MTN-in BİNASINA 100 MİLYON, DSK-ya 200 MİN… – Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır

18-10-2019, 12:58           
MTN-in BİNASINA 100 MİLYON, DSK-ya 200 MİN… – Təkcə şişirdilmiş xərclərdən yox, həm də lazımsız xərclərdən qurtulmaq lazımdır
Prezident İlham Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirədəki çıxışında xərcləri şişirdərək büdcə vəsaitlərini mənimsəyənlər barədə də danışıb.

Dövlət başçısı deyib ki, hər ilin sonunda büdcə müzakirə olunarkən, sifarişlər göndərirlər: “Özü də orada şişirdilmiş rəqəmlər öz əksini tapır, havadan götürülmüş rəqəmlər. Onlardan soruşanda ki, misal üçün bənd tikmək, yol çəkmək, kabel çəkmək bu qədər vəsait barədə rəqəmi haradan götürürsən!? Havadan. Sonra araşdırma aparılır, görünür ki, şişirdiblər. Nəyə görə şişirdiblər? Aydın məsələdir nəyə görə. Buna da son qoyulmalıdır”.

Təbii ki, büdcə xərclərinin şişirdilməsi korrupsiyanın əsas qaynaqlarından biridir. Prezidentin bu məsələni xüsusi qabartması onu göstərir ki, hökumət korrupsiya risklərini minimuma endirməkdə israrlıdır və büdcə müzakirələri ərəfəsində bu məsələnin gündəmə gətirilməsi təsadüfi deyil. Gələn il sosial xərclərin 5 milyard manata yaxın artımı nəzərdə tutulub. Büdcə xərclərini optimallaşdırmaqla, bu vəsaitin bir qismini rahatlıqla əldə etmək olar.

Bir neçə il əvvəl investisiya layihələrini araşdırırdım. Bəli oldu ki, keçmiş MTN-nin inzibati binasının təmirinə 100 milyon, Statistika Komitəsinin inzibati binasının təmirinə isə cəmi 200 min manat ayrılıb. Təbii ki, real rəqəm 200 min idi, 100 milyon isə sabiq MTN başçısı Eldar Mahmudovun hakimiyyətdəki nüfuzuna görə ayrılan və dəfələrlə şişirdilmiş məbləğ idi.

Ümumiyyətlə, heç bir dövlət qurumu növbəti il üçün büdcə sifarişini cari ildəki qədər və ya ondan az vermir, əksinə, mümkün qədər artıq istəyir. Ancaq heç nəyin dəyişmədiyi halda xərclərin artımını əsaslandıra bilmirlər. Eyni zamanda şişirdilmiş yox, həm də lazımsız xərclərdən də imtina etmək lazımdır. Hansı məntiqlə orta aylıq əmək haqqı 585 manat olan ölkədə məmur 50-100 minlik xidməti avtomobildə gəzməlidir? Məmurun xidməti avtomobilinin qiymət orta statistik azərbaycanlının istifadə etdiyi avtomobildən baha ola bilməz – təxminən 15-20 min qiyməti olan avtomobillər xidməti avtomobil üçün yetərlidir. Və yaxud da dövlət qrumlarının yerləşdiyi inzibati binalar niyə hər il əsaslı təmir olunmalıdır?

Prezident müşavirədə onu da deyib ki, bu məsələni təkcə Maliyyə və İqtisadiyyat nazirliklərinin boynuna atmaq olmaz, eyni zaman da hökumət də nəzarətçi kimi şişirdilmiş bütün o rəqəmləri təhlil etsin və real rəqəmləri müəyyənləşdirsin.

Təbii ki, Maliyyə Nazirliyi dövlətin maliyyə axınlarına məsul qurum kimi şişirdilmiş rəqəmlərdə maraqlı deyil. Əksinə, bir qayda olaraq imkan daxilində minimal xərcənmədə maraqlı olur. Bu tendensiyanı – yəni “pul davasını” adətən parlamentin komitələrində keçirilən büdcə müzakirələrində tam çılpaqlığı ilə müşahidə etmək olur. Aidiyyəti qurumların nümayəndələri bir yana, həmin qurumlara lobbiçilik edən deputatların büdcədən daha çox vəsait qoparmaq üçün yarışa girmələri həmin iclasda iştirak edən jurnalistlərin və ictimaiyyətin gözü qarşısında baş verir. Maliyyə Nazirliy isə hər dəfə büdcənin məqsədli və səmərəli xərclənməsində israrlı olduğunu nümayiş etdirir, ərköyün büdcə təşkilatlarını büdcə intizamına dəvət edir. Ən azından, bu, Maliyyə nazirinin Milli Məclisin iclaslarında həmin “deputat lobbiçi”lərə verdiyi cavablarda açıq şəkildə sezilir.

Eyni zamanda, Maliyyə Nazirliyinin təklifi ilə 2018-ci ildə «Büdcə sistemi haqqında» qanuna dəyişiklik edildi. Dəyişikliyə əsasən, 2019-cu büdcə ilindən başlayaraq xərclərin orta və uzunmüddətli idarə edilməsi üzrə yeni büdcə qaydası tətbiq edilir. Qaydanın tətbiqi dövlət büdcəsinin neft gəlirlərinin dəyişkənliyindən asılılığının azaldılmasına hesablanıb. Eyni zamanda da bu qaydalar neftin bahalaşmasından sevinib xərcləri şişirdən qurumların korrupsiya ehtiraslarının cilovlanmasına hesablanıb. Ancaq siyasi iradə olmadan bu məsələnin kompleks həllinə nail olmaq mümkün deyildi və son müşavirədə də siyasi iradə ortaya qoyuldu.

Qadir İbrahimli
Azpolitika.infoшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.