ABŞ türk dünyasında nüfuzunu itirir - erməni sevdası...

6-11-2019, 09:37           
ABŞ türk dünyasında nüfuzunu itirir - erməni sevdası...
ABŞ-ın siyasi elitasında təəssüf ki, erməni təəssübkeşləri də çoxdur. Amerikada Azərbaycanın və ya Türkiyənin yanında dayanan konqresmen, senator çox azdır.

Halbuki bu, Amerikanın strateji maraqlarına tam ziddir. Çünki Vaşinqtonun türk dünyasındakı nüfuzuna, imicinə mənfi təsir edir.

Digər tərəfdən, Ermənistan Rusiyanın orbitindən kənara çıxa bilməyən, onun müttəfiqi və forpostu olan dövlətdir.

Azərbaycan isə fərqli olaraq Moskvaya biət etməyən, öz müstəqil xarici siyasətini müəyyənləşdirən dövlətdir.

Ancaq ABŞ Konqresi ermənilərə maliyyə yardımı ayırır, Nümayəndələr Palatası qondarma soyqırımla bağlı qətnamə qəbul edir. Bu siyasətdə xristian təəssübkeşliyi də az rol oynamır.

Bəzi iddialara görə, Türkiyənin təklənməsində xristian amili son dərəcə qabarıqdır. ABŞ başda olmaqla, bütün Qərb ölkələrində ciddi şəkildə anti-Türkiyə təbliğatı gedir.

Məsələn, Almaniyada keçirilmiş sosioloji sorğuya əsasən, almanların yalnız 18 faizi Türkiyənin NATO-da qalmasının tərəfdarıdır. Halbuki Türkiyə ABŞ-dan sonra NATO-da ən güclü orduya malik ölkədir.

Ümumiyyətlə, ABŞ konqresmenləri müharibədən əziyyət çəkən qarabağlılara indiyə qədər bir qəpik yardım etməyiblər. Ancaq azərbaycanlıların torpağında oturan ermənilərə ilbəil yardım olunur.

Bu sevginin sirrini açmaq çətin olsa da, ABŞ-ın regiondakı reputasiyasına heç də uyğun gəlmir.

Bundan başqa, son zamanlar ABŞ Konqresinin ermənipərəst nümayəndələrinin Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərləri intensiv xarakter daşımağa başlayıb.

Konqresdəki erməni lobbisi var gücü ilə işğalçılığı stimullaşdıran və separatizmə nəfəs verən addımlarını davam etdirməkdədirlər.

Əslində ABŞ Konqresinin nə dərəcədə “ədalətli” olduğunu biz bu gün, konqresmenlərin Qarabağa qeyri-qanuni səfərləri ilə deyil, hələ 1992-ci ildən-Azərbaycan ordusu Ağdərə əməliyyatını uğurla keçirib, terrorçuları və separatçıları məhv edəndən, Xankəndinin bir neçə kilometrliyinə çatan zaman şahid olmuşuq.

O zaman “Konqres Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi qəbul etməklə faktiki olaraq təcavüzə məruz qalmış ölkəmizə qarşı sanksiya tətbiq etmiş oldu. Sonrakı dönəmdə bu sanksiya dondurulsa da, hələ ki ləğv edilməyib.

Məhz bundan şirniklənən ermənilər vaxtaşırı Konqresdə Ermənistana və Dağlıq Qarabağdakı separatçılara maliyyə yardımının ayrılması barədə təşəbbüs qaldırırlar.

Təxmini hesablamalara görə, ABŞ bu günədək Ermənistana və Qarabağ ermənilərinə müxtəlif adlar altında 2 milyard dollardan artıq yardım ayırıb ki, bu da son nəticədə işğalın davamına yönəldilib.

Politoloq Tofiq Abbasovun “Yeni Müsavat”a bildirdiyinə görə, ABŞ-da lobbiçilik fəaliyyəti çoxşaxəlidir: “Amerikada rüşvət, korrupsiya oturuşmuş hal almasın deyə lobbiçiliyi rəsmiləşdiriblər. Bu minvalla konqresmenlər hər il həm qazanc, həm populyarlıq əldə edirlər. Eləcə də etnik və dini qruplara lazım olduqlarını göstərirlər.

Heç şübhəsiz ki, xristian təəssübkeşliyi də bu məsələdə vacib rol oynayır. Ermənilər dünyaya səpələniblər. 100 ildir ki, bu şəbəkəni qurublar. Onlar Cənubi və Şimali Amerikada, əsasən də Avropada yerləşiblər. Bizdən fərqli olaraq ermənilər açıq həyat tərzi sürürlər. Hansısa erməni ona yardım edən erməni porno ulduz Kim Kardaşyana görə utanmır. Çünki mental düşüncələrinə yad deyil. Bu baxımdan ermənilər dünyaya inteqrasiyada bütün imkanlardan istifadə ediblər".

Onun sözlərinə görə, ermənilərin ağlamaq, ah-vay etmək xüsusiyyəti var: “Onlar bununla diqqət çəkirlər və sədəqə almağa meyllidirlər.

İndi qondarma soyqırımı məsələsi dünyanın gündəliyinə salınıb və çalışırlar ki, bu işi məntiqi sonluğa yaxınlaşdırsınlar. Burada merkantil yanaşma da var. Ermənilər istəyirlər ki, Türkiyədən təzminat alsınlar. Bu cür oyunbazlıq onlarda milli siyasi “brenddir”.

Amma biz ağlamağı, mərasim qurmağı, mərsiyə deməyi bacarmırıq. Bu da onların özlərini alçatmağa meylli olmasıdır.

Bunlar öyünürlər ki, bizi vurublar, döyüblər. Yəni aramızda belə psixoloji qabarıq fərqlər var. Ermənilər kimlərinsə ürəyində yazıq adam fikri yaratmağa, kövrək hissləri oyatmağa meyllidirlər".

Ekspert hesab edir ki, senatlar, konqresmenlər özlərini demokratiya qəyyumu, çarcısı kimi təqdim etməyə çalışıblar: “Bəşər Əsəd deyir ki, Trampı qəbul edirəm. Çünki o, səmimi şəkildə boynuna alır ki, Suriyaya neftə görə gəlib. Senatlar, konqresmenlər isə saxtakar şəkildə özlərini demokratiya qaranquşu kimi aparırlar. Ümumiyyətlə, Amerikanın Yaxın Şərqdə, müsəlman dünyasında siyasəti budur ki, həmin ölkələr onun transmilli şirkətlərinin əlinə baxsınlar”.

Nümayəndələr Palatasının qondarma soyqırımla bağlı qətnamə qəbul etməsindən sonra Türk dünyasında Amerikaya münasibətin necə olacağına gəlincə, T.Abbasov bildirdi ki, ilk dəfə belə hadisə olmur: “Amerikanın regiondakı rolu həmişə təhlükəli və qeyri-obyektiv olub. Biz 907-ci düzəlişin hansı şəraitdə edildiyini bilirik, Qarabağda ermənilərin halına guya yandılar. Amma Naxçıvanın dərdinə şərik çıxmadılar. Amerika diplomatiyası ”parçala hökmranlıq et" siyasətidir və “kürd dövləti” ideyası da buradan qaynaqlanır. Türkiyə və Azərbaycan baş verənlərə biganə qala bilməz. Sadəcə, pərdə arxasında oyunlar gedir və elitaların işi ağırdır. Toplumlar isə daha azaddır və münasibətini olduğu kimi açıqlaya bilir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.