Elçin Behbudovdan Eldar Mahmudov barədə 10 ay əvvəlki ilginc sözlər... - Xatırlatma
26-10-2015, 20:56
Bu gün mətbuatda sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun adı ətrafında cərəyan edən hadisələrlə bağlı tanınmış hüquq müdafiəçisi Elçin Behbudovun da adı hallanıb.
Qafqazinfo.az saytının iddiayasına görə, hazırda onun MTN-dəki cinayətkar şəbəkə ilə əlaqəsi də araşdırılır.
E. Behbudov özü isə bu deyilənləri təkzib edib. ““Eldar Mahmudov mənim əmin oğlu deyil, dayım oğlu deyil. Mənim onunla heç bir əlaqələrim olmayıb. Kim nə yazıbsa bu mənlik deyil, şayiədir. Məni bununla bağlı heç bir yerə dəvət etməyiblər. Mən hüquq müdafiəçisiyəm” deyə o bildirib.
Qaynar.info isə E. Behbudovun E. Mahmudovla bağlı yuxarıda söylədiklərinin tam əksi olan açıqlamalarını üzə çıxarıb. Belə ki, indi mənim “Eldar Mahmudovla heç bir əlaqəm olmayıb” deyən hüquq müdafiəıçisi, bu ilin yanvarında azvision.az-a açıqlamasında sabiq MTN “şef”i ilə bağlı tam fərqli danışıb və onunla dost olduğunu vurğulayıb.
Qaynar.info maraqlı olacağını nəzərə alıb Elçin müəllimin həmin vaxt dediklərini təqdim edirik:
““Eldar Mahmudov hələ milli təhlükəsizlik naziri təyin olunmamışdan öncə bizim tanışlığımız var idi. O, çox peşəkar əməliyyat işçisidir. Gözəl ailə başçısıdır...
Eldar müəllim nazir təyin olunandan sonra nə qədər terror aktlarının, dövlət əleyhinə olan ağır cinayətlərin qarşısı alınıb. Bütün bunların hamsı Eldar müəllimin zəhməti sayəsində baş verib. O, nazir təyin olunandan sonra MTN-nin texniki və əməliyyat bazası daha da gücləndirilib. Nazirliyin əməkdaşlarının mənzil şəraiti yaxşılaşdırılıb...
Çox adamlar MTN-nin adı gələndə çəkinirlər. Eldar müəllim xasiyyətcə çox gözəl və səmimi insandır. Ona görə də mən Eldar müəllimi çox istəyirəm. Bəziləri deyirlər ki, milli təhlükəsizlik nazirinin çox ağır xasiyyəti var. Amma Eldar müəllimin ətrafında olan insanların hamısı bilirlər ki, o necə insandır. Hər kəs Eldar müəllimin xətrini çox istəyir. Eldar müəllimin sərtliyini hiss eləməmişəm. Nazirliyin əməkdaşları Eldar müəllimə çox hörmətlə yanaşırlar və onun xətrini istəyirlər. Eldar müəllimlə dəfələrlə təklikdə görüşmüşəm, görüşürəm də. Eldar müəllim qaldırdığım bütün məsələlərin həllinə çalışıb. Milli Təhlükəsizlik Nazirliyi bizim dövlətin dayaq sütunudur.
Mən Eldar müəllimin əsəbləşməsini görməmişəm. Eldar müəllim həm dövlətə, həm də prezidentə sadiq bir insandır. O, dövlətçiliyi sevən bir şəxsdir. Eldar müəllimdən mən “yox” sözü eşitməmişəm...
Eldar müəllimin gözəl ailəsi var. O, yaxşı atadır. Eldar müəllim də bütün atalar kimi oğlunun xoşbəxt olmasını istəyir. Eldar müəllimin oğlunun adı heç vaxt pis hallanmayıb. O, çox yaxşı övladdır. Hər şey tərbiyədən aslıdır. Valideyn uşağa necə tərbiyə verərsə, bələ də davam edəcək. Bəzi nazilərin oğlanları yüz hoqqadan çıxırlar. Ancaq Eldar müəllimin oğlunun adı heç bir krilminal hadisədə hallanmayıb. Anar gözəl ailə tərbiyəsi alıb. Eldar müəllimlə oğlu Anar arasında pərdə var. Amma elə oğullar var ki atalarına kobud cavab verilər. Amma Anar elə oğlanlardan deyil. Anar çox ağıllı gəncdir. Anar atasının yanında işləmir. O, başqa yerdə işləyir...
Eldar müəllimin qaynı ilə də mən çox yaxın olmuşam. O, Azərbaycanın Milli Qəhrəmanı Riyad Əhmədovdur. O, Daşaltı əməliyyat zamanı erməni birləşmələri tərəfindən qətlə yetirilib. Allah ona rəhmət eləsin!”
Bizim bu açıqlamaları yayınlamaqda şübhəsiz, hər hansı başqa məqsədimiz yoxdur və ola da bilməz, niyyətimiz hörmətli hüquq müdafiəçisinin bu gün adının hallandırıldığı məsələdə həqiqət payı olub-olmadığını müəyyənləşdirmək də deyil.
Sadəcə, onun 10 ay öncə sabiq nazirlə çox yaxın münasibətləri olduğunu gizlətməyən Elçin müəllimin indi onunla hər hansı əlaqəsinin olmadığını söyləməsi bizə qəribə gəldi...