Günahkar Santuş deyil, dağıdıcı Elxan Məmmədovu yamsılamaqdan əl çəkin!
Bu gün, 09:18

“Getmirəm, istəyirsizsə, pulumu ödəyin, gedim”. Millimizin baş məşqçisi Fernandu Santuşun cavabı kifayət qədər aydındır. O, istefa haqqında düşünmür və bundan sonra heç bir təklif almayacağını bildiyindən ömrünün qalan hissəsini rahat keçirmək üçün pul istəyir.
Cahangir Fərəcullayevin emosional, bir az da qeyri-diplomatik açıqlamasının cavabı heç yarım saat keçməmiş verildi. AFFA-nın baş katibinin “Santuş istefa verməsə, özümüz tədbir görəcəyik” açıqlamasının cavabını portuqaliyalı qanuna əsaslanaraq çatdırdı. Müqaviləsi var və onun üçün millimizin necə uduzmasının heç bir önəmi yoxdur, anlaşmasının sonunadək postunda qalmaq istəyir.
Santuşun “Hamı cəzalanmalıdır” deməsi də təsadüfi deyil. O, legioner limitini ləğv edənlərdən İnkişaf Strategiyasını rəfə qaldıranlaradək, futbolçulardan özünədək hamının günahkar olduğuna işarə vurur və haqlıdır. Ən çox haqlı olan isə mətbuatdır. İllərdir, aylardır eyni şeyi yazırıq – milli komandaya dünyanın ən yaxşı baş məşqçisi də təyin edilsə, vəziyyət dəyişməyəcək. Ölkənin futbol sistemi çürükdür və ümumi struktur dəyişməyincə fərdlərin hədəf göstərilməsi yanlışdır, başaldamadır, publikaya oynamaq cəhdidir.
Günah Santuşda yox, onu bu posta gətirənlərdədir. Futbolçu potensialın yoxdursa, bu qədər yüksək ödənişli məşqçiyə nə gərək var idi? Berti Foqts, Nikola Yurçeviç, Canni de Byazi, Fernandu Santuş və başqalarına xərclənən onmilyonlar futbolun inkişafına yönəldilsəydi, sağlam iş qurulsaydı, indi sabaha daha çox ümid edərdik. Amma dünən həm əsas komandanın, həm də gələcəyin komandası olacaq U-21-in 5 cavabsız top buraxması göstərdi ki, yenə zaman itiririk.
İslandiyanın millimizə vurduğu alçaldıcı qollar 11 nəfərin günahı deyildi, AFFA başda olmaqla bütün futbol ictimaiyyəti bu bataqlığın memarıdır. AFFA-nın yeni rəhbərliyi il yarımdır sələflərini yamsılamaqla məşğuldur, yalnız kreslodakı adlar dəyişib, futbolun həqiqi inkişafı üçün zərrə qədər iş görülməyib. O zaman niyə İslandiyada xal qazanacağımızı gözəyək ki?
Santuşu qovmaq üçün heç bir əsas yoxdur. Hiyləgər qoca təqdimat mərasimində hədəfin Avro-2028 olduğunu açıqlamıçdı, cari seçmə mərhələ üçün heç nə vəd etməmişdi. Deməli, hələ də haqlı tərəfdir. Düzdür, millimizin indi oynadığı futbolla hər hansı hədəf xəyaldır, lakin müqavilə şərtləri və verilən vədlər yerindədir.
İndiki AFFA rəhbərliyi Elxan Məmmədovun bərbad günə qoyduğu futbolun meyvələrini dərir. Sabiq icraçı vitse-prezident Azərbaycanda 200 minə yaxın insanın futbolla məşğul olduğu barədə saxta statistika hazırlamışdı. Hanı həmin 200 min? Bu, 400 min əhalisi olan İslandiyanın yarısı qədər insanın futbolla məşğul olması demək idi. İndi isə bəlli olur ki, meydana çıxarmağa heç 20 nəfərimiz yoxdur. 16-17 il ölkə futbolunun bünövrəsinə külüng çalanlar indikilərə bərbad miras qoyub. Halbuki Rövnəq Abdullayevi formal prezidentkimi kresloya əyləşdirib onun səxavətini öz maraqları üçün səfərbər edən Elşad Nəsirov, Elxan Məmmədov və onların dəstəsinin üzvləri vaxtında düzgün bünövrə qoysaydı, indi milli komandaya 20 yox, 2000 namizəd olardı, rəqabət inkişaf gətrərdi.
O zaman yalnız sabiqləri günahlandırardıq ki, nəticə baxımından da olmasa, ümumi işin gedişində hər hansı yenilik olsun. Heyhat! Xələflər Elxan Məmmədovu yamsılamaqla məşğuldur, belədə gələcək üçün hər hansı ümid işığı görünmür. Betərin betəri olacaq – Santuşla da, Santuşsuz da. Təkcə məşqçini yox, sistemi, strukturu, işə yanaşmanı, ümumi baxışı dəyişmək lazımdır. Avrokuboklarda klubları 1-2 mərhələdən uzağa getməyən ölkənin yığması niyə oyunçuları Avropaya səpələnən islandları yensin ki?
“Qaabağ” istisnası var. Və elə o istisna da bütün sualların cavabıdır. Ağdam klubu sübut edir ki, Azərbaycanda futbolda nəticə vermək olar. Fərq ondadır ki, bu klubla AFFA-nın futbola baxışı, işə yanaşması fərqlidir. Biri uğur formulunun tərənnümçüsüdür, digəri Elxan Məmmədov ənənələrinin davamçısı. Ən pisi isə odur ki, yaxşı nümunə daşqalaq edilir, uğursuzluq mücəssəməsi olanlar isə…
Çünki heç kim öz yerində deyil, futbol bu sahəyə yaxından-uzaqdan dəxli olmayan insanlara həvalə edilib. Onlar da akbinet işi ilə meydandakı işin fərqini anlaya bilmir.
Guya Santuş getsə nə dəyişəcək? B planı varmı? Varsa, nə qədər etibarlıdır? Biz əcnəbi məşqçinin gətirilməsinn yanlış olduğunu yazanda hamı kar, kor olmuşdu, milyonları dağıtmaq üçün axına qarşı üzürdülər, indi isə sel hamını qarşısına alıb aparır, boğulmamaq üçün Santuş adlı saman çöpündən yapışılıb.
Santuş istefa vermədi, indi AFFA-nın hansı “tədbirlər” görəcəyini gözləyirik…
VÜSAL MAHMUDOV