Elza Seyidcahan seçki günü döyülüb? - Polis araşdırır, məntəqə sədri günahı müğənnidə görür

12-02-2020, 17:14           
Elza Seyidcahan seçki günü döyülüb? - Polis araşdırır, məntəqə sədri günahı müğənnidə görür
54 saylı Şabran-Siyəzən Seçki Dairəsindən namizədliyini irəli sürən və 9 fevralda bacısı ilə birgə döyüldüyünü iddia edən müğənni Elza Seyidcahan iki gündür ki, xəstəxanada müalicə olunur.
Qeyd edək ki, Elza Seyidcahanın namizəd olduğu dairənin 13 saylı seçki məntəqəsində - Şabran rayon Dəvəçi kənd Mədəniyyət Evinin binasında dava olduğuna dair məlumat var. Müşahidəçilər, Elza Seyidcahan və bacısının dava zamanı xəsarət aldığını deyir. Müğənni isə məntəqə sədrinin alt paltarından Qurbanov Sadiqin xeyrinə saxta sənədlər çıxdığını iddia edib. Buna etiraz etdikdə fiziki zorakılığa məruz qaldığını bildirib.
Seçkilərdə uduzan ifaçının “İnstagram”da halının pisləşdiyi və Xızıdan Bakıya xəstəxanaya gətirildiyi ilə bağlı görüntülər yayılıb. Bacısı və kürəkənini köməkliyi ilə maşına otuzdurulan Elza Bakıya gətirilib və xəstəxanaya yerləşdirilib.
Məsələ ilə bağlı müğənninin döyüldüyü iddia edilən məntəqə ilə əlaqə yaratdıq.
54 saylı Şabran-Siyəzən Seçki Dairəsində 13 saylı məntəqənin sədri Kamran Şahverdiyev Cebhe.info-ya açıqlamasında seçki günü orada döyülmə faktının olmadığını bildirib:
“Xeyr, məntəqədə heç nə olmayıb. Döyülmə faktı olmayıb, yalan söhbətdir. Sadəcə, onun müşahidəçisi bizi incidib və seçkinin keçirilməsinə imkan verməyib. Heç kim nə döyülüb, nə də söyülüb. Xəstəxanada yatmağı isə onun öz şəxsi işidir”.
Qeyd edək ki, sənətçinin döyülməsi ilə bağlı iddiasına Daxili İşlər Nazirliyindən (DİN) də reaksiya verilib. DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.
“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə nazirlikdən vurğulanıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.