“Arzularımı həyata keçirib, özümə belə bir dəfn arzu edirəm...”

25-10-2019, 08:55           
“Arzularımı həyata keçirib, özümə belə bir dəfn arzu edirəm...”
Xəbər verdiyimiz kimi Əməkdar artist Aybəniz Haşımovanın dekabrın 6-da Akademik Milli Dram Teatrında konserti keçiriləcək.

Konsert proqramıyla bağlı Moderator.az-a danışan A.Haşımova, bunu təşkil etməkdə məqsədinin tələbələrini təqdim etmək olduğunu bildirdi:

“Əslində bu konsertin mahiyyəti və məqsədi yeni səslərin üzə çıxması, istedadlı tələbələrimin xalqımıza tanınmasıdır. Bizim çox istedadlı tələbələrimiz var, onlara çox gözəl kompozisiyalar hazırlamışam. Ona görə də məkan olaraq Akademik Milli Dram Teatrını seçdik. Konsertin bir hissəsini tələbələrimə həvalə etmişəm. Yeniliklərimiz də olacaq ki, bunu indiyə kimi heç kim etməyib”.

A.Haşımova onun fəxri ad almasını arzulayan həmkarı Firuzə İbadovanın da fikirlərinə münasibət bildirib:

“Mən bir işi görəndə heç vaxt nə dövlətimdən, nə də xalqımızdan nəyisə umaraq etməmişəm. Ömür boyu da belə olacam. Təbii ki, dövlətin hər bir sənətkara, ziyalıya göstərdiyi diqqət onlar üçün xoşdur. O insanlar adından da dövlətimizə təşəkkür edirəm. Kimlərə diqqət göstərilirsə, bu, dövlətimizin onlara sevgisinin bariz bir nümunəsidir. Bunlar gənc müğənnilərə stimul verir. Bu qədər mədəniyyətimiz üçün çalışan insanlar o qədərmi bekardılar ki, fikirləşələr ki, elədiklərimin qarşısında görən dövlət mənə nə verəcək? Bunu düşünməyə vaxtımızmı var? Mənim nə buna həvəsim, nə vaxtım, nə də marağım yoxdur. Mən xalqın sevimlisiyəmsə, güvəndiyi insanamsa, bundan böyük nə ola bilər? Bu gün arzu etdiyim və həyatımda olmayan bir şey yoxdur. Mən nə arzu edirəmsə, Allah da, bəndələr də mənə verir. Çünki mən təmənnasız vətənimə xidmət edirəm. Tələbələrimin hər çıxışı mənim ən böyük mükafatımdı, sevincimdi, fəxrimdi. Onlar yaxşı oxuyanda uşaq kimi ağlayıram. Kaş ki, onların çıxışı zamanı yanımda olasınız, onda siz məni yenidən kəşf edərsiniz. O zman balaca qız idim, amma öz dövrümdə müasir düşüncəli bir insan olmuşam. Həmişə Azərbaycanı azad, müstəqil, öz bayrağı altında görmək istəmişəm. Onda hara gedirdimsə, soruşanda deyirdim ki, Azərbaycandan gəlmişəm. O vaxt Azərbaycanı heç kim tanımırdı, onda nə edirdiksə, hamısı Sovet hökumətinin adına yazılırdı. Hətta fəxri ad verəndə də Sovetin adıyla verilirdi. İndi isə müstəqil Azərbaycanı bütün dünyada tanıyırlar. Bu vaxtilə bizə çox ağrı verirdi. Bundan isə böyük ağrı ola bilməz. Amma bu gün müstəqil ölkəmizdə yaşayırıq. Arzu etməliyik ki, bayrağımız işğal altda qalan torpaqlarımızda sancılsın və bu müstəqilliyimiz heç vaxt uğursuzluğa məruz qalmasın. Bunun üçün çalışmaq lazımdır. Bu gün bizim bir dərdimiz var və o da Qarabağdı”.

Əməkdar artist tələbələri üçün həmişə dövlətdən dəstək gördüyünü deyib:

“Özünüz də şahidisiniz ki, ölkədə islahatlar gedir. Əslində bu çətin işlərdi. İllərlə vəzifədə olan adam ərizəsini yazıb gedir. Strukturu yeniləmək çox çətindi. Özüm bir məktəbdə işləyirəm və balaca bir yerdə nə qədər çətinliklərlə rastlaşıram. İndi baxın bu boyda ölkəni yerbəyer etmək nə qədər çətindi. Mən bütün günü ölkəmizə dua edirəm. Mənim dərdim budur. Dövlətimizdən tələbələrim üçün nə xahiş etmişəmsə, hamısına köməklik ediblər. O uşaqları ölkə başçısının dəstəyi ilə xaricə aparmışam. Ən gözəl işlər bunlar deyilmi, oğlum?”

Əməkdar artist ən böyük arzusunun tələblərini tanınmış bir müğənni kimi görmək olduğunu bildirib:

“Bir gün mən “YouTube” kanalında Məmməd Hüseyn Şəhriyarın dəfn mərasimini gördüm. Həyatımda ilk dəfəydi ki, belə bir şey görürdüm və bəlkə də inanmayacaqsınız, amma mən özümə belə bir dəfn arzulayıram. O çox xoşbəxt bir dəfn idi, xalqın nümayəndələri bir-birini itələyir ki, bircə onun tabutunun altına girə bilsinlər. O, sənətkar nə qədər xoşbəxtdir. Mən bir az başqa cür adamam, bəlkə də özümü xalqa yaxşı təqdim edə bilmirəm. İstəklərim, həyata baxışım, arzularım başqadı. Çox istəyirəm ki, nə qədər həyatda varam, o arzularımı həyata keçirim. Çünki ölüm o qədər yaxındı, bilmirsən ki, bir neçə dəqiqə sonra nə olacaq. Bircə deyirəm ki, Allah, mənə möhlət ver, tələbələrimi yerbəyer edim. Mənim müəlliməm sağlığında müstəqil bir müğənni kimi səhnədən alqışlanmağımı görüb. Mən arzu edirəm ki, tələbələrimin hamısının xalqın tanınmış bir müğənnisi kimi alqışlanmasının şahidi olum. Onlar üçün çox çalışıram. Elə olur 10 saat dərsdə oluram”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.