İrəvan “İsgəndər” tələsinə düşdü: - Bakı ABŞ-dan hansı silahı alır?

27-11-2018, 12:25           
 İrəvan “İsgəndər” tələsinə düşdü: - Bakı ABŞ-dan hansı silahı alır?Azərbaycanın aparıcı ixracatçıların istehsalı olan ən müasir silahları alması və istifadəsi səbəbindən Ermənistanda çaxnaşma davam edir. Bu yaxınlarda Avropa Araşdırmaları Mərkəzinin rəhbəri Artur Qazinyan bildirib ki, Azərbaycan artıq ABŞ silahları almağa razılıq verib, ancaq Qazinyan söhbətin hansı silahlardan getdiyini söyləməyib. Bu zaman Ermənistanın Baş Qərargahı isə Ermənistan Silahlı Qüvvələrinin ixtiyarındakı rus istehsalı “İsgəndər”lərin varlığını nümayiş etdirməyə çalışıb.

Hərbi ekspert Üzeyir Cəfərov Axar.az-a açıqlamasında bildirib ki, Ermənistan “İsgəndər” əməliyyat-taktiki raket sisteminə malik deyil.

Onun sözlərinə görə, sözügedən raket kompleksi Ermənistana 2016-cı ilin aprel ayındakı sarsıdıcı məğlubiyyətdən sonra bu Cənubi Qafqaz ölkəsinin daxili auditoriyasını sakitləşdirmək üçün Gümrüdəki 102 saylı rus hərbi bazasından icarəyə verilmişdi.

“Biz o zaman səfirliklərdən birindəki dostlarımız vasitəsilə hərbi attaşedən öyrəndik ki, ermənilər bu əməliyyat-taktiki raket sistemlərini 102 saylı bazadan icarəyə götürüblər. Bu faktlar sonradan Müdafiə Nazirliyindəki böyük istefa ilə təsdiqini tapdı və ermənilər sadəcə olaraq tələyə düşdülər”, - Cəfərov bildirib.

Ekspertin sözlərinə görə, Azərbaycana bu raketlər lazım deyil:

“Bu əməliyyat-taktiki raketlər bizim nəyimizə lazımdır axı? Bunlar Rusiya, Türkiyə, Hindistan kimi böyük ölkələr üçün gərəklidir. Bu gün sahib olduqlarımız təhlükəsizliyimizi tam təmin etmək üçün kifayət edir. SSRİ vaxtında cənub istiqamətində ən güclü HHM sistemlərinə Bakı hərbi dairəsinin sahib olduğu nəzərə alınmalıdır”, - hərbi ekspert bildirib.

Cəfərovun sözlərinə görə, Azərbaycan son illərdə İsrail, Pakistan, Rusiya və Belarusdan bir çox güclü silah alıb və öz təhlükəsizliyini tamamilə təmin edə, istənilən təcavüzdən müdafiə oluna bilər.

“Əgər Ermənistan hansısa möcüzə ilə “İsgəndər”ləri əldə etsə və Azərbaycana zərbə vura bilsə, o zaman Naxçıvandan elə bir öldürücü zərbə alacaq ki, heç bu raketin haradan və necə uçduğuna dair nəticələri öyrənməyə belə macal tapmayacaq”, - Cafarov bildirib.

Ekspert həmçinin Ermənistanın Hərbi Doktrinası və Milli Təhlükəsizlik Doktrinasında yeganə düşmən kimi Azərbaycanın göstərilməsinə baxmayaraq, Bakının Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhədlərində fəal hərbi əməliyyatlar aparmağa hazırlaşmadığını qeyd edib.

“Biz bu gün Ermənistan ərazisinə hücum deyil, öz ərazi bütövlüyümüzü bərpa etmək üçün çalışırıq”, - hərbi ekspert fikrini tamamlayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.