Bakıda piyadanı “Range Rover”lə vurub qaçan Mahir Əsədov barədə müəmma - SUALI EŞİDƏN DƏSTƏYİ ASIR...

2-05-2019, 17:42           
Bakıda piyadanı “Range Rover”lə vurub qaçan Mahir Əsədov barədə müəmma - SUALI EŞİDƏN DƏSTƏYİ ASIR...
Bakının Nizami rayonunda, M.Əliyev küçəsində, “Neolit” şadlıq sarayının qarşısında aprelin 30-da axşam saatlarında idarə etdiyi “Range Rover” avtomobili ilə (90 OG 002 dövlət nömrə nişanlı) piyadanı vurub hadisə yerindən qaçan Mahir Əsədovun barəsində müəmmalı vəziyyət yaranıb.

Virtualaz.org xəbər verir ki, hadisədən iki gün keçsə də bu şəxsin saxlanılıb-saxlanılmadığı barədə hələ də heç bir rəsmi məlumat verilməyib. Ümumiyyətlə, müvafiq strukturlarda bu hadisə və hadisəni törədən sürücü haqda sualı eşidən kimi dəstəyi asıblar.

Bu arada səhiyyə qaynaqlarından həmin piyadanın kimliyini nəhayət dəqiqləşdirmək mümkün olub. Məlum olub ki, həmin şəxs 1978-ci ildə anadan olmuş Rüfət Məmmədovdur. O, 3 saylı Şəhər Kliniki Xəstəxanasındadır və vəziyyəti kritik ağır olaraq qalır, həyati təhlükəsi var.

Xatırladaq ki, şahidlərin bildirdiyinə görə “Range Rover” sürücüsü piyadanı idarə etdiyi avtomobillə vuraraq yolun qarşı hərəkət hissəsinə atıb, bu zaman “Mersedes” markalı başqa avtomobil də piyadanın üstündən keçib. “Range Rover” sürücüsü avtomobili saxlamayıb və sürətlə hadisə yerindən uzaqlaşıb.

Həmin sürücünün 90 OG 002 dövlət nömrə nişanı daşıyan, dəyəri 100 min dollardan yuxarı olan azı 3 avtomobilin sahibi olduğu məlumdur, bu barədə fotoları sosial şəbəkələrdə görmək olar. Virtualaz.org M.Əsədov barəsində qeyri-rəsmi mənbələrdən ancaq onu öyrənə bilmişdi ki, həmin şəxs “Vorovski” qəsəbəsində yaşayır, “çox nüfuzlu biri” kimi tanınır və biznesmendir, “Ağ şəhər”də binalar inşa edir.

Piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsini Nizami rayon Polis İdarəsinin müstəntiqi Vüsal Rzayev araşdırır. Əməkdaşımız müstəntiqlə telefon əlaqəsi saxlayıb, ondan təhqiqatın gedişi və sürücü M.Əsədovun saxlanılıb-saxlanılmadığı haqda soruşub. Müstəntiq “prokurorluqda olduğunu, 15 dəqiqə sonra bu haqda məlumat verəcəyini” deyib. Daha sonra çoxsaylı telefon zənglərinə cavab verməyib. Digər müvafiq strukturlarda da M.Əsədov haqda sualı eşidən kimi ya qeyri-müəyyən cavablar veriblər, ya dəstəyi asıblar...

Qeyd edək ki, indiki halda sürücünün məsuliyyəti daha da ağırlaşmış hesab olunmalıdır, çünki o vurduğu piyadanı yaralı və köməksiz halda qoyaraq hadisə yerindən qaçıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.