Andronik heykəlini uçuran mərd azərbaycanlı KİMDİR? - Heydər Əliyev onu belə xilas etmişdi

25-12-2019, 01:22           
 Andronik heykəlini uçuran mərd azərbaycanlı KİMDİR? - Heydər Əliyev onu belə xilas etmişdi
Həsən Süleymanovun ibrətamiz həyatı...
Həsən Süleymanov 1962-ci ildə, 30 yaşı olarkən Azərbaycan SSRİ-nin Daşkəsən rayonunun birinci katibi vəzifəsinə təyin edilmişdi. İxtisasca geoloq olan bu şəxs, əhalisinin yarısına yaxınını erməni olan rayonun ən vətənpərvər simalarından biri idi.

Keçək hadisəyə...

1966-cı ildə Daşkəsən Rayon İcraiyyə Komitəsinin sədri Xocayan Mərkəzi Komitəyə məktubla müraciət etdi. Məktubda II Dünya müharibəsində həlak olan Daşkəsən rayon Bayans kəndinin sakinləri şərəfinə abidə ucaltmaq üçün torpaq ayrılması xahiş edilirdi. Heykəlin hazırlanmasına xərclənəcək vəsait isə kəndlilərdən “könüllü” yığılmışdı. Qısa vaxt ərzində cavab gəldi, Moskva ermənilərə heykəl ucaltmağa icazə vermişdi ...

Üç il ərzində memar Rafael İsraelyan və heykəltaraş Aro Arutunyan 3 metr hündürlükdə, 7 ton ağırlığındakı abidə üzərində çalışdılar. Nəticədə 1969-cu ilin iyununda heykəl hazır oldu. Ancaq heykəlin Bayans kəndinin həlak olan ermənilərinə heç bir aidiyyatı yox idi, heykəl illərlə Azərbaycan türklərinin qanını tökmüş terrorçu Andronikinin təsviri idi. Beləliklə, tarixi türk torpağı olan Daşkəsəndə türk düşməni Andronikin heykəli ucaldıldı.

26 iyun, 1969-cu ildə axşam saat doqquz radələrində Daşkəsən rayonunun birinci katibi Həsən Süleymanovun qapısı həyəcanla döyüldü. Qapını döyən yaşlı bir kənd sakini idi. “Sən bilirsən ermənilər kimə abidə qoyublar? Sən bilirsən ki, onlar Adronikə heykəl ucaldıblar?” – deyə, qadın soruşdu. Həsən Süleymanov həyəcanlandı və qəzəbləndi. Rayon icra katibi idi, ermənilərin 3 ildir bir heykəl üzərində çalışdıqlarını bilirdi, lakin bu heykəl kənd sakinlərinə həsr olunmalı idi, Adronikə yox. Heykəli gözləri ilə gördü, bir seçim etməli idi, mərkəzin əmrinə tabe olmayaraq heykəli sökdürüb, vəzifəsini, bəlkə də, həyatını itirəcək ya da torpaqlarında erməni cəlladının heykəli olmasıyla razılaşacaqdı.

O, razı olmadı, dərhal Zəylik kəndində yerləşən mədənə gedərək özüylə bir işçi və buldozer götürərək heykəlin qarşısına yollandı. Gecəylə heykəli sökdürdü və qalıqlarını Daşkəsənin ucqar aşırımlarından yuvarladı. Süleymanov başına açılacaq oyunlardan xəbərdar idi, ancaq o heykəl onun xalqının qürurunu incidir, şəxsiyyətini alçaldırdı.

Təbii ki, onun bu hərəkəti cavabsız qalmadı. Daşkəsəndə rəhbər vəzifələrdə çalışan ermənilər Həsən Süleymanov haqqında Bakıya və Moskvaya ardıcıl şikayətlər yazdılar. O, erməni və azərbaycanlılar arasındakı dosluğu təhqir etmək və Azərbaycanda millətlərarası düşmənçiliyi qızışdırmaqda ittiham edildi. Nəticədə siyasi büro bu mərd azərbaycanlı haqqında qərar verdi: “Şəxsi işinə yazılmaqla töhmət verilsin və tutduğu vəzifədən azad edilsin”.

Bəli, vətənini, xalqını sevən və öz rayonunda xalqının qanını tökmüş terrorçunun heykəlini görməyi qəbul etməyən Həsən Süleymanov yoldaşı Solmaz xanım və iki azyaşlı qızı ilə düz iki il, işsiz, mənzilsiz, yarı ac, yarı tox yaşadı.

İki il sonra isə şans yenə bu mərd geoloqun üzünə güldü. O, Xəzər Dəniz Kəşfiyyat İdarəsinin rəis müavini təyin edildi. Həsən Süleymanov artıq nəzarətdə, himayədə idi. Onun işdən azad olunmasına səssiz qalmağa məcbur olan Azərbaycan SSRİ-nin birinci katibi Heydər Əliyev onu həbsdən xilas etmiş və karyerasında yolunu açmışdı.

Bunu, 1998-ci ildə Azərbaycan ziyalıları ilə görüşdə prezident Heydər Əliyev Bəxtiyar Vahabzadənin Andronikin heykəlini uçuran icra katibinin taleyi haqqında verdiyi suala cavab verərkən açıqlayır:

heydər əliyev ziyalılar ile ilgili görsel sonucu

“O dövr SSRİ-yə rəhbərlik edən Brejnev erməni heykəlini uçuran icra katibi Həsən Süleymanovun işindən azad edilərək həbs edilməsi haqqında qərar vermişdi. Lakin mənim onun iki azyaşlı övladına yazığım gəldi, onun həbs edilməsinə mane oldum”.

Tale bəzən mərd insanların üzünə gülür. Ermənilərin rəhbər vəzifələr tutduğu, əhalisinin təxminən yarısının erməni olduğu Daşkəsəndə sovet dövründə Andronikin heykəlini uçurmaq o qədər də asan iş deyildi.

Ən önəmlisi isə o idi ki, Həsən Süleymanov bu əməlindən heç vaxt peşman olmadı. Ondan böyük qızı illər sonra Daşkəsən əhvalatını xatırladaraq soruşur: “Üstündən bu qədər il keçib, o heykəli uçurduğuna görə heyfslənməmisənmi heç?”

Həsən Süleymanov belə cavab verir: “Mən heç nəyə heyfslənmirəm, bu gün olsaydı yenə eyni hərəkəti edərdim”...

Bu gün Həsən Süleymanov kimi şəxsiyyətlər biz, torpaqlarında Adronikin övladlarının at oynatdığı nəsillər üçün ibrət və dəyərli nümunədir...
Nicat İSMAYILOV
https/ednews.net/
Teref.az olaraq zəruri qeyd:Daşkəsəndə ermənilər qartal heykəli düzəltmişdilər, lakin bu qatalın başı Andronikin başı olub.
Rəhmətlik Həsən Süleymanov Naxçıvanın Şahtaxtı kəndindən olub.
Nurəddin Xoca.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.