Venesuela da razılaşdı, Səudiyyə Ərəbistanı isə susur - Neftin taleyi həll olunur

5-02-2016, 13:50           
Venesuelanın neft naziri Euloxio del Pinonun bəyanatı dünya neft bazarına nəzərə çarpacaq dərəcədə təsir edib.

Euloxio del Pino

Onun sözlərinə görə, OPEC-ə üzv ölkələrin təxminən yarısı, həmçinin kartelə daxil olmayan neft hasilatçıları “qara qızıl”ın qiymətinin sabitləşməsi məqsədi ilə təcili görüşdə iştiraka razılıq verib. Lakin onların arasında OPEC-in əsas oyunçusu Səudiyyə Ərəbistanı yoxdur.

Rusiyanın NTV telekanalına istinadla xəbər verilir ki, Venesueladan başqa İraq, Əlcəzair, Nigeriya, Ekvador və İran da danışıqlarda iştirak etməyə razılığını bildirib.

Neft naziri həmkarlarını hasilatın azaldılmasına və bununla da 2014-cü ildən bəri 50 faiz aşağı düşən qiymətləri sabitləşdirməyə inandırmaq üçün hazırda neft hasilatı ilə məşğul olan ölkələrə səfər edir. O, Rusiya və İrana səfərini başa vurub. Euloxio del Pinonun dediyinə görə, Oman artıq danışıqlarda iştiraka razılıq versə də, karteldə əsas söz sahibi olan Səudiyyə Ərəbistanı hələ fikrini bildirməyib.

Bir qədər əvvəl Ər-Riyad hasilat həcmini dəyişməyin əleyhinə olduğunu bildirmişdi. Ekspertlərin fikrincə, Səudiyyə Ərəbistanı bununla ABŞ-ın şist yataqlarından hasil olunan neftini bazardan çıxarmaq niyyətindədir. Eyni zamanda, qiymətlərin ucuzlaşması ərəblərin özlərini də bu ilin büdcəsinə yenidən nəzər salmağa və dövlət müəssisələrini özəlləşdirmək barədə düşünməyə vadar edib.

Hazırda Venesueladan gələn xəbərlər fonunda WTI markalı neftin barrelinin qiyməti təxminən 2,5 dollar bahalaşaraq 32,5 dollara çatıb, Brent markalı neftin barrelinin qiyməti isə 35 dollardan yuxarı qalxıb. (AZƏRTAC)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru