Azərbaycanda zənginlər daha da varlanıb, kasıblar isə...

26-03-2019, 08:37           
Azərbaycanda zənginlər daha da varlanıb, kasıblar isə...
Böyük neft pullarının ölkəyə gəlməyə başladığı son 13 ildə (2005-2018-ci illər) Azərbaycan iqtisadiyyatı real olaraq cəmi 2.3 dəfə böyüyüb.

“Yeni Sabah” xəbər verir ki, bunu iqtisadçı Rövşən Ağayev bildirib. O, sual edib ki, iqtisadiyyata yönəldilən resursların - 200 mlrd. dollardan artıq pulun - müqabilində bunu ciddi böyümə saymaq olarmı...

Onun sözlərinə görə, iqtisadiyyata yatırılan hər 10 dollar ən yaxşı halda 1 dollar milli gəlir yaradırsa, iqtisadi sistemin nə dərəcədə effektiv çalışdığını dartışmağa ehtiyac var: “Real böyümə iqtisadiyyatın zənginləşmə səviyyəsini göstərir.

Ev təsərrüfatı ilə müqayisədə, mənzərə daha aydın görünür. İxtiyari bir ailənin 2005-ci ildə 50 min dollar dəyərində bir mənzili və avtomobili vardı, bu gün 100 min dollarlıq sərvətə malikdir. İlk baxışdan ciddi böyümə kimi görünə bilər, çünki öz sərvətini 2-yə qatlayıb. Amma 1 faktı nəzərə alaraq böyümənin ciddi olub-olmadığına qərar verin: təsəvvür edin ki, 13 il ərzində davamlı olaraq ən müxətlif mənbələrdən (kredit, dost yardımı və s. formasında) həmin ailənin sərəncamından sərmayə kimi azı 500-600 min dollar gəlib-keçib. Amma bu qədər geniş investisiya imkanları müqabilində öz sərvətini cəmi 2 dəfə artıra bilib.

Azərbaycan iqtisadiyyatının real böyümə tempi ilə ən zəngin 10%-lik əhali qrupunun varlanma tempini müqayisə etmək çox maraqlı olardı - əgər etibarlı və əhatəli milli statistikamız olsa idi.

Nəzəri olaraq mən təxminən bu fərqi Mərkəzi Bankın pul kəsmə sürətinə nəzərən təsəvvür edə bilirəm: 2005-2018-ci illərdə Mərkəzi Bankın çap maşın hesabına iqtisadiyyata daxil olan pul kütləsinin həcmi 11 dəfə artıb. Bu qədər monetar genişlənmə milli iqtisadiyyatı real olaraq cəmi 2.3 dəfə, nominal olaraq 6.5 dəfə böyüdə bilib. Yəni çap maşının sürəti iqtisadiyyatın qiymət miqyasının sürətini az qala 2 dəfə arxada qoyub.

Bir sözlə, ən üst təpədəki zənginlərin də varlanma sürətini həmin çap maşının sürətinə yaxın təsəvvür edin. Monetar siyasət milli iqtisadiyyatdan çox onların işinə yarayıb”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.