Azərbaycan milliyyətçilərinə çağırış edən Sedat Peker kimdir?

2-11-2019, 10:36           
Azərbaycan milliyyətçilərinə çağırış edən Sedat Peker kimdir?
Türkiyənin tanınmış iş adamı, “yeraltı dünya”nın (mafiya) lideri Sedat Peker sosial şəbəkədəki hesabında Azərbaycanda baş verən küçə aksiyalarına münasibət bildirib. Peker Bakıdakı son hadisələrin “imperialist düşmən qüvvələr” tərəfindən təşkil olunduğunu iddia edib, hər kəsi ayıq olmağa çağırıb. O deyib ki, lazım olsa, bütün dünyadakı türklər birləşib Azərbaycan dövlətini və İlham Əliyevi qoruyacaq.

Sedat Peker açıqlamasında baş verənləri Türkiyədə 2013-cü ildə baş vermiş “Gəzi parkı hadisələri” ilə müqayisə edərək prosesi xarici güclərin provokasiyası adlandırıb: “İmperiyalizmin asılılığına qarşı mübarizə aparan şanlı ölkəmizə dəstək verən qardaş Azərbaycanın küçələrinin qarışdırılmasını sizlərdən gözləmirik. Bu hadisələr də Azərbaycan dövlətinin ”Gezi olayları"dır. Yaxşı niyyətlə haqqını tələb etmək üçün yola çıxanlar bəhanə edilib bütün Azərbaycanı xaosa sürükləməyə çalışmaqdır. Azərbaycanda bir neçə ay əvvəl qazilərimizə qarşı edilən xoş olmayan davranış səhv idi. Ancaq o səhvin məsuliyyəti ilə yola çıxıb ölkəni xaosa sürükləməyə çalışmaq, heç kimin xətrinə dəyməsin, məncə, xainliyə bərabərdir. Haqqını tələb etmək üçün yola çıxdığını söyləyən saf qardaşlarımız, bu yalana inanmağa davam etsəniz, haqq tələb edəcəyiniz bir ölkənizin belə qalmayacağı, imperialistlərin oyuncağı olacağınızı görürsünüzmü?"

Açıqlamada Azərbaycan xalqına müraciət edən Peker tərəfdarlarını ölkə prezidentini müdafiə etməyə çağırıb: “Azərbaycanda yaşayan bütün qardaşlarıma səslənmək istəyirəm. Bütün hər kəs Azərbaycanda tərtib olunan bu oyunun parçası olmağı qəbul etsə də, tarixdə Difai təşkilatını qurub, vətənin müdafiəsinə qalxan Gəncə milliyyətçiləri ilə birlikdə bütün dünyadakı türk milliyyətçiləri, həm Azərbaycan dövlətini, həm də onun imaməsi sayılan İlham Əliyevi ölümləri bahasına qoruyacaqlar. Azərbaycanlı milliyyətçi qardaşlarımız bunu unutmasınlar ki, təsbeh imaməsi itəndə dağılır”.

Qeyd edək ki, Peker Türkiyədə xeyli dərəcədə məşhur olan iş və cinayət dünyasının nüfuzlu şəxslərindən biridir. Lakin eyni zamanda siyasətdə və ictimai sektorda kifayət qədər məşhur və adı qalmaqallara səbəb olan biridir. Zaman-zaman qalmaqallı açıqlamalar verən Peker cinayət aləmindən gəlir.

Sedat Peker 1971-ci ildə Türkiyənin Sakarya vilayətində dünyaya gəlib. Ailəsi əslən Rizə vilayətindəndir. Peker uzun müddət Almaniyada yaşayıb, milliyyətçi camiə içərisində olub. Almaniyada və Türkiyədə avtomobil ticarəti ilə məşğul olub. 1997-ci ildə Rizədə Abdullah Topçu adlı qaçaqmalçının öldürülməsində ittiham olunsa da, məhkəmədə bəraət alıb. 1998-ci ildə S.Peker reketlik, qətl təşkil etmək və daha bir çox cinayətlərdə ittiham olunaraq axtarışa verilib. Həmin vaxt Rumıniyada olan Peker Türkiyəyə gəlib və 12 tərəfdarı ilə birlikdə mühakimə olunub. Ancaq bir il çəkən prosesdən sonra Peker azad edilib. Bu müddətdə Peker 8 ay həbsdə qalıb.

Sedat Peker bir də 2005-ci ildə İstanbulda Qaçqamalçılıq və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə polisinin keçirdiyi “Kəpənək əməliyyatı” nəticəsində həbs olunub. 2007-ci ildə məhkəmə Pekeri 14 il azadlıqdan məhrum edir. Onun barəsində daha bir səs-küylü məhkəmə prosesi cinayətkar təşkilat qurmaq, iş yerinə silahlı basqın, yaralama, azadlıqdan məhrum etmə, qarət və saxta pasportdan istifadə kimi cinayətlərlə bağlı olub.

Bundan başqa, “Ergenekon” prosesində “silahlı terror təşkilatı qurmaq” ittihamı ilə mühakimə olunub. Bu prosesdə “Kəpənək əməliyyatı” işinə görə yenidən mühakimə olunub və cəzası daha 15 ay artırılıb. 2013-cü ildə isə İstanbul 13-cü Ağır Cinayətlər Məhkəməsi “Ergenekon” prosesində Pekerə 10 il həbs cəzası verib. Lakin bir il sonra bu cəza həbsdə olduğu müddət 5 ili keçdiyi üçün ləğv olunub.

Ancaq bütün bu dalbadal məhkəmə proseslərinə baxmayaraq Peker həm də xeyriyyəçi iş adamı kimi fəaliyyət göstərib. Kocaeli Spastik Əlillər Dərnəyi və Erkən Doğulmuş Uşaqların qorunması Dərnəyi kimi qurumlara yardımları ilə gündəmə gəlib. 2015-ci ildə Ruhi Xəstələrin Reabilitasiyası Fondu tərəfindən “yardımsevər iş adamı” kimi mükafatlandırılıb. 2015-ci ildə Suriyanın Türkmən Dağı bölgəsində yaşayan türkmənlərə yardımları ilə yenidən medianın gündəminə gəlib. 2015-ci ilin noyabrında Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin təşkil etdiyi Dünya Qarapapaq Türkləri festivalında Pekerə “Türklük Xaqanı” adı verilib.

2008-ci ildə Özge Yılmaz adlı qadınla ailə qurub. Bu nikahdan Sərdar Han Peker, Boğaçhan Talha Peker, Celal Han Peker, Filiz Lina Peker adlı uşaqları anadan olub.

Peker son illərdə tez-tez Türkiyə hakim partiyası, xüsusən də prezident Ərdoğana dəstək verməsi ilə gündəmə gəlib. Hər dəfə seçkilər öncəsi çağırış edən Peker hakimiyyətə səs verməyə çağırır.
“Yeni Müsavat”шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.