Banklar qalan müştərilərini də itirir: - Filiallar niyə bağlanır?

14-12-2018, 09:18           
Banklar qalan müştərilərini də itirir: - Filiallar niyə bağlanır?
Bankların maliyyə çatışmazlığı onları müxtəlif inzibati qərarlar qəbul etməyə məcbur edir.

Son zamanlar bankların ərazilər üzrə yerləşən filiallarını bağlaması da bu qəbildən olan məsələdir. Bu proses sürətlə gedir. Təkcə 2017-ci ildə 22 bank filialı bağlanıb. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) həmin dövr üçün məlumatında göstərilir ki, 2017-ci ilin əvvəlinə nisbətən ilin sonunda bank filiallarının sayı 22 ədəd azalıb. Bank şöbələrinin sayında isə 11 ədəd azalma qeydə alınıb.

2018-ci ildə isə vəziyyət daha acınacaqlıdır. Cari ildə təkcə “Nikoil Bank” 10, “Muğanbank” 2, “Unibank” isə 3 filialını bağlayıb. Ötən il Palata bağlanan bank filialları ilə bağlı rəsmi məlumat açıqlasa da, cari ildə gedən proseslə bağlı heç bir məlumat yaymayıb. Bankların filiallarının bağlanmasının isə bir sıra səbəbləri var. İqtisadçılar bu məsələni fərqli şərh edirlər.

“Banklar filiallarının sayını ona görə artırırdılar ki, mövcud filial şəbəkəsi əhaliyə xidmət göstərməyə çatdırmırdı. Həm də əhali üçün bankları daha yaxın və əlçatan etmək istəyirdilər. Amma indi banklara nə pul qoyan, nə kredit götürən, nə də köçürmələr edən var. Yəni, artıq iş yükü, bank xidmətlərinə ehtiyac azalıb, amma eyni zamanda bankların gəliri də azalıb. Gəlir azaldığı üçün banklar işçi saxlamaq, kommunal ödənişlər və sair digər xərclərdən azad olmaq üçün filiallarını bağlayırlar”- bank məsələləri üzrə ekspert, hüquqşunas Əkrəm Həsənov belə düşünür.

İqtisadçı-ekspert Natiq Cəfərli isə “Cümhuriyət” qəzetinə şərhində bankların filiallarını bağlamasına bir neçə aspektdən yanaşıb: “Əslində, səbəblər müxtəlifdir. Bu məsələyə bir neçə istiqamətdə baxmaq lazımdır. İlk olaraq təbii ki, xərclərin optimallaşdırılması söhbəti gedir. Çünki nə qədər gizlətməyə çalışsalar da, problemlərin həllini yubatsalar da, banklar hələ də özünə gələ bilməyib. Son illər problemli kreditlərin həcmi də sürətlə artıb. İndi isə xərclərin optimallaşdırılması yolu ilə banklar düşdükləri çətin vəziyyətdən çıxmaq istəyirlər. Əslində, banklar öz əməliyyat xərclərini azaltmaqla problemlərin bir qismini bu yolla həll etməyə çalışır. İkinci səbəb isə onlayn bankçılıqdır. Getdikcə bizdə də onlayn bankçılıq geniş yayılmağa başlayıb. Ümumiyyətlə, dünyada müşahidə olunan trend onu göstərir ki, bir neçə ildən sonra klassik bankçılıq anlayışı tarixə qovuşacaq. Onlayn bankçılıq elə bir sürətlə inkişaf edir ki, fiziki şöbələrin olmasına ehtiyac qalmır. Çox maraqlıdır ki, bu, tək Avropada deyil, qonşu ölkələrdə də baş verir.

Məsələn, Rusiyanın ən böyük banklarından biri “HinKong bank”dır. Həmin bankın yalnız bir mərkəzi ofisi var. Amma həmin bank Rusiyanın bütün ərazisində onlayn qaydada fəaliyyət göstərir. Kifayət qədər uğurlu bankçılıq siyasəti aparır. Yəni, onlayn bankçılığın geniş yayılması da bank şöbələrinin sayının azalmasında rol oynayan əsas faktorlardan biridir. Digər səbəb isə, ondan ibarətdir ki, banklar növbəti ağır dalğalanmalara da özlərini hazırlayırlar. Bununla yanaşı son zamanlar bank sistemində maraqlı proseslər də yaşanır. Banklar manatla olan depozitlərin faizini artırırlar. Demək olar ki, bu proses bütün banklarda sürətlənib. Bəziləri bir, bəziləri isə manatla olan depozitləri iki faiz artırıb. Bu, həm də onu deməyə əsas verir ki, banklar manat kütləsini cəlb edib, onu inzibati qaydada məzənnəsi sabit saxlanılan dollara çevirərək gələcəkdə özlərini təlatümlü dalğalardan qorumağı düşünür. Bu prosesə cəm şəklində baxsaq, görərik ki, bank sektorunda olan problemlər daha da dərinləşir. Banklar öz xərclərini optimallaşdırmaqla düşdükləri problemdən çıxmağa cəhd göstərirlər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.