Canavar hücumları: vurmaq qadağandır, bəs necə qorunaq?

1-12-2018, 10:31           
Canavar hücumları: vurmaq qadağandır, bəs necə qorunaq?
ETSN bildirir ki, vəhşi heyvanlarla bağlı təhlükə olduqda nazirliyə müraciət edilməlidir
Azərbaycanda vəhşi heyvanların və xüsusilə də canavarların kəndlərə hücumları çoxalıb. Əgər ötən illərdə canavarlar gecə ilə kəndə girib, mal-qaraya hücum edirdisə, hazırda onların hədəfində insanlar da var. Son günlər Lənkəranda ard-arda canavar hücumlarının yaşanması buna bariz nümunədir. Məlumatları araşdırdıqda belə məlum olur ki, son aylar xüsusilə də ölkənin cənub ərazilərində vəhşi heyvanların hücumu daha da intensiv hal alıb. Həmin ərazidə yaşayan sakinlər bildirirlər ki, vəziyyət acınacaqlıdır. Masallı, Lənkəran, Astara zonasında yaşayanlardan aldığımız məlumata görə, gündüz saatlarında belə canavarların kəndə hücum etməsi, onları çətinə salıb. Sakinlər bildirirlər ki, havaların soyuması ilə canavarların sayında artım müşahidə edirlər. Bildirirlər ki, yay aylarında yalnız gecələr kəndə hücum edən canavarlar, artıq gündüz vaxtı da yaşayış yerlərinə gəlirlər...

Hələ 2016-cı ildə ovçular təklif edirdilər ki, canavarların vurulması üçün onlara icazə verilsin. Canavarların vurulması qadağan edildiyi üçün onların sayı durmadan artmaqda davam edir. Ekspertlər bildirirlər ki, canavarların sayının artması yem qıtlığının yaranmasına səbəb olur. Ona görə də yem qıtlığından əziyyət çəkən vəhşi heyvanlar, artıq insanların saxladığı iri və xırdabuynuzlulara hücum edirlər. Bununla yanaşı təbiətə insanlar tərəfindən müdaxilə, təbiət qoynunda istirahət zonalarının salınması, infrastrukturun yaradılması da canavarların yaşama arealını daraldıb. Ekspertlərə görə, bu faktorun özü də kəndlərə canavar basqınlarının baş verməsinə səbəb olur.

Məlumat üçün qeyd edək ki, Azərbaycan 1999-cu ildən Avropada “Vəhşi təbiətin qorunması” Beynəlxalq Konvensiyasının üzvüdür. Həmin Konvensiyaya görə, Azərbaycanda da canavarların ovlanması birmənalı şəkildə qadağandır. Bu ov qanunu pozuntusu hesab edilir. Yəni təqib edib, vuranda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 1000-2000 manat məbləğində cərimə edilir.

Bu qanunun istisnası da var. Belə ki, canavar və yaxud hər hansı bir vəhşi heyvan insan həyatına təhlükə yaradırsa, yəni onun üzərinə hücum edirsə, özünümüdafiə tədbiri kimi həmin heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir. Canavarı təqib edib, vuranda ekoloji qanun pozuntusu hesab olunur və həmin şəxsə qanun pozuntusu şamil edilir. Lakin digər vəhşi heyvanları ovçuluğa dair qanunvericiliyə əsasən ovçuluq bileti olan şəxslər Regional ekologiya idarələrindən ova icazə bileti almaqla il boyu ovlaya bilərlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən “Yeni Müsavat”a bildirilib ki, əgər sakinlər vəhşi heyvanlarla bağlı təhlükə hiss edirlərsə, bununla əlaqədar nazirliyin müvafiq şöbələrinə müraciət edə bilərlər. Müraciətdən sonra nazirliyin əməkdaşları əraziyə yollanıb, vəhşi heyvanların yaşayış yerlərindən uzaqlaşdırılması tədbirlərini həyata keçirirlər.

Onu da qeyd edək ki, canavarların çoxalması təkcə Azərbaycanda deyil, Avropa ölkələrində də müşahidə edilən tendensiyadır. Belə ki, elmi araşdırmalara görə, SSRİ çökdükdən sonra - 1990-cı illərdə Avropada canavarların 50 faiz artması müşahidə olunub. Məhz bu dövrdə canavarlar Polşa, Almaniya və Skandinaviyaya ayaq açıblar.

Ekspertlər deyirlər ki, Avropa ölkələrində canavarların sürətlə artmasına səbəb həm də iqtisadi böhran nəticəsində insanların kənd yerlərindən şəhərlərə axınının yüksəlməsidir. Boş qalan kəndlər canavarlar tərəfindən “işğal olunur”.

Məlumatlara görə, İspaniyada 70 ildən çox müddətdə canavar olmayıb. Bu gün isə orada xeyli sayda canavar var. Ölkədə 250 dəstəyə mənsub 2000 canavar qeydə alınıb. Bu canavarlar orada yüzlərlə iri və xırdabuynuzlu heyvanı parçalayıblar. Hətta bildirilir ki, gecə saatlarında Avropanı bəzi ölkələrində qurdların ulaması mərkəzə qədər gəlib, çıxır.

Elmi araşdırmalara görə, SSRİ çökdükdən sonra - 1990-cı illərdə Avropada canavarların 50 faiz artması müşahidə olunub. Məhz bu dövrdə canavarlar Polşa, Almaniya və Skandinaviyaya ayaq açıblar.

Ekspertlər deyirlər ki, canavarların sürətlə artmasına səbəb həm də iqtisadi böhran nəticəsində insanların kənd yerlərindən şəhərlərə axınının yüksəlməsidir. Boş qalan kəndlər canavarlar tərəfindən “işğal olunur”.

Yada salaq ki, keçmiş sovetlər dövründə yırtıcıları məhv edən şəxslər dövlət tərəfindən mükafatlandırılırdı. Məsələn, bir canavarın öldürülməsinə görə 100 rubl mükafat verilirdi. Ovçular bildirirlər ki, canavarların ovlanmasına olan qadağa aradan qaldırılmasa, nəticə daha da acınacaqlı olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.