"Axır məcbur oldum, yazdım ki, sosial yardımdan imtina edirəm" - GİLEY

22-03-2019, 11:04           
"Axır məcbur oldum, yazdım ki, sosial yardımdan imtina edirəm" - GİLEY
Ölkədə sosial durumu çətin olan ailələr olduqca çoxdur. Lakin bu ailələr sosial yardım almaq üçün müraciət etdikdə belə, bürokratik əngəllərlə üzləşirlər. Vətəndaşlar sonda bu cür maneələrdən bezib, sosial yardım üçün müraciət etməkdən imtina edirlər.

Sosial yardım almaq üçün müraciət etdikdə problemlə üzləşən Nəsimi rayonu üçünücü Alatava, ev 197-də yaşayan İbrahimov Şamil Əmrah oğlu “Hürriyyət”ə dedi ki, onun ailə tərkibi 7 nəfərdən ibarətdir: “Təkcə ailədən mən 222 manat pensiya alırdım. O qədər dedilər ki, pensiya artacaq, dedik, yəqin 50% artacaq, amma cəmi 6 manat artdı. Bu 6 manat bizə qarşı təhqir deməkdir. Mənim indi pensiyam 228 manat oldu. Amma, vallah, dolana bilmirik. Bu yaxınlarda yoldaşım pensiyaya çıxıb, 73 manat pensiya alır. Müraciət etmədiyim yer qlamayıb. Gördüm sizin qəzetdə şikayətlərə yer ayrılır, məcbur qalıb, “Hürriyyət”ə müraciət etdim. Yaşamaq olmur, kommunal xərclər, qaz, su, işıq hamısı bahadır, od qiymətinədir.

Xahişim odur ki, mənim ailəmə kömək olun, sosial yardım versinlər. Nazirlər Kabinetinə dəfələrlə müraciət etdikdən sonra məni Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə çağırdılar, orada sosial yardım şöbəsi var, ora getdim. Onlar da mənə bir kağız verdilər ki, bunları hazırla, gəl. Mən hər şeyi hazırladım, rüsum da verdim, yəni xərcə də düşdüm, amma elektron məktubu hansı poçta getdim, vuran olmadı, dedilər, biz oradan qorxuruq, onu verə bilmərik, onlar bizdən inciyir. Axır ki, elektron müraciəti göndərə bilmədim. Getdim, özlərinə də dedim ki, bu məktubu hara gedirəm, vermirlər. Dedi, onda yaz ki, istəmirəm, sosial yardımdan imtina edirəm. Axır məcbur oldum, yazdım ki, sosial yardımdan imtina edirəm. Axı, yaşamaq üçün mən normal pensiya almıram, heç normaya yaxın da pensiya almırıq, bəs, necə yaşayaq?”

“Yeri gəlmişkən, bir kənd sovetinin katibini tanıyırdım. O, 40 il kənd sovetinin katibi işlədi. O adam heç orta məktəbi qurtarmamışdı, onu 2 il qabaq görəndə dedim nə qədər pensiya alırsan, dedi, 450 manat alıram. Dedim, nə yaxşı belə çox pensiya alırsan, dedi, mən hökumət nümayəndəsiyəm. Yaxşı, mən orta məktəbi, universiteti əla qiymətlərlə qurtarmışam, bu da heç orta məktəbi qurtarmayıb, niyə belə ayrseçkilik olur?

Yaxud elə polisin özü, adi bir serjant 10 dəfə məndən çox pul alır. Amma mən ali təhsilli ola-ola, 40 il də işlədiym halda, mən normal pensiya almıram. Mən “Azərtac”da işləmişəm. Hamımız bu ölkənin vətəndaşıyıq. Bu fərq görünməmiş bir söz-söhbətdir. Niyə polis, dövlət qulluqçuları vətəndaşdan bu qədər fərqlə pensiya alır, biz isə normal pensiya ala bilmirik? Ağılı olan adam belə iş aparmaz”,-deyə şikayətçi qeyd etdi.

Ş. İbrahimov diqqətə çatdırdı ki, bir qızı var, o da onlarla yaşayır: “Çünki onun həyat yoldaşı qəzaya düşdü, rəhmətə getdi, o da 3 uşağı ilə bizimlə yaşayır. Onu qızı, yəni nəvəm isə ərə getdi, amma ər evi yola vermədi, o da ayrıldı, indi onun da bir körpə uşağı var. Həmin nəvəm indi 60 manat alır, o da indi texnikumda oxuyur, 500 manat ödəniş verir. Qızımın iki əkiz oğlu isə 4-cü sinifdə oxur. 7 nəfər 228 manatla dolanmaq olmaz, axı. Yoldaşımın da, dedyim kimi, çox az pensiyası var. Qızım isə işləmir, uşağa görə işdən çıxmışdı, sonra isə işə bərpa etmədilər. İndi biz yaşaya bilmirik, necə edək, dərdimizi kimə deyək? Hansı poçta getdim ki, sosial yardım üçün müraciət edim, hamısı dedi, biz qorxuruq. Axırı belə havada qaldım.
Mənim 81 yaşım var. Bu yaşda nə edim, xahiş edirəm, ünvanlı sosial yardım almaq üçün bizə kömək edin”.
Hurriyyet.org

P.S Maraqlıdır ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəbhəri Fazil Talıblı “Hürriyyət”ə açıqlamasında demişdi ki, vətəndaşın ünvanlı sosial yardım üçün müraciət etməsində heç bir problem yoxdur, vətəndaş özü VEMTAS sisteminə daxil olur, özü bacarmırsa, poçta yaxınlaşır, poçdan elektron müraciət edir. Görəsən, poçtlar nazirlikdən qorxursa, vətəndaşlar hara müraciət etsinlər? Sosial yardım üçün müraciət edənlərin bürokratik əngəllərlə üzləşdiyi faktı ortadadır. Yaxşı olardı ki, nazirlik vətəndaşların üzləşdiyi çətinləkləri həll etsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.