“Palmali” şirkətinin adı deputat oğlunun keçdiyi dələduzluq işində - İLGİNC

10-12-2018, 09:59           
“Palmali” şirkətinin adı deputat oğlunun keçdiyi dələduzluq işində - İLGİNC
Bakı Ağır Cinayətlər Məhkəməsində Əfv Komissiyasının üzvü, deputat Elmira Axundovanın, oğlu Həbib Axundovun adı hallanan dələduzluq işi davam edir. AzEuroNews.com xəbər verir ki, ortada ələ keçirilən pul 1 milyon manatdan (əslində 7-8 milyon manat pul ələ keçirilməsi haqda iddialar var) artıqdır. İş üzrə 2018-ci ilin iyunundan başlanan məhkəmə prosesində müttəhimlər kürsüsündə əyləşən isə Həbib Axundovun dostu Elnur İbrahimovdur.

Ötən müddət ərzində keçirilən proseslərdə zərərçəkənlərin məhkəmə istintaqının aparılması tələbləri yerinə yetirilməyib. Pulların bir çox hallarda Elnur İbrahimova deyil, zərərçəkən statusuna gətirilən onun dostu Həbib Axundova verdildiyinə dair məhkəmədə araşdırılması vacib olan məsələlər qaldırılıb. Maraqlıdır ki, bu günə qədər bu məsələ araşdırılmamış qalıb. Belə bir şəraitdə hakim pullarının mənimsənilməsinə görə təqsirləndirilən E.İbrahimovdan çox H.Axundovu günahkar bilən zərərçəkənlərin tələblərini kənara qoyub məhkəmə istintaqının başa çatmasını elan etmişdi.

Lakin prokuror məhkəmə istintaqının təzələnməsi barədə vəsatət qaldırmaqla məhkəmə istintaqının davam etdirilməsinə nail olub. Prokuror bildirib ki, zərərçəkmişlərdən Elvin Vəliyev məhkəmədə dindirilmədiyinə görə onun mövqeyi aydın deyil: “Çünki nə məhkəmədə dindirilib, nə də mövqeyi ilə bağlı məhkəməyə məktub göndərib. Elvin Vəliyevin ölkədə olub-olmadığı ilə bağlı sorğuya cavab verilməyib”.

Təqsirləndirilən Elnur İbrahimov və onun vəkili, zərərçəkən elan edilmiş Həbib Axundov və onun vəkili Afət Qazıyeva məhkəmə istintaqının təzələnməsinə etiraz ediblər. Zərərçəkmişlər və onların vəkilləri isə məhkəmə istintaqının yenilənməsi haqda vəsatəti dəstəkləməklə şahidlər Zarina Minet qızının, Anar Babayevin məhkəmədə dindirilməsini istəyiblər. Məhkəmədə bu günə qədər araşdırılmayan məqamlardan bir neçəsinə diqqət edək.

Məsələn zərərçəkən Fərman Məmmədovla Həbib Axundovun illərdir ki, mətbuatda tirajlanan səs yazısı var. Həmin səs yazısında Həbib Axundov Fərman Məmmədova deyir: “Dyadya Farman, bu dəqiqə sizə 450 min borcum var”.

Bu səpkili səs yazılarına qiymət verilmədən, telefon yazışmaları, sms çıxarışlar incələnmədən, şahidlər dindirilmədən, işdə olan sənədlərə, müqavilələrə qiymət verilmədən məhkəmə istintaqı necə aparıla bilər? İş üzrə bütün şəxslərin dairəsi – dələduzluq sxeminin işlənməsində rol alanların hamısı müəyyən edilmədən məhkəmə necə yekunlaşa bilər? Elnur İbrahimov 3 il Rusiya paytaxtında gizlənib, orada kimlərlə əlaqəsi olub da bu gün də bilinmir. Onun “Palmali” şirkətinin Bakı nümayəndəliyi ilə əlaqələri haqda da iş materiallarında məlumatlar var. Amma həmin məlumatlar da araşdırılmayıb. Hansılara ki, qiymət verilməsə, məhkəmənin gələcəyi nəticə haqda obyektiv demək mümkün olmayacaq. İttihama əsasən, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər – Elvin Vəliyev, Fərman Məmmədov, Sahib Ağayev, Zaur Səfərov, Şahin Məhərrəmov və Ramil Bəkirovu biznes qurmaq adı ilə aldadaraq, ümumilikdə, onların 1 milyon manata yaxın pulunu dələduzluq yolu ilə ələ keçirib. E.İbrahimovun həmçinin deputat oğlu olan dostu H.Axundovun da 50 min manat pulunu ələ keçirdiyi iddia olunur. Lakin məhkəmədə onlar bir-birini müdafiə edirlər. O, E.İbrahimovla dost olduqlarını da təkzib etmir. Sosial şəbəkələrdə E.Axundovun həm H.Axundovla, həm də anasıyla toy görüntüləri yayılıb. E.İbrahimovun cinayət işi üzrə zərərçəkmişlərin çoxu pulu E.İbrahimova yox, H.Axundova verdiklərini bildirərək, onun ziyanı ödəməsini tələb edirlər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.