Bakıda fəhlələr yenə krana dırmaşıblar: - "Maaşımızı verməsəniz, özümüzü atacağıq"

19-12-2018, 09:32           
Bakıda fəhlələr yenə krana dırmaşıblar: - "Maaşımızı verməsəniz, özümüzü atacağıq"
Bakının Xətai rayonunun fəhlələri etiraz forması və təzyiq metodu kimi intiharla hədələməni seçiblər. Bu barədə Sputnik Azərbaycan-a Xətai Rayon Polis İdarəsindən məlumat verilib.

Polis Gəncə prospektində yerləşən "Engener Constra" ASC tikinti şirkətində dekabrın 17-də baş verən xoşagəlməz insidenti araşdırır. Şirkətin icraçı direktoru, 39 yaşlı Pərviz Əkbərov Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə müraciət edib. O bildirib ki, 6 gün əvvəl şirkət bir neçə işçini işə götürüb.

İşçilərin işə qəbulu rəsmiləşdirilsə də, onlar öz vəzifə öhdəliklərini yerinə yetirməyiblər. Dekabrın 17-də şirkətin ofisinə gələn həmin şəhər sakinləri - Anar İstrafilov, Sabir Yarıyev və Emin İsmayılov işləmək arzularını ifadə ediblər. Lakin şirkətin rəhbərliyi işə səhlənkar yanaşdıqlarına görə, onlarla işləməkdən imtina edib.

Ancaq bu üçlük inadkarlıq edərək onlara təzminat ödənilməsini tələb edib. Onlar bir kranın üzərinə dırmaşıblar və şirkət onlara 4 min manat ödəməyəcəyi təqdirdə, özlərini oradan atacaqları ilə hədələyiblər.

Şirkətin əməkdaşları intiharın qarşısını almaq və ölümün baş verməsini ənəgəlləmək üçün işçilərin tələbini yerinə yetirərək onlara 4 min manat ödəyiblər. Pulu Yarıyevin qardaşı İbrahim Yarıyev götürüb. Yalnız bundan sonra işçilər aşağı eniblər.

Lakin aşağıda artıq etirazçıları polis gözləyirmiş. Polis onları vəziyyətin araşdırılması üçün şöbəyə aparıb.

Qeyd edək ki, Xətai RPİ-nin əməkdaşları üçün kranın köməyi ilə intihara cəhd edənləri zərərsizləşdirmək və istintaqa cəlb etmək elə də çətin deyil. Çünki onlar artıq bu vəziyyətə öyrəncəlidirlər.

Belə ki, bu il sentyabrın 5-də tikinti şirkətinin 6 əməkdaşı bir neçə ay ərzində üst-üstə yığılmış əmək haqlarının verilməsi tələbi ilə krana dırmaşmışdı. Onlar əməkhaqları ödənilməyəcəyi təqdirdə özlərini krandan aşağı atacaqları ilə hədələmişdilər.

Bununla yanaşı, avqusun 28-də eyni şirkətin digər dörd fəhləsi Süleyman Vəzirov küçəsi, 17 ünvanında tikilməkdə olan binanın 16-cı mərtəbəsinə çıxaraq əmək haqlarının ödənilməsini tələb etmişdilər. Tələbləri qısa zamanda yerinə yetirilməsə, intihar edəcəklərini bildirmişdilər. Burada da məlum olmuşdu ki, tikinti şirkətinin rəhbərliyi işçilərə bir neçə aydır əməkhaqqı ödəməyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.