Dövlət qurumlarında qəribə iş rejimi

1-12-2018, 10:52           
Dövlət qurumlarında qəribə iş rejimi
Bir sıra orqanlarda rəhbər işdən çıxmayanadək əməkdaşların yerində olması ənənəsi formalaşıb; Sahib Məmmədov: “Hamı qanunvericiliyin tələblərinə əməl etməlidir”
Azərbaycanın bir sıra dövlət qurumlarında maraqlı bir ənənə formalaşıb: qurumun rəhbəri işdə olduğu müddətdə iş saatı bitsə belə, kimsənin iş yerini tərk etməsinə icazə verilmir. Xüsusilə rəhbərin müavinləri, şöbə müdirləri və sair orta vəzifə sahiblərinin iş yerini tərk etmələri mümkün olmur. Bu ənənə əksər qurumlarda müşahidə olunmaqdadır.

Qeyd edək ki, işçilərin iş saatından artıq işlədilməsi özəl sektorda da geniş yayılıb. Bu sektordakı müəssisələrin əksrəriyyətində, ümumiyyətlə, iş saatı tənzimlənmir. Xüsusilə ticarət sektorunda iş günü 12-14 saata qədər olur. Bu isə Əmək Məcəlləsinin pozulması deməkdir. Yalnız azsayda böyük yerli və xarici şirkətlər iş saatı normasına əməl edir, artıq işlənən saatların dəyərini işçiyə ödəyirlər.

Dövlət qurumlarında da iş saatı normalarına əməl olunmaması xeyli narazılıq doğurur. Belə narazılıqlar əvvəlki rəhbərliyin dövründə Vergilər Nazirliyində daha çox idi. Vergi orqanlarında işləyənləri axşam saatlarına qədər işdə saxlayır, artıq iş saatlarına görə heç bir əlavə ödəniş edilmirdi.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədovun sözlərinə görə, hazırda Vergilər Nazirliyində iş saatı normasına tam əməl olunur: “Əvvəlki nazirin dövründə vergilərdə işləyən şəxslərdən bizə çoxsaylı şikayətlər daxil olurdu. Bununla bağlı bir dəfə Vergilər Nazirliyində keçirilən bir tədbirdə Çingiz Qənizadə ilə birlikdə bu məsələni qaldırmışdıq. O zaman deyirdilər ki, vergilər yarımhərbi struktur sayıldığı üçün burada iş saatından artıq işləmək ehtiyacı yarana bilər. Amma Mikayıl Cabbarov gələndən sonra hamı iş saatı bitən kimi evinə gedir. Bu yaxınlarda orda müzakirələrdə iştirak edən zaman mən bu məsələ ilə maraqlandım, işçilər dedilər ki, əvvəlki rejim tamam dəyişib, hamı iş saatı bitən kimi çıxıb evinə gedir”.

Liqa rəhbəri dövlət qulluğunda iş saatı normasının qanunvericilikdə dəqiq müəyyənləşdiyini deyir: “Qanunvericiliyə əsasən, mülki dövlət orqanlarında dövlət qulluğunda qulluq üçün zəruri olduqda dövlət orqanının rəhbəri ay ərzində iş vaxtını əvəzi ödənilmədən 5 saata qədər artıra bilər. Ay ərzində 5 saatdan artıq uzadılan iş saatına görə işçilərə mütləq ödəniş olunmalıdır. Biz beş saatı da çox hesab edirik. Çünki ayda beş saat ildə 60 saat, həftəyarım iş deməkdir. Niyə dövlət qulluqçusu ildə bu qədər ödənişsiz işləməlidir ki? Qanunvericiliyə əsasən, ayda beş saatdan artıq işdə saxlanan işçiyə hər saata görə əmək haqqı ikiqat ödənməlidir. Praktikada bu tələbə demək olar ki, əməl olunmur. Xüsusilə də dövlət qurumunun rəhbəri işdə olduğu müddətdə rəhbər heyət də işdə qalır. Burada bir məqam da var. Belə ki, qanunla siyasi vəzifə tutan vəzifələr üzrə iş rejimi tənzimlənmir. Yəni tutalım ki, nazir və onun müavinləri siyasi vəzifələr hesab olunduğu üçün onların iş rejimi tənzimlənmir. ”Dövlət qulluğu haqqında" qanun onlara şamil olunmur".

Hüquq-mühafizə orqanlarına gəlincə, S.Məmmədovun dediyinə görə, bu qurumlarda da iş rejimi ilə bağlı tələblərə əməl olunmur: “Bizə anonim şəkildə hüquq-mühafizə oranlarından da şikayətlər daxil olur. Amma bu qurumlar bildirirlər ki, ölkədə sabitliyin, ictimai asayişin və təhlükəsizliyin qorunması zəruri olduğu üçün iş rejiminə diqqət yetirmək mümkün olmur. Amma əslində bu orqanlarda da iş rejimi olmalı və ona əməl edilməlidir. Növbəli iş rejimi tətbiq olunmalıdır. Amma məsələn, Prezident Administrasiyasında iş rejiminə ciddi şəkildə əməl olunur. Orada hamının iş saatı bitdikdə iş yerindən çıxır, məzuniyyət hüququ təmin olunur və sair. Ola bilsin ki, bəzi dövlət orqanlarında iş rejiminə əməl edilmir, amma bu barədə hələ ki, bizə konkret müraciət edən olmayıb”.

Liqa sədri qeyd edir ki, dövlət və ya özəl sektor olmasından asılı olmayaraq, bütün işəgötürənlər iş rejimi normalarına əməl etməlidilər: “Qanunvericlik hamı üçün eynidir. İş saatı ayrıdır, istirahət saatı ayrı, məzuniyyət vaxtı ayrı. İşçilərin bütün əmək hüquqları tam təmin olunmalıdır. İş saatından artıq işləyənlərə qanunvericiliyə uyğun ödəniş edilməlidir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.