Bu, cəmiyyətə öz mənfi təsirini göstərir – Akademik

19-12-2018, 07:04           
Bu, cəmiyyətə öz mənfi təsirini göstərir – Akademik
Xalqın həyat tərzində inkişaf nə qədər yüksək səviyyədə gedirsə, dil də onunla paralel şəkildə inkişafını tənzimləyir.

Kult.az xəbər verir ki, bu sözləri bu sözləri bu gün Azərbaycan Dillər Universitetində Universitetin Filologiya və jurnalistika fakültəsinin virtual jurnalistika kafedrasının müəllimi Nərgiz Cavadzadənin təşkilatçılığı ilə “KİV-də Azərbaycan dilinin təmizliyinin qorunması” mövzusunda keçirilən dəyirmi masada çıxışında Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov deyib. Onun sözlərinə görə, dilin qarşısını sədlərlə almaq olmaz:

“Dil başqa dillərdən sözlər almalı, ünsiyyətə girməli və tərkibində müəyyən dəyişikliklər etməlidir. Ədəbi dilimizdə qarşılığı olan sözlər əvəzinə, alınma sözdən istifadə doğru deyil. Eləcə də dilimizə daxil olan alınma söz artıq bizim sözümüzdür, ədəbi dilimizdə hüquq qazanan sözü işlətmək borcumuzdur. Amma dilimizin yersiz olaraq başqa dillərin təsirinə düşməsinə imkan vermək olmaz. Mətbuatda dil qüsuru cəmiyyətə öz mənfi təsirini göstərir. Gərək jurnalist müstəqilliyin verdiyi imkandan öz üslubunun ortaya qoyulmasında istifadə edə bilsin. Biz jurnalistin əl-qolunu bağlaya bilmərik ki, öz üslubunu tapmasın. Jurnalist söz manevri də etməli, mövzuya yanaşmanın da yeni-yeni yollarını axtarmalıdır. Əlbəttə, dilin leksik, qrammatik qaydalarını pozarsa, üslub pərakəndəliyinə yol verərsə, dilə ziyan vuracaq. Biz istedadlı jurnalistlərin qayğısına qalmalı, onlara meydan verməliyik ki, öz üslublarını tapa bilsinlər”.

Muxtar İmanov Azərbaycan Prezidenti İlham Əliyevin dilin inkişafı, onun təmizliyi, dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı imzaladığı sərəncamlara toxunub:

“Ölkə başçısı tərəfindən imzalanan Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılmasını nəzərdə tutan sonuncu Sərəncam bu baxımdan çox əhəmiyyətlidir. Çünki bu mərkəz dilin bugünkü praktik vəziyyəti ilə məşğul olub, müəyyən nəticə və təhlillər aparıb, jurnalistlərə, qələm sahiblərinə öz tövsiyələrini verəcək”.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov isə vurğulayıb ki, Azərbaycan dili dövlətimizin müstəqilliyinin əsas şərtlərindən biri, mənəvi varlığımızın təzahürüdür:

“Dünyadakı xalqların az hissəsinin dili dövlət dilidir, dövlətimizin dilinin Azərbaycan dili olması bizim üçün qürurvericidir. Dilimiz qədim, zəngindir, əcnəbi dildə elə bir kitab ola bilməz ki, onu Azərbaycan dilinə tərcümə etmək mümkün olmasın. Biz dilə məhəbbəti aşılamalıyıq, bir insan Azərbaycan dilinin nəyə qadir olduğunu bilsə, onda həmin insan dilimizi sevəcək”.

Əflatun Amaşov qeyd edib ki, dilimizin saflığının qorunmasına hər zaman dövlət səviyyəsində diqqət göstərilir: “Müstəqillik əldə etdikdən sonra bu istiqamətdə 30-a yaxın dövlət sənədi qəbul olunub. O sənədlərin hər birində dilimizin təmizliyi, onun yad təsirlərdən qorunması, Azərbaycan dilinin işləkliyinin təmin olunması əsas şərt kimi qoyulub”.

Onun sözlərinə görə, Mətbuat Şurası yaranandan Dil Komissiyası, eləcə də Monitorinq Mərkəzi formalaşdırılıb:

“Mütəmadi olaraq KİV-də dil məsələsini gündəmə gətirdik, onu bir neçə istiqamətdə təhlil etdik. Bunlardan birincisi leksik istiqamət idi ki, dialektlərdən, yaxud kənardan gələn sözlərin vətəndaşlıq hüququ qazanıb-qazanmadığı istiqamətində müşahidələr apardıq. Söz vətəndaşlıq hüququ qazanmırsa, yaddan çıxıb gedir. Ən qorxulu məsələ qrammatik sahədə dilimizə olan təsirdir. O sayaq maneələr ədəbi dilin sistemini dəyişir. Üslub xətaları ilə bağlı da monitorinqlər aparırıq. Sonuncu tədbirimizi keçirdik, 15-ə yaxın qəzetin, təqribən 10 xəbər portalının monitorinqini apardıq, durğu işarələri ilə bağlı səhvlər minlərlədir. İstənilən qəzetdə bu səhvlərin şahidi oluruq, hətta bir çox materiallarda şəxs əvəzliklərindən sonra vergül qoyulur. Apardığımız monitorinqlərin nəticələri göstərir ki, leksik istiqamətdə olan səhvlər getdikcə azalır, ən problemli məsələ qrammatik normaların pozulması ilə bağlıdır. Rus dilindən dilimizə “kalka”lar daxil olub, məsələn “baxmayaraq”, “hansı ki” tipli sözlərdən çox istifadə olunur.

Türk dili ilə bağlı müəyyən məqamlara toxunuldu. Azərbaycan dili də türk dilləri qrupuna daxildir və öz zənginliyi ilə seçilir. Dilimizə daxil olan sözü başqa söz əvəz etmirsə, onun Azərbaycan dilində qalmasının nə qədər məqsədəuyğun olması da ciddi məsələlərdən biridir”.

Jurnalistikadakı problemlərə gəlincə, Əflatun Amaşov hesab edir ki, bu problem ailədən, orta məktəbdən, hətta universitetdən gəlir: “Qəzetdə işləməyə gələn ali məktəb məzunu sadalanan səhvləri edirsə, o zaman buna kifayət qədər ciddi yanaşmalıyıq. Öz dilimizi sevməsək, bu kimi səhvləri aradan qaldırmaq çətin olacaq”.
Əflatun Amaşovun fikrincə, bəzi redaksiyalarda korrektura sisteminin olmaması ciddi fəsadlar yaradır: “Bəzi redaksiyalarda yazılar redaktə olunmur. Cizgi filmlərinin, kinoların tərcüməsində qüsurların şahidi oluruq. Təbii ki, bunlar maliyyə tələb edir. Rus dilinə tərcümə olunan filmlər daha peşəkar olur. Çünki rus dilinə tərcümə olunan filmlər daha çox maliyyə tələb edir və bu maliyyə ödənilir. Azərbaycan dilinə tərcümə edilən filmlərdə isə müəyyən nöqsanlar olur. Dilimizə tərcümə olunan filmlər maliyyəsizlikdən keyfiyyətsiz alınır. Bunların da müəyyən rolu var. Bu problemləri çözüb, ədəbi dil normalarına əməl olunması üçün çıxış yolları axtarmalıyıq. Problemlərin həlli üçün Dilçilik İnstitutunun nəzdində yaradılacaq Monitorinq Mərkəzinin üzərinə böyük yük düşəcək”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.