Bir məkandan başqasına – Bərdə köçkünləri məktəb yox, ev istəyirlər

18-03-2019, 07:29           
Bir məkandan başqasına – Bərdə köçkünləri məktəb yox, ev istəyirlər
Bərdə Peşə Liseyində məskunlaşan köçkünlər köçürülmədən narazıdırlar
Bərdə Peşə Liseyinin yenidənqurulma planı var. İşlərin başlanması üçün Prezident İlham Əliyev vəsait də ayırıb. Bərdə Peşə Liseyindən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilir ki, artıq işlərin icrasına başlanıb. Burada atılacaq ilk addım isə məskunlaşmış 18 köçkün ailəsinin ərazidən yeni ünvana köçürülməsidir. Bu məqsədlə Bərdə rayon rəsmiləri məcburi köçkünlərin məskunlaşdığı liseydə olublar.

Bərdə Peşə Liseyi
Onlar məcburi köçkünlərə Bərdə Peşə Liseyində görüləcək yenidənqurma işləri barədə məlumat veriblər. Bərdə İnkluziv Tipli Məktəbin yataqxanasında aparılam təmir işlərindən, burada məskunlaşan ailələrin həmin ünvana köçürüləcəyindən danışıblar.

Bərdə Peşə Liseyində məskunlaşan məcburi köçkünlər isə yeni ünvana köçmək istəmirlər. Onlar məktəbdən məktəbə köçürülməni narazılıqla qarşılayıblar. Xocalı sakinləri tələb edirlər ki, onları məktəbə deyil, evlərə köçürsünlər.

Vasif adlı Xocalı sakini deyir ki, 1992-ci ildən bu liseydə məskunlaşıblar: "Atam bizdən ayrılıb, Bakıda başqa qadınla ailə qurduğuna görə siyahıdan çıxarıldı. Ev almaq hüququnu itirdi. O vaxt evlər bölünəndə mən işimlə əlaqədar Bakıda kirayədə qalırdım.

Adıma "Qaçqınkom"dan məktub gəldi ki, filan ünvanda qeydiyyatdayam. 7 nəfərlik ailəmizə bir otaqlı ev təklif elədilər. Biz də imtina etdik. Ona görə də burda, məktəbin küncündə qalmağa məcbur olduq".
Laçın rayon sakini Xanım nənənin də tələbi digər məktəbin yataqxanasına köçmək yox, evlə təmin olunmaqdır: "Bina tikilmirsə, bizə pul versinlər, gedib özümüzə ev alaq. Ya da 6 sot torpaq versinlər, tikinti xərclərini hesablayıb pulunu ödəsinlər, evimizi tikək. Bu yataqxanadan, o yataqxanaya köçmək istəmirik."

Bərdə Peşə Liseyindən köçürüləcək 18 ailədən bir neçəsi sona qədər müqavimət göstərmək əzmindədir. Onların fikrincə, kiminsə başqasını zorla, məcburi qaydada köçürməsi yolverilməzdir: "Bunun üçün ən azından köçürülmə barədə ölkə başçısının sərəncamını görməliyik. Rəhbərliyin bundan xəbəri yoxdur. Məcburi köçürülmə yerli məmurların özbaşınalığıdır".

Onu da qeyd edək ki, yeni ünvanda köçkünlərə verilən yataqxana otaqları təmir olunub, şərait yaxşılaşdırılıb.

Bərdə Peşə Liseyi
Məsələ ilə bağlı Qaçqın və Məcburi köçkünlərin işi üzrə Dövlət Komitəsinin Bərdə rayon nümayəndəliyinin rəhbəri Yunis Məmmədovla əlaqə saxladıq. Y.Məmmədov yaranmış problemlə bağlı bunları dedi: "Bərdə Peşə Liseyində 11-i Xocalı, 5-i Laçın, 1-i Ağdam, 1-i Qubadlıdan olmaqla 18 ailə yaşayır. Liseydə tikinti işlərinin aparılması zərurəti yarandığından həmin köçkün ailələri üçün Bərdə İnkluziv tipli Məktəbin yataqxanasında otaqlar təmir olunub".

"Novruz bayramından sonra, yəni mart ayının 27-si isə köçkünlər yeni ünvana köçürüləcəklər. Məcburi köçkünlər üçün gələcəkdə inşa olunacaq binalarda birinci olaraq onların məskunlaşdırılması nəzərdə tutulub" – deyə o vurğulayıb.


шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.