MTN-də daha geniş təmizləmə gözlənilir - Seçkilərdən sonra...

27-10-2015, 11:21           
MTN-də daha geniş təmizləmə gözlənilir - Seçkilərdən sonra...
Milli Təhlükəsizlik Nazirliyindəki “təmizləmələr” davam edir. İdarə və şöbə rəisləri tutduqları vəzifələrdən uzaqlaşdırılır, sıravi işçilərin E.Mahmudovun komandasından olub-olmaması saf-çürük edilir. Mədət Quliyevin qurumun rəhbərliyinə gətirilməsi ilə başlanan prosesin 1 həftə sonra keçiriləcək parlament seçkilərindən sonra daha böyük miqyas alacağı bildirilir.

Hazırda Baş Prokurorluqda illərlə qapalı qalan MTN-lə əlaqəli işlərin qruplaşdırılması da davam etdirilir. Seçkidən sonra Eldar Mahmudovun 11 illik nazirliyi dövründə baş verən cinayətlərlə bağlı ictimaiyyətə əlavə açıqlamaların veriləcəyi də gözlənilir. Hələlik isə seçkiöncəsi olduğundan hakimiyyət qurumda baş verənlərlə bağlı informasiyaların yayılmasında o qədər də maraqlı deyil...

Mahmudov haradadır?

Oktyabrın 17-də Eldar Mahmudov milli təhlükəsizlik naziri postundan uzaqlaşdırılmazdan əvvəl Prezident Administrasiyasına çağırılıb. Orada nazirin telefonları götürülüb. E.Mahmudov Prezident Administrasiyasında olduğu dəqiqələrdə televiziyada, mətbuatda onun tutduğu vəzifədən azad olunması haqda prezidentin sərəncamı yayılıb. E.Mahmudovu Prezident Administrasiyasında nəzarət altında yaşadığı ünvana aparıblar. Hazırda Eldar Mahmudov nəzarətdədir.
(Qudasının anasının yasına getməyi sayılmasa. T.İ.)

Sabiq nazirin yaxın adamı Danimarkaya qaçıb

Redaksiyamıza daxil olan məlumatda qeyd olunur ki, MTN-də həyata keçirilən əməliyyat məxfi keçirilsə də, E.Mahmudovun bəzi adamları ölkə sərhədlərini aşmağa imkan tapıblar. Onlardan birinin Danimarkaya qaçması haqda məlumat var. Qeyd olunur ki, həmin şəxs 2 il əvvələ qədər sabiq nazirin ən yaxın çevrəsinə daxil olub. Sonradan isə onunla E.Mahmudovun münasibətləri korlanıb. Buna görə də o, nazirin ətrafında olmayıb. Bununla belə, həmin şəxsin MTN-də, birbaşa Eldar Mahmudovun ətrafında cərəyan edənlərdən məlumatlı olması, sabiq nazirin bir çox sirlərinə vaqif olması onu istintaq üçün qiymətli şahidə çevirə bilərdi. Belə bir şəxsin ölkədən çıxarılmasının təsadüfi olmadığı deyilir.

Eldar Mahmudovun haqq yığanı...

MTN-dəki həbslərdən sonra aydın oldu ki, qurumda rüşvətlə vəzifəyə təyin etmə geniş yayılıb. Vaxtilə rüşvətin keçmədiyi bir qurum tamamilə rüşvət bataqlığına çevrilib. Qaynağımız deyib ki, Namiq Abbasovun nazir olduğu dövrdə MTN-də 500-ə yaxın vakant yer olub. Həmin yerlərə N.Abbasov təcrübəli kardların olmaması səbəbindən təyinatlar etməyib. E.Mahmudov nazir təyin olunandan 5-6 ay sonra həmin ştatlara təyinatlar gerçəkləşib. MTN-də illərlə boş qalan postları varlı şəxslərin övladları tutub.

MTN-in xərac toplayanları...

11 il ərzində MTN-in rayon şöbələrindən xərac toplanması da redaksiyamıza daxil olan məlumatlar sırasındadır. Qaynağımız bildirib ki, əvvəllər nazirin köməkçisi, sonradan Xüsusi İnspektorluğun rəisi polkovnik Qədir Əkbərov və onun sağ əli hesab olunan İslam adlı şəxs əməkdaşları təqib edərək daima rüşvət verməyə məcbur edib. MTN-dəki bütün qanunsuz işdən azad etmələrin başında Qədir Əkbərovun durması haqda da iddia var. Bildirilir ki, bu şəxs hər ay MTN-in rayon şöbələrinin rəislərindən haqq-hesab yığıb.

Ermənistandan gələn zəngin və xüsusi əməliyyatların qazandırdığı milyonlar...

MTN-də sahibkarların qanunsuz olaraq saxlanılması, onların qondarma ittihamlarla təhdid edilərək pul alınması haqda geniş məlumatlar da var. Redaksiyamıza daxil olan məlumatda isə MTN-çilərin pul qoparmaq və eyni zamanda iş gördükləri qənaətinin formalaşması üçün atdıqları ağlasığmaz addımlar haqda da bilgi verilir. Qaynağımız deyib ki, Azərbaycanda nümayəndəlikləri olan ən müxtəlif şirkətlərdən “Ermənistanla danışmısız” ittihamı ilə pul qoparılıb.

Rüşvətqoparma sxemi isə belə olub: Bu və ya digər şirkətin rəhbərliyi əvvəlcə quruma dəvət olunub. Dəvət olunmuş şəxsə üzərinə böyük məbləğ yazılmış kağız parçası təqdim olunub. Həmin məbləği ödəmək istəməyən sahibkar heç bir maneəsiz qurumdan buraxılıb.
Bundan sonra çirkin plan işə düşüb. Qaynağımız bildirir ki, Rusiyada erməni əsilli şəxs tapıb ona Bakıya zəng edib bu və ya digər şirkətin malları, qiymətləri ilə maraqlanmaq tapşırılıb. Az sonra isə həmin şirkətə erməni zəng edib onların satdıqları mallarla maraqlanır. Rus dilində aparılan danışıqların sonunda danışanın erməni olmasına işarə vurulurmuş. 3 gün sonra isə şirkətdə MTN xüsusi əməliyyat keçirib və “Ermənistanla danışmısız, dövlətə xəyanət etmisiz” ittihamı irəli sürülürmüş.

Dövlətə xəyanət ittihamı ilə həbs olunanların ömürlük azadlıqdan məhrum edildiklərini xatırlatmaqla sahibkarlardan böyük məbləğlərdə rüşvət alınırmış. Qurulan oyunun - Bakıdakı şirkətə erməninin zəng etməsinin MTN-çilər tərəfindən təşkil edilməsini isə sahibkarın məhkəmədə sübut etməsi bir qayda olaraq mümkün olmurmuş. Əlbəttə ki, iş məhkəməyə gedib çıxardısa...

Məhkəməyə göndərilən işlər isə MTN-in dövlətə xəyanət etmişləri aşkarlayaraq zərərsizləşdirməsi haqda statistik məlumatlarda özünə layiqli yer tutub. Belə “xüsusi əməliyyatlar”da fərqlənənlərin “İgidliyə görə” və digər orden və medallarla, rütbələrlə təltif olunmaları üçün ölkə rəhbərliyinə təqdimatlar yazılıb. Həqiqi igidlik edərək ölkənin maraqlarını müdafiə etmiş MTN-çilərə isə ögey münasibət sərgilənib.

Belə “xüsusi əməliyyat”ların qurbanına çevrilən sahibkarların bir çoxu böyük məbləğlərdə pul ödəməklə canlarını qurtarmağa üstünlük veriblər. Onların bəziləri bu gün də bu haqda danışmağa cürət eləmir....

Sahibkarın anası: “Oğluma orada işgəncə veriblər, ayağını sındırıblar”

Hazırda həbsdə olan sahibkar Vəliyev Hafiz Ramiz oğlunun anası Dilzarə Vəliyeva “qafqazinfo”ya deyib ki, 2013-cü ilin may ayında oğlunu heç bir günahı olmadan qanunsuz olaraq MTN əməkdaşları həbs ediblər: “Oğlum İrandan qab-qacaq gətirməklə məşğul idi. O, İrana mal dalınca gedərkən aeroportda MTN əməkdaşları tərəfindən saxlanılıb. Üç gündən sonra onun yerini bildik. Ondan qanunsuz olaraq 100 min manat pul tələb ediblər. Hafiz kiçik bizneslə məşğul idi. Bu qədər pulu hardan alsın? Tələb olunan rüşvəti vermədiyi üçün onun boynuna yalandan narkotik ittihamını qoydular. Vəkil tutmaq istəsək də, MTN buna imkan vermədi. 1 il yarımdır ki, MTN yollarında qalmışıq. Oğluma orada işgəncə veriblər, ayağını sındırıblar. Biz məsələni gizli saxlamayıb ictimailəşdirdiyimiz üçün oğlumun boynuna növbəti yalan ittiham ”vətənə xəyanət" ittihamı kimi ağır maddəni qoydular. 01.08.2014- cü il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə CM-in 274 və 234.4.3-cü maddəsi ilə ittiham olunaraq ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
Oğlumla bərabər, onun ətrafında olan 12-yə yaxın iş adamını da tutmuşdular. Amma onlardan pullarını alıb buraxdılar".

D. Vəliyeva qeyd edib ki, oğlunu tanıyanlar onun necə vətənpərvər insan olduğunu yaxşı bilirlər: “Amma yalandan onun boynuna bu ağır maddəni qoyublar, ömürlük həbsə məhkum ediblər. 3 qız övladı atalarının yolunu səbirsizliklə gözləyir. Biz haqsızlığın qurbanı olaraq ömürlük azadlıqdan məhrum edilmiş övladımızın tezliklə həbsdən çıxmasını istəyirik. Ümid edirik ki, MTN-in quldur dəstəsinə qarşı mübarizə aparıldığı bir vaxtda bizim müraciətimiz də müvafiq qurumlar tərəfindən araşdırılacaq. Cənab prezidentə də müraciət edərək ədalətin bərpa olunması üçün ondan yardım istəyirik”.

Hazırda MTN cinayətləri ilə bağlı yaradılan istintaq qrupunda iş adamlarının dindirilməsi prosesi davam edir. Məlumatlara görə, onlarla iş adamı qrupa müraciət edərək məruz qaldıqları təzyiqlər, ödədikləri pullarla bağlı məlumatlar verirlər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.