Elkapone xahiş etdi, ardınca inanılmaz addım atdı
17-12-2018, 18:40
Tanınmış iş adamı, milyonçu, son illər diaspor fəaliyyəti və xeyriyyəçiliyi ilə gündəmə gələn və özünə qarşı xüsusi rəğbət yaratmağı bacaran Füzuli Məmmədovun 5 gün öncə - dekabrın 12-də iddia dolu, dövlətə lazım olmayan münasibətlə bir bəyanatı yayıldı.
Bəyanatda deyirdi: “Azərbaycan Prezidenti İlham Əliyev 1991-ci ildən 2 avqust 1997-ci ilə qədər Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə 11.000 (on bir min) manat məbləğində birdəfəlik ödəmə verilməsi haqqında fərman imzalamışdır. Birdəfəlik ödəmələrin verilməsinə 9 oktyabrdan başlanmışdır. Buna baxmayaraq, bir çox şəhid ailələrinə ödəmələrdən imtina edilmişdir.
Mən hesab edirəm ki, əgər dövlət öz öhdəliklərini vaxtında yerinə yetirə bilmirsə, belə şəraitdə Azərbaycan biznesinin, o cümlədən diasporun nümayəndələri şəhid ailələrinə kömək etməlidirlər. Öz oğullarını itirdiklərinə görə ödəmə almaq üçün çoxsaylı aksiyalar keçirən şəhid analarının alçaldılmasına qətiyyən yol vermək olmaz. Bu məsələnin ümummilli biabırçılıq səviyyəsinə çatdırılmaması üçün dərhal şəhid analarının problemlərini həll etmək lazımdır”.
Bəyanatda əksini tapan “bir çox şəhid ailəsinə ödəmədən imtina edilməsi” və “dövlətin öz öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi”, “ümummilli biabırçılıq” və sair söz və ifadələrdə əksini tapan qıcıqlandırıcı notlar F.Məmmədovun həm informasiyasının, həm də mövqeyinin, dövlətlə danışıq ritorikasının kökündən yanlış olduğunu göstərirdi.
Bir müəllif mövqeyi sərgilədik və yanlışları göstərməklə, hörmətli diaspor nümayəndəmizin, milyonçumuzun baxışlarında redaktə etməyə çağırdıq.
Yazıdan dərhal sonra redaksiya ilə əlaqə saxlayan F.Məmmədov israrla bildirdi ki, fikirlərini ifadə etməkdə yanlışlığa yol verib. O, statusunu siləcəyi və Axar.az-a ətraflı bir açıqlama verəcəyi vədi ilə yazının qaldırılmasını xahiş etdi.
Zatən hədəfimiz gücü çatdıqca xeyirxahlıq edən, xaricdə yaşayıb-işləməsinə rəğmən, Azərbaycanın yanında olduğunu göstərən F.Məmmədovu hədəf almaq deyildi və dərhal əlavə edək ki, indi də bu fikirdən çox-çox uzağıq. Ötən yazımızda qeyd etdiyimiz kimi, xaricdə qazandığı milyonlardan bir qismini öz Vətəninə xeyirxahlıq məqsədilə yönəldən milyonçularımız barmaqla sayılacaq qədərdir və onları dəyərləndirməyi, qorumağı bacarmalıyıq.
Füzuli Məmmədovun xahişini dərhal nəzərə aldıq və yazını passiv etdik.
Amma aradan 4 gün keçəndən sonra əzizimiz Füzuli Məmmədov nəinki bəyanatını sildi, hətta Musavat.com-a müsahibə verərək, ona qarşı “qarayaxma kampaniyası” aparıldığı iddiası ilə müzakirəni tamamilə fərqli bir yönə çəkdi.
Əlbəttə, belə şəraitdə yanlış anlaşılmanı aradan qaldırmaq üçün sözügedən yazını aktivləşdirdik və yenilədik. Ancaq F.Məmmədovun müsahibədə işlətdiyi fikirləri növbəti müzakirəyə yol açdığı üçün vacib əlavələri də indi edək:
F.Məmmədovun 12 dekabrda yaydığı bəyanata qarşı “qaralama kampaniyasını” heç kim aparmayıb, əksinə, yalnız və yalnız onun bəyanatı tirajlanıb. Xüsusi olaraq vurğulayaq ki, o bəyanatdan dövlətin siyasətinə qarşı istifadə edənlər də çox olub (Hamısı onlayn resurslarda indi də qalır və bir axtarışla baxa bilərsiniz).
Yalnız bizim mövqeyimiz olub və izah etmişdik ki, dövlətin aidiyyəti qurumu Prezident fərmanından irəli gələn məsələni həll etməklə məşğuldur və şəhid ailələrinə kompensasiyanın verilməsindən “imtina edilməsi” söhbəti yoxdur. İndiyə qədər 1500-dən çox şəhid varisinə kompensasiya ödənilib və proses 2019-cu ildə davam etməsi üçün aidiyyəti nazirliyə əlavə vəsait də ayrılıb.
İkinci və mühüm məqam, Füzuli Məmmədov öz bəyanatını həm Azərbaycan, həm də rus dilində tirajlamışdı. Anlaşılmayan odur ki, bəyanat Azərbaycan ictimaiyyətinə ünvanlanıbsa, niyə ruscadan da istifadə edilir? Bu ölkənin rəsmi dövlət dili ikidirmi? Yoxsa rusca bəyanatdan düşmən erməni təbliğat maşınının daha rahatlıqla istifadə edəcəyini düşünməyib əziz Füzuli Məmmədov-Frenk Elkapone?
Müsahibəsində Füzuli müəllim deyir: “Heç bir şübhəm yoxdur ki, haqqı çatan insanlar bu müavinəti dövlətimiz tərəfindən alacaqlar. Azərbaycan dövlətinin iradəsi də, imkanı da buna çatır. Amma ortada məmurların səhlənkarlığı, məsuliyyətsizliyi açıq hiss olunur. Son illər biz şəhid və qazi ailələrinə dövlətin qayğısının, diqqətinin şahidi oluruq. Ölkə başçısının bu mövzuya nə qədər həssas olduğunu mən çox yaxşı bilirəm. Bir neçə gün öncə də cənab Prezident tərəfindən bir qrup Qarabağ qazisi və şəhid ailəsinə yeni mənzillər təqdim edildi. Bildiyim qədəri ilə bu qəbildən olanların övladlarına təhsildə də güzəştlər var. Bütün bunlar dövlətin bu məsələdə ardıcıl siyasət aparmasının göstəricisidir. Görəndə ki, şəhid anaları vəsaitin ödənməsi üçün idarə qapılarında qalıb, qanun gərəyi bunun üçün müəyyən prosedurlardan keçilməlidir, üstəlik proses ağrılı davam edir – ailələrin sosial durumu gözləməyə imkan vermir, xoş niyyət göstərib həmin ailələrin müəyyən hissəsinin ehtiyaclarını ödəməyə hazır olduğumu bildirdim. Çox təəssüf ki, kimlərsə bundan narahat oldular və mediada mənə qarşı kampaniyaya başladıldı”.
Son cümləyə qədər hər şey əladır, 12 dekabrda yayılan bəyanata çox gözəl bir düzəliş edilib. Bəs, biz də onu deyirdik ki, xoş niyyət bu qədər bəd təqdim edilməməlidir, iki qaziyə ev verib, dövlətin başına qaxınc etməyə ehtiyac yoxdur, dövlətə barmaq silkələməyə qədər qalxmaq yaxşı heç nə vəd etmir, sağ əlin verdiyindən sol əlin xəbəri olmasın və s.
Hansı qara kampaniya aparılıb ki? Hətta narahatlığınızı belə bölüşmüşük və fikirlərinizdən sui-istifadə edilməsin deyə, statusunuzu silməyi özünüz təklif etmisiniz, biz də düzgün qərarınızı alqışlamışıq. Nə dəyişdi?
“Bu yazıları tirajlayanlarla maraqlandım. Bunu edənlər həm də öz keçmişlərini çox tez unudublar. Ötən əsrin 90-cı illərində biz Azərbaycan dövlətinin quruculuğunda iştirak edəndə onlar ümummilli lider Heydər Əliyevin və onun komandasının əleyhinə təbliğat aparırdılar”.
90-cı illərin ortalarında Azərbaycan dövlətinin quruculuğunda iştirak etmək üçün adı təxminən “XXI əsr Azərbaycan” olan bir partiya yaratmışdı və qəzeti də vardı Füzuli Məmmədovun. O partiyanın Azərbaycan ictimai-siyasi həyatındakı ən böyük və misilsiz xidməti bağlanması və yaxud qapadılması idi ki, onu da həmin dövrün insanları yaxşı xatırlayır. Bülbül prospektində yerləşən sözügedən partiyanın “bağlanış mərasimi”, o bağlanışa aparan səbəbləri xatırlatmağa və Frenk Elkaponenin biznesini davam etdirmək üçün ölkədən gedişinin detallarını yada salmağa qəti ehtiyac yoxdur.
Rusiyada göstərdiyi fəaliyyət da yadımızdadır və təəssüf ki, Füzuli Məmmədovun başı bu ölkədə də heç də az qovğada olmadı. Bakıda dövlət quruculuğu prosesi güclənəndə Füzuli Məmmədov-Frenk Elkaponenin rus polisi tərəfindən maşından düşürülərək, əllərinin arxadan qandallanması və guya maşınından kilolarla narkotikin çıxdığının mərkəzi televiziya vasitəsilə göstərilməsini izləmək bizə heç də xoş deyildi. Bu, mərdliyinə hər zaman güvəndiyimiz bir eloğlumuzun Moskvada ilk həbsi də deyildi və Bakıda dövlət quruculuğunun çiçəkləndiyi bir vaxtda Füzuli Məmmədovun Bakıda olmaması və Moskvada tez-tez “razborkalara” düşməsi, həbsləri bizi daxilən ciddi narahat edirdi.
Ona görə də Frenk Elkaponenin Rusiyanı birdəfəlik tərk edərək, rus polisinin əlindən baş götürüb biznesini İtaliyaya köçürməsi ən doğru qərar oldu…
Füzuli Məmmədova verilən suallardan biri də Cocuq Mərcanlıya ayırmaq istədiyi 3 milyon manatla bağlıdır. F.Məmmədov o suala da cavab verib və güman edir ki, biz onu vəd verib, icra etməməkdə ittiham etmişik. Ona görə də izah edib ki, ona dövlət rəsmiləri Cocuq Mərcanlıya maddi dəstəyə heç bir ehtiyac olmadığı, dövlətin bunu özünün etdiyini deyiblər və Müdafiə Nazirliyinin təklifi ilə, o, qazilərə dəstək göstərməyə başlayıb.
Yazını daha diqqətlə oxumaq lazım idi! F.Məmmədova Cocuq Mərcanlıya “yalandan 3 milyon ayırdı” ittihamı səsləndirilməyib, bildirilib ki, niyə dövlətin addımlarını güdürsünüz? Niyə dövlət Cocuq Mərcanlıya pul ayıranda siz də ora pul ayırmağa və yaxud, şəhid varislərinə fərmanla 11 min ayrılması qərarı veriləndən sonra məhz 100 varisə 11 min verməyə hazır olduğunuzu deyirsiniz?
Fərmandan irəli gələn məsələləri dövlət özü həll edir – Füzuli Məmmədov da bunu müsahibəsində təsdiqləyir. Dəstək olmaq istəyirsinizsə, əvvəla, 11 min rəqəmindən qaçın, 20 min və yaxud 5 min verin və yaxud uyğun zamanı gözləyin; ikincisi, əlavə dəstək göstərin, dövlətin “öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi” haqda sizdəki yanlış təsəvvürdən çıxış edib, yanlış açıqlama ilə qıcıq yaratmayın, yardım niyyətinizi dövlət qurumları ilə mübahisə müstəvisinə çevirməyin və s.
Füzuli Məmmədov deyir: “Yəhudi, erməni diasporu hər zaman bizə müsbət örnək kimi təqdim edilir. Uzun illərdir erməni diasporunun Ermənistan dövlətinə necə dayaq durduğu haqqında eşidirik.
Erməni birliyi, erməni diasporunun millət, vətən təəssübkeşliyi tarixin bütün dönəmlərində olub…”
Erməni diasporunu biz yada salmışdıq, vurğulamışdıq ki, erməni milyonçuları aeroport tikəcək qədər dövlətinə yardım edir, hətta Ermənistanı saxlayır, ancaq erməni ictimaiyyəti milyonçularının dəstəyindən əsasən xəbərsiz olur. Bu iradımızdan düzgün nəticə çıxarmısınız, Füzuli Məmmədov. Ancaq bu çıxardığınız nəticəni niyə bizim əleyhimizə çevirirsiniz ki?
Hər bir azərbaycanlı bu ölkənin sərvətidir, xüsusilə xaricdə yaşayan, orda çalışan, ancaq ölkəmizi unutmayan, diaspor fəaliyyəti göstərən, ölkəmizin haqq savaşını hər yerdə aparan, gücü çatdığı qədər Vətəninə dəstək olanları qorumaq borcumuzdur. Füzuli Məmmədov da onların sırasındadır və həyatındakı bütün eniş-yoxuşlara, keşməkeşlərə, təzadlara baxmayaraq, F.Məmmədov bu xalqın övladı olduğunu indi daha aydın göstərir.
Diaspor fəaliyyətindən və xeyriyyəçilik təşəbbüslərindən dolayı F.Məmmədova hər zaman sayğımızı bildirməklə, onun yanlışını da demək borcumuzdur.
Bu Vətən üçün nə bacarırsınızsa, bu xalqın övladları üçün nəyə gücünüz çatırsa, edin – ancaq minnətsiz, dövlətlə üz-üzə gəlməməklə; Bu millət üçün etdiklərinizin başında həm də yalan xəbərlərə uymamaq, barmaq silkələməmək vacibdir – istəməyərəkdən “dövlət baba”nı küsdürməyin. Çünki bundan siz də uduzarsınız, biz də…