vəziyyəti nə yerdədir?!”
Bir neçə ay öncədən əksər Avropa ölkələri, xüsusən də Almaniya ölkədə dizel yanacaqlı avtomobillərə rəsmən qadağa qoydu. Bu da öksigenin zəhərlənməsi ilə əlaqələndirilir. İsrailin 2030-cu il üçün dizellə yanaşı hətta benzinə də qadağa qoyacağı barədə məlumatlar yayılıb. Bəs görəsən Azərbaycanda bu sahədə hansı addımlar atılır və yaxud gözlənilir? Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı mövzu ilə bağlı fikirlərini İqtisadiyyat.az saytı ilə bölüşüb.

“Dizel yanacaqlı avtomobillərin ekologiyaya vurduğu ziyan bütün dünya ölkələrinə məlumdur. Bunu avtomobil istehsalçıları da bilir. Bu baxımdan dizel yanacaqlı maşınların istifadəsini get-gedə qadağan edirlər. Həmin ölkələrin sayı artmaqdadır. Məsələn, Almaniya kimi avtomobil sənayesində öz sözünü demiş bir ölkə əksər şəhərlərdə buna qadağa qoyub. Çox güman ki, gələcəkdə bu daha geniş vüsət alacaq. Mənə elə gəlir ki, bu Azərbaycanda da başlaya bilər. Amma bizim üçün hələki çox böyük zaman lazımdır buna. İllərlə vaxt lazımdır ki, bu məsələ Azərbaycanda öz həllini tapsın. Dizel yanacağı ilə işləyən avtomobillərin insan sağlamlığına zərəri hamıya məlumdur. Xüsusən də Azərbaycanda. Bizim benzin hələ dünya standartlarına cavab vermir, görün indi dizelin vəziyyəti nə yerdədir?! Gürcüstandan vətəndaşlar gedib dizellə işləyən maşın alıb gətirir, 2-3 aydan sonra mühərrik dağılır. Yəni, dizelimiz ümumiyyətlə normal vəziyyətdə deyil. Sırf buna görə də əksər ölkələr dizeli qadağa edir, yeni avtomobil parkları yaratmağı düşünürlər. Vətəndaşlarının sağlamlığını düşünürlər. Burada həm də nəqliyyat təhlükəsizliyindən də danışmaq olar. Çünki dizel avtomobilləri insanların sağlamlığına zərərli olması ilə yanaşı, yol hərəkəti təhlükəsizliyində də öz sözünü deyir. Yəni zərəri az deyil. Nasazlıq və digər məsələləri önə çəkmək olar bu sahədə. İsrailin belə bir qərar verməyi də ölkənin inkişafından irəli gəlir və əhalinin sağlamlığını nəzərə alıb bu addımı atırlar. Mən çox ümid edirəm ki, ölkədə benzinin keyfiyyəti artdıqca dizel mühərrikli avtomobillərin istismarı azala bilər. Amma bunun üçün çox böyük zaman lazımdır. Birdən-birə bunu etmək mümkün deyil. Ona görə də düşünürəm ki, biz də öz avtomobil parkımızın yenilənməyini görə bilərik. Ümumilikdə bütün bu olanlar elektrik mühərrikli avtomobillərə keçid dövrü ilə bağlıdır. Bu baxımdan əksər ölkələr əsasən də, avtomobil sənayesi ölkələri, şirkətlər bu işdə çox səy göstərirlər. Səbəb odur ki, elektriklə işləyən maşınlar ekonomik cəhətdən sərfəlidir, ekoloji cəhətdən təmizdir. Müxtəlif yerlərdən enerji aldığı halda, yanacaqla işləyən avtomobillər yalnız yanacaqdoldurma məntəqələrindən bunu əldə edirlər. Bir çox dövlətlər yanacağa görə digər dövlətlərdən asılı vəziyyətə düşürlər. Bütün bu səbəblərə görə elektriklə işləyən nəqliyyat vasitələrinə keçid edilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.