"Tanrının qırmancı" Böyük Türk Xaqanı - Atilla

2-09-2019, 00:31           
"Tanrının qırmancı" Böyük Türk Xaqanı - Atilla
İlk Qərbi Hun Türklərinin Başbuğu olan Balamirlə başlayan, Basık və Kursıkla davam etdirilən, Ulduz, Karadon və xüsusilə Ruqa kimi xaqanlar tərəfindən böyük bir İmperatorluğa çevrilən Qərbi Hun İmperatorluğunun ən parlaq dövrü tarixi mənbələrdə "Tanrının Qırmancı" adını alan Atillanın adı ilə bağlıdır. Bir çox tədqiqatçıların fikrincə, "Türk ad vermə gələnəyinə görə İtil (indiki Volqa) çayı kənarında anadan olduğu üçün Cahangir Atilə "Atilla" adı verilmişdir" (Bax: Prof.Dr. Laszlo Rasonyi, Tarihte Türklük, Ankara, 1971, səh. 70).
Atilla atası Muncuk erkən öldüyü üçün əmisi Ruqanın yanında olmuş, onun bütün yürüşlərində yaxından iştirak etmiş, ondan hərb sənətini, politikanı və dövləti idarə etmə siyasətini öyrənmiş, səfərlərdə olduğu müddətdə müxtəlif qövm və xalqları yaxından tanımış, Qərbi Hun İmperatorluğunun yaranmasında əvəzsiz xidmətlər göstərmişdir. Əmisi Ruqanın 434-cü ildə ölümündən sonra dövlətin bütün yönətimini əlində toplayan 40 yaşlı Atilla böyük qardaşı Buda ilə (bəzi mənbələrdə Bleda - Bax: Rasonyi, göstərilən əsəri, səh. 69) birlikdə bir çox yerləri fəth edərək Bizans İmperatorluğunu vergi verməyə məcbur etmiş, onlara Hunlara qarşı hər hansı bir qövmlə ittifaq bağlamağı qadağan etmiş, Germanları, Qotları, Suebləri, Gepidləri, Slavyanları, Antları, Venedaları, Sklavenləri, Farsları, Alanları, Sarmatları, Neurları, Baştermaları, Finləri, Uqorları, Cudları, Vidavariləri və 50-yə qədər müxtəlifdilli və soydan olan qövm və xalqları öz itaəti altına alaraq bir siyasi birlik oluşdurmuşdu. Atilla qardaşı Buda ilə birlikdə Hun İmperatorluğunun sərhədlərini Danimarka və Ren çayı ətrafından İrana, oradan da Altaylara qədər genişləndirmişdi.
Hələ 436-cı ildə baş verən Hun-Burqond mücadiləsi sonda Hun Türklərinin qələbəsi ilə nəticələnmiş, bütün Germaniya Türk-Hun idarəsinə alınmışdı. Marqus yepiskopu Konstantia ətrafındakı qiymətli əşyaları ilə birlikdə dəfn olunan Hun böyüklərinin məzarlarını yağmalamasından qəzəblənən Atilla 440-cı ildən etibarən Bizansa qarşı basqını artırmış və iki hərbi yürüşü nəticəsində bütün Balkanları da öz İmperatorluğuna tabe etdirmiş, Konstantinopolu mühasirəyə almış, lakin Bizans İmperatoru II Theodosiosun Atillanın bütün tələblərini yerinə yetirmək şərtilə tarixdə məşhur "Anatorlius sazişi" bağlanmış və Bizans hərb təzminatı olaraq 6000 librə altun ödəmiş və illik vergini də üç qat ödəməyə söz vermişdi. İllik vergini üç qat ödəmək Bizans üçün ən ağır şərt idi. Hər il bu qədər altun tədarük etmək Bizans İmperatoru üçün ölümə bərabər idi. Şaşıran İmperator Theodosios sarayın nüfuzlu şəxslərinin tövsiyyəsi ilə qəribə bir qurtuluş yolu düşünərək Atillanı gizli bir sui-qəsd yolu ilə aradan götürməyə səy göstərmiş, lakin sui-qəsdin üstünü açan Atilla Bizans heyətinin heç bir üzvünə, o cümlədən də sui-qəsdi yerinə yetirəcək olan Biqilasa toxunmamış, əvəzində Bizans İmperatoruna öz elçisi vasitəsilə aşağıdakı məzmunda tarixi bir məktub göndərmişdi. Bu tarixi məktubda göstərilmişdi ki, "Theodosios da Atilla kimi nəcabətli bir atanın oğludur. Atilla atası Muncukdan aldığı nəcabəti mühafizə etmişdir. Theodosios isə Atillanın xərac ödəyəni olmaqla kölə durumuna düşmüşdü. Theodosios köləlik heysiyyatını da qoruya bilməmişdir. Çünki ağasının (yəni Atillanın - A.M.) canına qıymaq istəmişdir" (İqtibas İbrahim Kafesoğlunun "Batı (Avropa) Hunları" yazısından götürülmüşdür. Bax: Türk dünyası, I cild, Ankara, 1992, səh. 121).
Bu məktubdan sonra Bizans İmperatoru Theodosios Atillanı sakitləşdirmək üçün yeni bir nümayəndə heyəti göndərərək faktiki olaraq Atillanın vassallığını qəbul etmişdi. İmperator Theodosiosun şəxsində Bizansı tamamilə öz idarəsinə tabe qəbul edən Atilla artıq Qərbi Romanı da özünə tabe etmək zamanının yetişdiyi qənaətinə gəlmişdi.
445-ci ildə qardaşı Budanın öz əcəli ilə ölümündən sonra bütün Qərbi Hunların idarəçiliyini öz əlində cəmləşdirən Atilla yeni qonşuları ilə mədəni və ticarət əlaqələri yaratmışdı. Atilla dönəmində İmperatorluğun doğu qanadını əmisi Aybars, batı qanadını isə digər əmisi Oktar mühafizə edirdi.
Bizans İmperatoru II Theodosiosdan sonra xələfi Markianos Qərbi Romanın yardımına güvənərək xərac ödəməyi rədd edincə Atilla Qərbi Roma ilə hesablaşmağa qərar vermişdi. Hun dövlətinə illik vergilərini müntəzəm ödəyən Qərbi Roma İmperatorluğu vəziyyətdən istifadə edərək ayrı-ayrı Avropa "Barbarları" ilə münasibətlərini tənzimləmiş, onlardan aldığı muzdlu əsgərlərlə Türk-Hun üsulunda çoxu yeni süvari birliklərindən ibarət ordu yaratmış, Hunlara bağlı bəzi qövmlərlə gizli əlaqələr yaratmağa başlamışdı. Bütün bunları nəzərdən qaçırmayan Atilla da öz hazırlıqlarını yapmış və ilk diplomatik təzyiqini Romaya göstərərək Roma İmperatoru III Valentinianusun bacısı, "Atilla sevdalısı", "Auqusta" ləqəbli Honorianı almağa razı olduğunu bildirmiş və cehiz olaraq İmperatorluğun onun payına düşən yarısını və ya Honorianın əri kimi Roma İmperatorluğunun idarəçiliyində iştirak haqqını tələb etmiş, rədd cavabı alınca o dövr dünyasının iki böyük İmperatorluğu - Hun İmperatorluğu ilə Qərbi Roma İmperatorluğu - arasında tarixdə məşhur 20 iyun 451-ci il müharibəsi baş vermişdi. Cəmi 24 saat sürən və hər iki tərəfdən böyük itkilər hesabına sonuclanan bu müharibədə qalib müəyyən olmasa da tarixi mənbələr göstərir ki, Atilla bu və ya digər dərəcədə öz məqsədinə çatmış, Romanın əsas müttəfiqlərinin savaş gücünü qıraraq Romanı dəstəksiz buraxmağa nail olmuş və üstündən bir il keçmədən Atilla İtaliya səfərinə çıxmışdı. Artıq bu dövrdə Romanın Hun Türklərinə qarşı qoyacaq qüvvəsi qalmamışdı.
Atilla 452-ci ilin baharında yüz minlik ordusu ilə Julia Alplarından keçərək bugünkü Venediki tutmuş, oradakı məşhur Aquillia qalasını ələ keçirdikdən sonra Po ovasına daxil olmuş, Aemilia bölgəsini işğal edərək Roma İmperatorluğunun o zamankı paytaxtı Ravennanı təhdid altında saxlamışdı. Belə bir vəziyyətdə saray əndişəyə, xalq təlaşa düşdüyündən senat təcili sülh bağlamaq haqqında qərar qəbul etmiş, kilsə də bu arzuya tərəfdar çıxınca təcili bir heyət hazırlanmış, məşhur Roma Papası I Leonun (Tarixdə məşhur Böyük Leon - A.M.) başçılığı ilə nümayəndə heyəti Atillanın qəbuluna yollanmışdı. Roma Papası I Leon Türk Xaqanı Atillanın ayağına döşənərək Roma İmperatoru və bütün xristianlar adından Romanı bağışlamasını xahiş etmişdi. Bizans kimi Romanın da bu hərəkətini təslimçilik kimi qəbul edən Atilla Papanı Türk törəsinə uyğun olaraq ayağa qaldırmış, öz yanında oturdaraq onun xahişini yerinə yetirəcəyinə söz vermiş və öz sözünə əməl edərək Romaya girməmişdi.
Bu hadisəni qeyd edən tarixçilər göstərirlər ki: "Atillanın memarlıq abidələrinə və incəsənət əsərlərinə sayğı ilə yanaşması onu alicənablığa sövq etmişdi. Atillanın bu alicənablığı ilə 410-cu ildə Romanı xarabazara çevirən Qot hökmdarı Alarikdən və 453-cü ildə müqəddəs şəhəri yandıran Vandalların (Vandalizm termini bu Vandalların adı ilə bağlıdır - A.M.) hökmdarı Geiserikdən nə qədər yüksəkdə durduğunu" tarixə sübut etmişdir. Bütün bunları nəzərə alan Avropanın qərəzsiz tarixçiləri yazmışlar ki: "Atillanı nəfsinə hakim, son dərəcə ciddi, böyük işlər görməyə qadir və müstəsna yaradılışa malik olan dövlət adamı kimi tanıyırıq" (Bax: Alfoldi Andras, Atilla və Hunlar, Budapeşt, 1941; Rasonyi, göstərilən əsəri, səh. 70).
Digər bir tədqiqatçı F.Lot da Atillanı qədim dövrün digər hökmdarları ilə müqayisə edərək göstərmişdir ki, Atilla Roma İmperatorları və onların müşavirlərindən fərqli olaraq içdiyi andı hələm-hələm pozmazdı. (İqtibas Rasonyinin göstərilən əsərindən götülürmüşdür. Bax: səh. 70-71).
Atilla sağlığında artıq bütün Batı Asiya və Orta Avropaya hakim olmuş, istər Şərqi, istərsə də Qərbi Roma İmperatorluqlarında ona qarşı dura biləcək bir qüvvə qalmamışdı. Artıq növbə üçüncü bir İmperatorluq olan Sasanilərə çatmışdı. Əgər Atilla Sasaniləri də məğlub etsəydi o dövrdə dünya hakimiyyətinə yiyələnmiş olacaqdı. Bir psixoloji təsir vasitəsi olaraq o çağlarda Dünya hakimiyyətinin rəmzi sayılan "Aresin Qılıncı"nı da guya Tanrı Atillaya ərməğan etmişdi. O dövr müəllifi Priskosa görə (Priskos Atillanın görüşlərində şəxsən iştirak edən Bizans nümayəndə heyətinin katibi olmuşdur - A.M.): "Uzun zamandan bəri qeyb olan bu "Müqəddəs Qılınc" bir Hun çobanı tərəfindən bulunaraq Atillaya gətirilmişdi. Artıq dünyanın fəthi yaxınlaşmışdı. Zira bu "Qılınc" vasitəsilə Yer üzünə hökm etmək yetkisinin Tanrı tərəfindən Atillaya ərməğan edildiyinə inanılmağa başlanılmışdı" (İqtibas İbrahim Kafesoğlunun "Batı (Avropa) Hunları" yazısından götürülmüşdür. Bax: Türk dünyası, I cild, Ankara, 1992, səh. 121).
Atillanın 453-cü ildə xəyanətlə zəhərlənərək ölməsi onun Sasanilər üzərinə yürüşünü gerçəkləşdirməyə imkan verməmişdi. Hun Türkləri xaqanları Atilla üçün böyük cənazə törəni düzənləmişlər. Savaş oyunları ilə başlamış bu törənlər günlərcə davam etmişdi. Məzarı bu gün belə aranmaqdadır. Ruhu şad olsun.
Latın və Bizans mənbələri Atillanı daha mübaliğəli, çox xəyali və əfsanəvi bir şəkildə təsvir etmişlər. Bizans tarixçisi Priskos Rhetor Hunların Atillanın İlahi bir mənşədən gəldiyinə inandıqlarını, buna etiraz edənlərə çox hiddətləndiklərini, dünyanın özlərinə aid olduğu əqidəsi ilə fəth və müharibələr etdiklərini, Hun sarayında bu inancın hökm sürdüyünü, Atillanın paytaxta daxil olarkən Hun qızlarının onu türkülərlə qarşıladıqlarını, axşamlar Atillanın ziyafətlərində Hun ozanlarının onun zəfərlərini və savaşda göstərdiyi qəhrəmanlıqlarını öydüklərini qeyd etmişdi.
Digər bir Bizans elçisi İordanes də Atillanın İlahi qüdrət tərəfindən dünyanın hökmdarı təyin edildiyinə, ona verilən əfsanəvi qılıncın da Tanrının ona bir hədiyyəsi olduğuna və onu bu İlahi qüdrətin idarə etdiyinə inandığını bildirmişdi (Seçmələr bizimdir. Bax: Rasonyi, göstərilən əsəri, səh. 34-35; Prof.Dr. Osman Turan, Türk Cihan hakimiyeti mefkuresi tarihi, səh. 35, 43, 84, 95).
Hunlar öz xaqanları Atillanın Tanrı tərəfindən göndərildiyinə, dünya hakimiyyətinin onlara verildiyinə, özlərinin isə Tanrı əsgərləri olduqlarına necə inanırdılarsa, Avropalılar da eləcə Atillanı "Tanrının Qılıncı" saymış və xristianların günah işlətdiklərinə görə Tanrının onları cəzalandırmaq üçün Atillanı göndərdiyinə qane olmuşdular. Avropalılar həmçinin Oğuz Xaqana, Göy Türklərə yol göstərən əfsanəvi Bozqurdu Hunlara yol göstərən əfsanəvi "Xallı Maral" kimi təsvir etmişlər. (Bax: S.Eckhardt, Atilla və Hunlar, İstanbul, 1962, səh. 113-116; A.Thompson, A History of Attila, Oxford, 1948, səh. 89). Ümumiyyətlə, Atilla Avropa xalqlarının hafizəsində ölümsüzlüyə ulaşmış tarixin nadir şəxsiyyətlərindəndir. Britaniyada, Skandinaviyada və bütün Orta Avropa və Balkanlarda əsrlərcə ağızdan-ağıza dolaşan əfsanələr yaranmış, romançılara, rəssamlara, heykəltəraşlara mövzu olmuş, haqqında ən çox əsər yazılan şəxsiyyətlərdən biri səviyyəsinə yüksəlmiş, dramaturqlara, bəstəkarlara, rejissorlara ilham vermiş, adına bir sıra dram əsərləri yazılmış, operalar bəstələnmiş, kinolar çəkilmişdir. Son yarım əsrdə yazılan tərəfsiz tarixi araşdırmalar Atillanı xristian orta çağının təəssüb qoxulu uydurmalarından arındırıb onu xeyirxah, sevimli, çox yüksək vəsflərə malik bir hökmdar olaraq tanınmasını təmin etmişdi.
Atillanın səfərləri, savaşları və həyatı bir bütün olaraq əfsanələşmiş, mifləşmiş, xalqı tərəfindən İlahi bir gücə malik, təbiətüstü bir varlıq kimi vəsfləndirilmiş, onun başarılarından irəli gələn ad-sanı bütün Avropanı lərzəyə salmışdı. Dünya tarixinin ən böyük ordu komandanlarından və dövlət başçılarından biri olan Atilla savaşı çox sevməklə bərabər ağlını daha çox işlətmiş və bununla da bütün istəklərinə nail olmuşdu. O, savaşçı bir İmperator olmaqla bərabər çox həssas bir insan olmuş, mədəniyyət və sənətə yüksək qiymət vermiş, savadlı insanlara böyük sayqı göstərmiş, onlara dövlətdə yüksək vəzifələr vermişdi. Böyük törən və şənliklərə səhnə olan sarayı çox ehtişamlı bəzənsə də Atilla sadəliyi sevmiş, sadə geyinmiş, qardaşı Buda və digər hökmdarlar kimi dəbdəbəli əyləncələrə aludə olmamışdır. Əfsanə və miflərə, şaman və falçılara çox inanan Atillanın özü də əfsanələşmiş, mifləşmişdir. Bizans, Roma və bütün Orta Avropa və Balkan ölkələrində "Atilla əfsanələri" çox yayılmışdı. Bu əfsanələr hətta bu gün də yaşamaqdadır. Tarixən bir çox ölkələrdə üzərində Atillanın rəsmləri olan bir sıra paralar buraxılmışdır.
Atilla "Etzel" adı altında müdrik bir kral sifətilə ən qədim Alman xalq ədəbiyyatının şah əsərlərindən biri olan "Nibelunqenlied" dastanının əsas qəhrəmanlarından biri kimi təsvir olunmuşdur.
Tarixi mənbələrdə "Tanrının Qırmancı" sayılan Atillanın məşhur bir vəsiyyəti öz əksini tapmışdır. Bu vəsiyyətində Atilla göstərmişdi ki: "Tək ataya və irqə dayanan bir milləti zəifdir. Bizə (oxu: Hun Türklərinə - A.M.) qatılmaq istəyən bütün yabançılara qucaq açmaq, onlara sayqı göstərmək, dilimizi, adət-ənənələrimizi öyrətmək vəzifəmizdir". Bunun nəticəsi idi ki, Atillanın dühası sayəsində qurulan İmperatorluqda Asiyadan gələn Türklərlə Doğu və Orta Avropanın, həmçinin Balkanların müxtəlif irq və cinsdən olan qövmləri bir-biri ilə qaynayıb-qarışmış, hakim Türk ünsürünün qüvvətli və güclü hərbi təşkilatı altında bir arada yaşamış və fəaliyyət imkanı bulmuşdular. Hun Türkləri vasitəsilə Avropaya yeni qan gəlmiş, özləri Avropada ərisələr də Macarlar, Bolqarlar və s. kimi yeni xalqlar meydana gətirmişlər.
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru,dosent












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.