Şuşanın qapılarını açmağımız üçün bir təpik lazımdır... - Əlimizdə ciddi DİPLOMATİK İSTİNAD var...

5-11-2015, 18:00           
Şuşanın qapılarını açmağımız üçün bir təpik lazımdır... - Əlimizdə ciddi DİPLOMATİK İSTİNAD var...
Az əvvəl mühüm bir məlumat yayıldı. Xəbərdə deyilirdi ki, AŞPA öz hesabatında Qarabağdakı duruma real qiymətini açıqlayıb və tələblərini irəli sürüb.

“Ermənistan silahlı qüvvələri və digər qanunsuz silahlı dəstələr Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərindən çıxarılmalı və ATƏT-in Minsk Qrupu prosesi çərçivəsində Azərbaycanın bu ərazilərdə tam suverenliyini bərpa edilməlidir". Bu barədə noyabrın 5-də Avropa Şurası Parlament Assambleyasının Demokratiya və Siyasi Məsələlər Komitəsinin məruzəçisi Robert Valterin "Azərbaycanın Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərində zorakılığın artmasına dair” hazırladığı hesabat əsasında bu komitədə qəbul olunan qətnamə layihəsində deyilir. Sənəddə Ermənistan və Dağlıq Qarabağ arasında dəhlizin, həmçinin Azərbaycanın digər ərazisindən Naxçıvana çıxışın təmin olunması da daxil olmaqla, etimad tədbirləri ilə birlikdə təhlükəsizlik və daxili özünüidarəçiliyi təmin etmək məqsədilə Dağlıq Qarabağın müvəqqəti statusunu müəyyən etmək üçün Minsk Qrupunun plenar iclasının keçirilməsinə çağırılır.

Təmas xəttindəki dinc əhalinin qəsdən hədəfə alınmasının qətiyyətlə pisləndiyi layihədə təəssüflə qeyd edilir ki, Dağlıq Qarabağ problemi digər beynəlxalq böhranların fonunda kənarda qalıb: "Bir qədər də ləngimə bu “dondurulmuş” münaqişənin həllini daha da ağırlaşdıracaq. Hansı ki, bu münaqişə 2014-cü ilin əvvəlindən 100-ə yaxın insanın ölümünə səbəb olub və Avropa Şurasının iki üzv ölkəsi arasında real müharibəyə çevrilə bilər”.

Komitə Azərbaycan və Ermənistanı 2001-ci ildə Avropa Şurasına üzv olarkən Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız sülh xarakterli vasitələrdən istifadə etmək barədə üzərlərinə götürdükləri öhdəliyi yerinə yetirməyə çağıraraq hər iki hökuməti silahlı qüvvələrdən istifadə etməkdən çəkinməyə səsləyir.

Sənəddə Dalıq Qarabağ və digər işğal olunmuş ərazilərdə təhlükəsizliyi dəstəkləmək, məcburi köçkünlərin təhlükəsiz qayıdışı və yerləşdirilməsini təmin etmək, atəşkəs rejiminin pozulmasını araşdırmaq mexanizmini yaratmaq üçün ATƏT tərəfindən sülhməramlı qüvvələrin yaradılması çağırışı əksini tapıb.

Qətnamə layihəsi 2016-cı ilin yanvar sessiyasında assambleyanın iclasında müzakirə olunacaq.

DİA.AZ bildirir ki, əslində bu sənəd hazırda Azərbaycan dövləti üçün Qarabağın azadlığı yolunda mühüm əhəmiyyət kəsb etməkdədir. Çünki istənilən halda Ermənistan tərəfi nə sülhə əməl edən deyil və nə də sənəddə əks olunan digər müddəalara. Xüsusən də Dağlıq Qarabağda Azərbaycan dövlətinin suverenliyinin bərpasına...

Belə olan təqdirdə artıq rəsmi Bakı üşün tək qalanı məhz bu sənədə söykənərək Avropa Şurası Parlament Assamleyasının da sənədində tələb kimi irəli sürülən işğal olunmuş ərazilərdə Azərbaycanın dövlət suverenliyinin bərpası üçün digər vasitəyə - SABAŞ QƏRARINA əl atsın.

Artıq rəsmi Bakı çox uğurlu gediş etməklə belə bir mühüm DİPLOMATİK İSTİNAD əldə edib.

Əslində belə diplomatik istinadlar dünənə qədər də var idi və yetərincədir. Amma son olaraq AŞPA-nın adından belə bir hesabatın yayılması artıq hərb yolunu vazkeçilməz bir vasitə kimi dəyərləndirməyə həvəsli görünən Azərbaycan tərəfi üçün göydəndüşmə fürsətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.