Ermənistanda sorğu: Sülh istəmirlər - “Gallup”
Bu gün, 17:42

Ermənistan vətəndaşlarının əksəriyyəti avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında imzalanan üçtərəfli bəyannamə ilə bağlı mənfi fikirdədir.
Teleqraf xəbər verir ki, bunu “Gallup” təşkilatının Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan avqustun 25-dən 30-dək 1101 nəfər arasında keçirdiyi sorğunun nəticələrini təqdim etdiyi mətbuat konfransında deyib.
Sorğunun nəticələrinə görə, respondentlərin 22,8%-i bəyannamə barədə “tamamilə müsbət”, 19,3%-i isə “kifayət qədər müsbət” deyib. Həmçinin 13,6% “kifayət qədər mənfi”, 34% isə “tamamilə mənfi” ifadəsini işlədib. 7% cavab verməkdə çətinlik çəkib, 3%-dən çoxu sənədin mövcudluğundan xəbərsiz olduğunu etiraf edib.
“Sorğuda iştirak edənlərin demək olar ki, yarısı – təxminən 47%-i bəyannamənin imzalanmasını mənfi qiymətləndirib, amma respondentlərin 40%-i bunu kifayət qədər müsbət qiymətləndirib”, – Navasardyan qeyd edib.
Sorğuya Ermənistan ərazisindən keçməklə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan bölgəsi arasında yolun mümkünlüyü ilə bağlı sual da daxil edilib. Respondentlərin 17,4%-i bu ideyanı tamamilə müsbət, 18,1%-i isə “kifayət qədər müsbət” kimi qiymətləndirib. Eyni zamanda, 11,3% “kifayət qədər mənfi”, 47,6% isə “tamamilə mənfi” cavabını verib.
“Beləliklə, respondentlərin təxminən 60%-i bu təşəbbüsə mənfi münasibət bəsləyir”, - Navasardyan qeyd edib.
İştirakçılara həmçinin Vaşinqton razılaşması nəticəsində regionda uzunmüddətli sülhün bərqərar olmasının perspektivləri barədə də sual verilib. 39% dinc ssenariyə ümid etdiyini bildirib. Əksəriyyət - təxminən 55% bu nikbinliyi bölüşmür.