Qaşıqçını “İlin adamı” elan edən “Time” - jurnal kimləri, niyə seçib?

14-12-2018, 08:51           
Qaşıqçını “İlin adamı” elan edən “Time” - jurnal kimləri, niyə seçib?
Onlar bir əsrdir ilin “ən, ən və ən....” yaxşıları seçiliblər

Amerikanın nüfuzlu “Time” jurnalı Səudiyyə Ərəbistanının İstanbuldakı Baş konsulluğunda qətlə yetirilən jurnalist Camal Qaşıqçını “İlin adamı” seçib. Bununla da ilk dəfədir ki, ölmüş şəxs “İlin adamı” olub.

“İlk dəfədir ki, biz artıq həyatda olmayan birini ”İlin adamı" seçmişik, amma bu həm də çox nadir haldır ki, bir şəxsin təsiri ölümü ilə hədsiz dərəcədə artır. Onun ölümü Səudiyyənin vəliəhd şahzadəsinin qlobal miqyasda yenidən qiymətləndirilməsinə və Yəməndəki dağıdıcı müharibəyə həqiqətən də gecikmiş nəzərin salınmasına gətirdi" - jurnalın baş redaktoru Edvard Felsental bəyan edib.

“Time” jurnalı həqiqət uğrunda mübarizə apararkən öz qərəzsiz işlərinə görə hədəfə çevrilən və təzyiqlə üzləşən bir qrup jurnalisti “Keşikçilər” adı altında “İlin adamı” seçib. Onların sırasında Qaşıqçı ilə yanaşı, Myanmadakı Rohinca müsəlmanlarının başına gətirilən qırğınlardan yazan və həbs olunan “Reuters”in 2 jurnalisti Va Lon və Kyav So, Maria Ressa və digər jurnalistlər də var.

“İlin adamı” adına layiq görülən və ikinci sırada qərarlaşan şəxs ABŞ prezidenti Donald Tramp olub. Üçüncü pillədə isə Trampın Rusiya ilə əlaqələrini, həmçinin Moskvanın ABŞ-dakı seçkilərə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Müller qərarlaşıb.

Həmçinin Rusiya prezidenti Vladimir Putin, cinsi zorakılıqda ittiham olunaraq böyük qalmaqalla ABŞ Ali Məhkəməsinin hakimi seçilən Brett Kavano, Britaniya şahzadəsi Harrinin xanımı Meqan Markl, Cənubi Koreyanın prezidenti Mun Çje İn və digərləri “İlin adamı” seçilənlər sırasındadır.

Səsverməni jurnalın oxucuları edir, qərarı redaktorlar verir

“Yeni Müsavat” xatırladır ki, “İlin adamı” mükafatı hər ilin dekabr ayında verilir və dünyada böyük səs-küyə səbəb olur. Onlardan bəzilərini yada salaq. 2016-cı ildə ABŞ-ın seçilmiş gələcək prezidenti Donald Tramp “Time” jurnalı tərəfindən “İlin adamı” seçilib. Titul əmlak maqnatı Trampa, onun Hillari Klintona qarşı gözlənilməz qələbəsindən sonra verilib.

Bəyanatdan az sonra cənab Tramp NBC televiziya kanalının “Today” verilişinə titulun özü üçün “çox mənalı” və “böyük şərəf” olduğunu deyib.

O, Rusiya prezidenti Vladimir Putin və Hillari Klintonun da daxil olduğu qısaldılmış siyahıdan seçilib. “Time” jurnalının məsul redaktoru Nancy Gibbs deyib ki, Hillari Klintonun prezident seçkisindəki məğlubiyyətindən sonra cənab Trampın “İlin adamı” seçilməsi çətin olmayıb.

“Time” yazıb ki, seçilmiş gələcək prezident Amerikanın siyasi qanunlarını yenidən yazıb. Jurnal oxucularını “İlin adamı”nı seçməyə səs verməyə dəvət edir, lakin sonuncu qərar redaktorların olur.

20 dəfə həbs, 4 dəfə döyülmə və “İlin adamı”...

Martin Luther Kinq 20 dəfə həbs olunub, azı 4 dəfə döyülüb. 1963-cü ildə “Time” jurnalı onu “İlin adamı” elan edib. 35 yaşında Nobel Sülh Mükafatı alıb. Aldığı mükafatı - 54 123 dolları hərəkata bağışlayıb.

Kinq 1968-ci aprelin 4-də Menfis şəhərində küçə təmizləyənlərin tətilinə dəstək aksiyasına rəhbərlik etmək üçün bu şəhərə gəlir. Qaldığı hotelin balkonundan küçəyə baxanda, ona atəş açılır. Öldürüləndən sonra tərəfdarlarının bir qismi qisasa, bir qismi soyuqqanlı olmağa çağırır. 100-dən çox şəhərdə üsyanlar baş verir. Kinqin ölümündən sonra küçə təmizləyənlərin tələbi yerinə yetirilir. Onlara da ağdərililər kimi çətin hava şəraitində işə çıxmamaq hüququ verilir. Onu öldürən şəxs 1969-cu ildə həbs olunur. 99 il azadlıqdan məhrum edilir, 70 yaşında ölür.

Martin Luther Kinqin ölümündən 9 il sonra 1977-ci ildə ABŞ prezidenti Jimmi Karteri “Azadlıq” mükafatına layiq görür. Həmin vaxtdan hər il yanvarın 3-ü “Martin Luther Kinq Günü” kimi qeyd edilir.

“Time” jurnalı 2017-ci ildə “Sükutu pozanlar”, yəni seksual qısnama qurbanları olduqlarını dilə gətirənlər “İlin adamı” seçiliblər. Dərginin baş redaktoru NBC-nin “TODAY” şousunda deyib ki, jurnalın üz qabığında qismən əks olunan qadınla “Time” danışıb, ancaq o, “həyatına təhlükə yaratmadan” hekayətini anlada biləcəyinə əmin olmadığını dilə gətirib.

khashoggi times journal ile ilgili görsel sonucu

Üz qabığındakı fotoda “me too” (mən də) kampaniyasına qoşulmuş qadınlar yer alıb: fəal Adama Iwu, aktrisa Ashley Judd, müğənni Taylor Swift, çiyələkyığan Isabel Pascual və Uber-in keçmiş mühəndisi Susan Fowler. “Sükutu pozmuş qadınlar və kişilər bütün irqləri, bütün gəlir siniflərini, bütün peşələri və dünyanın bütün guşələrini əhatələyib”, - dərgi bildirir.

Dünyanın ən nüfuzlu adamları siyahısında ikinci yeri ABŞ prezidenti Donald Tramp, üçüncünü isə Çin prezidenti Xi Jinping tutub. Təxminən bir əsrdir “Time” “İlin adamı”nı seçir, xəbərlərə ən çox təsir göstərmiş şəxsi, yaxud qrupu müəyyənləşdirir.

Siyahıya kimlər düşüb

İndiyədək Almaniya kansleri Angela Merkel, Bill və Melinda Qateslər “İlin adamı” seçiliblər. Ancaq bu seçim həmin şəxslərin dəstəklənməsi anlamına gəlmir. Siyahıda Adolf Hitler, İosif Stalin və İran ayətullası Xomeyninin də adları olub.

“Time” oxucular arasında onlayn sorğu da keçirir. Bu sorğuya görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman “İlin adamı” seçilib.

32 yaşlı şahzadə səslərin 24%-ni toplayıb. İkinci yeri cinsi təcavüz və qısnama qurbanlarnın hekayətlərini anlatdıqları #MeToo kampaniyası gəlir, 6% səs toplayıb.

Onlayn sorğuda prezident Trampın seçki kampaniyasının Rusiya ilə əlaqələrini araşdıran xüsusi müşavir Robert Müllerin də adı var.

2007-ci ilin dekabrında Kreml “Ketchum”un işindən razı qalaraq şirkətlə yeni saziş imzaladı. Həmin il “TIME” jurnalı Putini “İlin adamı” elan etdi. Onun şəkli jurnalın üz qabığına “yeni Rusiyanın çarı” yazısı ilə çıxdı. “Forbes”un mənbələri iddia edirdilər ki, “Ketchum” bu məsələ ilə bağlı lobbiçilik etməyib. Ancaq sonradan şirkətin əməkdaşları bu nailiyyəti öz adlarına yazdılar. Onlar ABŞ-ın Suriyadakı hərbi planları haqda Putinin məqaləsinin “New York Times”da çıxmasını təşkil etdiklərini iddia etdilər. Ancaq söhbət ödənişli məqalədən yox, müəlliflə nəşr arasında əməkdaşlıqdan gedirdi.

Emosiyasız Merkel bu titula sahib olub

2015-ci ildə “Time” jurnalı Almaniyanın kansleri Agela Merkeli “İlin adamı” seçib. Bu barədə NBC televiziyası dekabrın 9-da səhər proqramında məlumat verib. Məlumatda bildirilir ki, Merkel ilin əvvəllərində Rusiya prezidenti Vladimir Putinin Ukraynanı zəbt etmək cəhdinə qarşı durub və bunun qarşısını alıb.

“Bundan sonra Yunanıstanda bütün avrozonaya təhlükə olan maliyyə böhranı başlayıb, amma Merkel heç bir emosiyasız bunun öhdəsindən gələ bilib. Bundan başqa, kansler bu yaxınlarda Avropanı bürüyən maliyyə böhranını da yoluna qoyub. Belə ki, digər ölkələr qaçqınlara qapıları bağlayanda, Merkel Almaniyanın qapılarını açıb” - deyə məlumatda bildirilir.

Prezident qızları “İlin adamı” imiş

2014-cü ildə “Time” jurnalı dünyanın ən nüfuzlu yeniyetmələri siyahısını hazırlayıb. Nobel Sülh mükafatı laureatı Malala Yusifzal və Əfqanıstanın velosiped yarışları üzrə yığmasının üzvü Salma Kakar dünyanın nüfuzlu yeniyetmələri siyahısına başçılıq edirlər. Barak Obamanın qızları Malia və Sasha və televiziyada realiti şou ulduzları olan Kendal və Kylie bacıları da siyahıdadır.

Siyahıda yerlər müəyyən olunmayıb. 17 yaşlı Salma Kakar velosiped yarışlarında iştirak etdiyinə görə təqiblərə məruz qalır. Müsəlman qızın velosiped sürməsi Əfqanıstanda islam qaydalarına zidd sayılır.

“Time” jurnalının siyahısında 29 gəncin adı var.

2013-cü ildə “Time” jurnalı Roma Papası Fransisi “İlin adamı” seçib. Jurnalın redaktoru Nancy Gibbs bildirib ki, nadir hallarda yeni şəxs həm gənclərin, həm yaşlıların, həm inananların, həm də siniklərin diqqətini belə tez cəlb edə bilir. Fransis 9 ay papa olduğu dövrdə həm xristian dəyərlərinə qayıdışa, xəstələrə, kasıblara qayğıya, köməyə çağırır, həm də homoseksuallıq kimi məsələlərə yeni baxışlarla çıxış edir.

2012-ci ildə ABŞ-ın “Time” jurnalı sabiq prezident Barak Obamanı “İlin adamı” elan edib. İddiaçılar arasında qadın hüquqları uğrunda mübarizə aparan 15 yaşlı pakistanlı qız Malala Yousevzi, sabiq Misir prezidenti Məhəmməd Mursi, keçmiş ABŞ prezidenti Bill Klinton və indiki Dövlət katibi Hillari Klinton, Yahoo internet şirkətinin rəhbəri Marissa Maier və Apple korporasiyasının rəhbəri Tim Kuk da var idi. “Time” jurnalı bu titulu Obamaya 2-ci dəfədir verib.

“İlin heyvanı” - ən etirazçı köpək

Yunanıstanın, bəlkə də dünyanın ən məşhur “etirazçı” köpəyi Loukanikos bir neçə il öncə öldü... Onun ölümü də insan ölümünə bənzəyir. Yerli rəsmilərin məlumatına görə, Loukanikos ürək tutmasından ölüb. Yunanıstanda iqtisadi böhran vaxtı hökumətin qənaət planına kütləvi etirazlar olanda o dövrün fotolarında, videolarında bir köpək tez-tez gözə dəyirdi.

2010-2012-ci illər arası demək olar ki, bütün etirazlarda “iştirak edən” Loukanikos o qədər məşhurlaşmışdı ki, “Time” jurnalı 2011-ci ildə onun jurnal üçün xüsusi çəkilmiş portreti də daxil, 10 müxtəlif şəkillərini verdi (yeri gəlmişkən, bunlara baxa bilərsiniz). Time jurnalı həmin il “ilin heyvanı” nı elan edəndə Loukanikos ikinci olmuşdu. Birinci yeri tutan isə Üsama bin Ladeni zərərsizləşdirən ABŞ dəniz piyadalarını müşayiət edən ordu köpəyi idi. Afinada şəhər baytarlıq xidmətinin veterinarı Anna Makri “Reuters” agentliyinə deyib ki, Loukanikos “ yunan idi. O, baş əymək istəməyən yunanların narahatçılığını ifadə edirdi”.

Anna Makri deyir ki, “həkim diaqnozuna görə, o, qəflətən ölüb, ürək tutmasından”. Solçu “Avgi” qəzeti bildirir ki, hökumət əleyhinə etirazlar vaxtı polisin həmişə işlətdiyi gözyaşardıcı qaz Loukanikosun səhhətini korladı. Onun indiki ölümünün səbəbi də məhz o vaxtdan pozulan sağlamlığıdır.

“Avgi” yazır ki, Loukanikos Afinanın mərkəzində təpənin üstündə bir ağacın altında dəfn olunub.

Sevinc TELMANQIZI,












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.