Azərbaycan hakimiyyəti daxilində nə baş verir?

20-10-2015, 00:30           

Son ildə dünya bazarlarında neftin qiymətinin kəskin ucuzlaşması, cari ilin fevral ayında Azərbaycanda manatın dəyərdən düşməsi hakimiyyəti müəyyən sınaqlar qarşısında qoydu.
Bakı 2015 Birinci Avropa Oyunları zamanı büdcədən ayırlmış xeyli vəsaitin yenidən büdcəyə qayıtmaması siyasi böhranın əsasını qoydu.
Maliyyə sıxıntıları göstərdi ki, hakimiyyətin böhran vəziyyətində idarəetmə planı yoxdur.
Və neft ucuzlaşdıqca yalnız iqtisadi deyil, hakimiyyətdaxili böhran da özünü biruzə verməyə başladı.
Hakimiyyət böhrandan çıxış yolu kimi oliqarxları həbs etmək və onları məsuliyyətə cəlb etmək istiqamətində ilkin addımları atsa da, növbənin idarəetmədə yüksək nüfuz sahiblərinə çatacağı da proqnozlaşdırırdı.
Eldar Mahmudovun çıxarılması

Ötən həftə dövlət başçısı İlham Əliyevin sərəncamı ilə milli təhlükəsizlik naziri Eldar Mahmudov tutduğu vəzifədən azad edildi. Əslində, ilk baxışda burada qeyri-adi bir şey yoxdur.
Kiminsə hansı vəzifəyə gətirilməsi və yaxud azad olunması normal haldır. Yalnız, bu hadisədən sonra mətbuatda sabiq nazirin və MTN-in digər yüksək rütbəli əməkdaşlarının saxlanılması və həbsi xəbərinin yayılması sualların və versiyaların yaranmasına səbəb oldu.
Qeyri-rəsmi məlumatlara görə, MTN ölkədə kiçik və orta biznesin dirçəlməsinə, inkişafına qarşı əsas cəza mexanizminə çevrilmişdi.
Belə ki, dinləmə qurğularının köməyi ilə ölkənin biznes-elitasının, habelə orta biznesin tanınmış nümayəndələrinin fəaliyyətinin izlənilməsi barədə xəbərlər yayılırdı.
Bugünədək nə MTN-dən, nə də Prezident Administrasiyasından nazirin işdən çıxarılmasının səbəbləri barədə rəsmi informasiya verilmir və BBC-nin prezidentin mətbuat katibindən açıqlama almaq cəhdi də uğursuz oldu.
Ancaq ilk və hələki ən mötəbər açıqlama isə Milli Məclisdən gəldi.
Normalda, hakimiyyətin ali qanunverici orqanı və onun nümayəndəsinin belə hadisələrlə bağlı açıqlama vermir. Ancaq Azərbaycan hökuməti mediaya açıq olmadığından, adətən böhranlı hallarda açıqlamalar hakimiyyətə yaxın millət vəkillərindən gəlir.
Və nəzərə alsaq ki, açıqlamanın müəllifi Zahid Oruc Milli Məclisin Təhlükəsizlik Komitəsinin üzvüdür, o zaman vəziyyətin həqiqətən gərgin olduğu aydın nəzərə çarpır.
Maraqlıdır ki, Orucun da fikirləri qeyri-rəsmi məlumatlarla üst-üstə düşür.

Cənab Oruc hesab edir ki, prezident İlham Əliyev ötən həftə keçirdiyi kabinet müşavirəsində sahibkarlığın boğulmasını, sahibkarların müxtəlif soyulmalara məruz qaldığını vurğulayarkən məhz Milli Təhlükəsizlik Naziriyini nəzərdə tutub.
"Çünki iş adamları üzərində töycü və təhkimçilik qaydalarını quran, onlardan qanunsuz ödəmələr tələb edən nə qədər dəhşətli olsa da, təhlükəsizlik qurumunun təmsilçiləri idi", Zahid Oruc modern.az saytına açıqlamasında deyib.

Klan müharibəsi
"Rüşvətxorluq, korrupsiya, yoxlamalar, lisenziyalar, haqqoyma olmasaydı, görün, büdcəmiz nə qədər arta bilərdi?! Buna nə qədər dözmək olar?! Artıq qurtardı, yəni, hövsələ tükənib. Hər kəs nəticə çıxarsın. Nəticə çıxarmasa, cəzalandırılacaq”, Prezident Əliyev müşavirədə nazirlərə belə demişdi.
İstər Eldar Mahmudovun ətrafında, istərsə də Ziya Məmmədovun səlahiyyətlərinin alınması məsələləri ətrafında hakimiyyətin öz kadrlarına münasibətinin nə üçün 180 dərəcə dəyişilməsi aydın sezildiyi kimi, “nə baş verir” sualına da səbəb olur.
Keçmiş səfir Arif Məmmədovun sözlərinə görə, Eldar Mahmudov hakimiyyətdə bir çox məşhur nazirlərin də daxil olduğu iri klanlardan birinin başçısı idi.
Ancaq millət vəkili Fərəc Quliyevin fikrincə, hakimiyyətin daxilində heç bir mübarizə getmir. O BBC-ə müsahibəsində deyib ki, Eldar Mahmudovun işdən azad olunması hakimiyyətdə "klanlararası" mübarizə yox, adi kadr dəyişikliyinin nəticəsidir.
İlham Əliyev kabinet müşavirəsində çıxış edərkən, sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olduğunu və yoxlamaların həddindən artıq çox olduğunu bildirmişdi.
Prezidentin son aylarda Nəqliyyat Nazirliyilə bağlı verdiyi - müxtəlif idarələrin nazirliyin tabeçiliyindən alınmasına dair qərarlar hakimiyyətdəki oliqarxların bir-birilə mübarizəsinin və nazir Ziya Məmmədovun rəqib oliqarxlar tərəfindən gözdən çıxarılmasının nəticəsi kimi qiymətləndirilirdi.

Nəqliyyat naziri Ziya Məmmədovun, ilin 9 ayının iqtisadi yekunlarına həsr olunmuş müşavirədə iştirak etməməsi isə, belə spekulyasiyaların daha da artmasına yol açdı.
Nəqliyyat sahəsi müdafiə sənayesindən sonra ən çox vəsait ayrılan sahədir. Belə ki, bu sahə daha çox ictimai xarakter daşıdığından, büdcədən xeyli vəsait ayrılsa da, əhalinin ən çox narazı qaldığı sahədir. İstər yol çəkilişi, istərsə də nəqliyyat infrastrukturu dəfələrə tənqidə məruz qalıb.
Neytrallaşdırma
Böhran artdıqca çox güman ki, hadisələrin bütün detalları üzə çıxacaq. Məsələn, Nəqliyyat Nazirliyinin icra etdiyi layihələrdə vəsaitin xərclənməsi ilə bağlı yoxlamaların aparılması bəzi məqamları aça bilər.
Maliyyə şəffaflığı Nazirliyin əsas problemidir. Belə ki, büdcə vəsaitlərinin istifadə olunması ilə bağlı son 4-5 ildə bir dəfə də olsun tenderin keçirilməsinə dair məlumat verilməyib. Tenderlər əsasən beynəlxalq donorların ayırdığı vəsaitlərə şamil olunub.
Ziya Məmmədov hələ ki, işdən çıxarılmasa da, ölkə başçısı tərəfindən başqa yolla "cəzalandırılıb".
Ziya Məmmədovun “Transqeyt” şirkətinə məxsus marşrut avtobusları xətdən kənarlaşdırılıb, taksi fəaliyyəti üçün lisenziyanın verilməsi ASAN Xidmətə tapşırılıb, “Azərbaycan Dəmir Yolları” ASC Nəqliyyat Nazirliyinin tabeliyindən çıxarılıb.
Paytaxtda yol tikintisi Bakı Şəhər İcra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Sərnişindaşıma sahəsi də Bakı Şəhər İcra Hakimiyyətinə verilib. Nəqliyyat müfəttişliyinin səlahiyyətləri isə DYP-yə verilib.
Devalvasiyadan sonra ayrı-ayrı sahibkarlara, biznes strukturlarına hücumlardan sonra bu qurumları qeyri-rəsmi idarə edən məmurlar da hədəf göstərildi.
Təbii ki, onların dərhal vəzifədən uzaqlaşdırılması problem həll yox, daha çox dərinləşdirə bilərdi. Buna görə də, ilk növbədə neytrallaşdırma prosesinin getdyinin şahidiyik. Bütün məmurlara eyni metodla yanaşılmır. BBC/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.