İxtisara düşəcək məmurların siyahısı açıqlandı...

Bu gün, 09:47           
İxtisara düşəcək məmurların siyahısı açıqlandı...
Azərbaycanda bir sıra nazirliklərin ləğv olunacağı, bəzi qurumlarda ixtisarların aparılacağı barədə xəbərlər yayılıb.
Lüzumsuz və bir-birini təkrarlayan idarə, şöbə və sektorların fəaliyyətinə son qoyulmasına yaranan zərurət əsas etibarilə dövlət büdcəsinə ciddi qənaət etməkdir desək yanılmarıq. Şübhəsiz ki, bu hal baş verərsə bir çox şəxslərin işsiz qalma təhlükəsi var. Proseslərin əsas etibarilə dövət qulluqçularına təsirini nəzərə alsaq gedişatın elə də asan olmayacağı nəzərə çarpır.

Hansı qurum və strukturlarda islahat aparılması məqsədəuyğun ola bilər? Bu barədə fikirlərimi sizinlə bölüşmək istədim. Jurnalist və dövlət qulluğu təcrübəmə əsaslanaraq bir sıra məqamlara toxunacam.

ƏMƏLİYYAT-İSTİNTAQ İDARƏLƏRİ

Dövlət qurumlarının bəzilərində əməliyyat-istintaq baş idarələri, cinayətlərin araşdırılması baş idarələri mövcuddur. Hüquqpozmalar, korrupsiya, cinayətkarlıqla mübarizə aparan hüquq mühafizə orqanları var ikən az qala hər qurumda əməliyyat-istintaq baş idarələrinin olması nə qədər vacibdir?

Konstitusiyaya əsasən Respublikanın Baş Prokurorluğu qanunların icra və tətbiq olunmasına nəzarət edirsə, cinayət işləri başlayır və istintaq aparırsa, məhkəmədə dövlət ittihamını müdafiə edirsə və bu sahədə geniş səlahiyyətlərə malikdirsə hüquq mühafizə orqanı olmayan qurumların əməliyat-istintaq idarələrinin varlığına nə ehtiyac var? Qurum daxilində baş verər hüquqpozmalarla bağlı eyni qurumun nəzarəti altında araşdırılma aparılması nə qədər ədalətli ola bilər?

GÖMRÜK, SƏHİYYƏ, QİDA TƏHLÜKƏSİZLİYİNİN EKSPERTİZA LABORATORİYALARI

Dövlət Gömrük Komitəsi Respublika ərazisində gömrük ekspertizasını aparan qurumdur. Necə deyərlər bu bineyi-qədimdən belə olub. Komitənin müasir laboratoriyası da fəaliyyət göstərir. Komitə də hər zaman bu sahədə yenilikləri tətbiq edib, müasir avadanlıqların təchizatı, maddi-texniki bazanın güclənməsi istiqamətində səylərini əsirgəməyib. Bu faktı danmaq olmaz.

Qida Təhlükəsizliyi Agentliyi yaranandan sonra isə zamanla gömrük postlarında Agentliyin əməkdaşları görünməyə başladı. Bir müddət sonra isə eyni sistem, yəni laboratoriya Qida Təhlükəsizliyi Agentliyində də quruldu və sahibkar üçün əlavə yük artdı. Ölkəyə məhsul idxal edən sahibkarın malları Gömrük ekspertizasından keçəndən sonra Qida Təhlükəsizliyinin laboratoriyasında da yoxlanılmağa başladı. Bu isə əlavə rüsum demək idi. Xatırladaq ki, bir sıra məhsulların Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanıldığını da yaddan çıxarmaq lazım deyil. Məlum proses də əlavə rüsum və sahibkar üçün maliyyə yükü deməkdir. Bütün maliyyə xərcləri isə ölkəyə gətirilən məhsulun maya dəyərinə təsir edir və nəticədə bahalaşma müşahidə olunur.

Qida Təhlükəsizliyi Agentliyinin Dövlət Gömrük Komitəsinin, Səhiyyə Nazirliyinin Analitik Tibbi Ekspertiza Mərkəzinin fəaliyyəti ilə eynilik təşkil edən sahələri əlavə büdcə xərcləri və bəzən haqlı narazılıqlara səbəb ollur.

Hazırda bu istiqamətdə mövcud olan vəziyyət real olaraq sahibkar üçün problem yaradır. Əlavə sertifikatlar, yersiz get-gəllər, çoxsaylı tələblər bürokratik əngəl kimi qiymətləndirilə bilər.

Mərkəzi İcra hakimiyyəti orqanı olan Qida Təhlükəsizliyi Agentliyinin daxili strukturunda belə bir-birini təkrar edən artıq sektorlar da mövcuddur ki, bu sektorların birləşməsi də xərcləri azalda bilər.

NAZİRLİKLƏRİN EYNİ ADLI BAŞ İDARƏ, ŞÖBƏ VƏ SEKTORLARI

Bir sıra nazirliklər yarananda öz strukturlarını əsas etibarilə qonşu Rusiyanın eyni adlı qurumlarının strukturları ilə oxşar yaradıblar. Bəzi rəsmi qurumların fəaliyyətinə nəzər salanda bu fakta rast gəlmək mümkündür. Bu hal Nazirliyin Mərkəzi Aparatında olan baş idarə, idarə və şöbələrin eyni fəaliyyət istiqamətində çalışması ilə nəticələnib. Verilən hesabatlarda belə ziddiyətlər yaranıb. Hətta bəzi nazirliklər yarandığı dövrdə bir neçə dəfə strukturunda dəyişiklik etməyə məcbur olub. Regionlarda da tabeli qurumların tərkibində eyni adlı sektorların mövcudluğu qurum tərəfindən həyata keçirilən planlı yoxlamalarda sahibkar üçün müəyyən problemlər yaradır. Hətta bəzi inspektorların bölgələrdə gözdən uzaq fəaliyyətləri də heç kimə sirr deyil. Səlahiyyət sahiblərinin çoxluğu və əllərində təsir imkanlarının olması iş adamlarına, biznes strukturlarının fəaliyyətnə mütləq zərər vurur.

İCRA HAKİMİYYƏTLƏRİ

İslahat və büdcəyə qənaətdən söhbət gedirsə bu məqamda İcra Hakimiyyətləri diqqətsiz qalmamalıdır.

İcra Hakimiyyətlərinin hansı səlahiyyətləri var? İşıq, su, qaz və digər kommunal təminat icra hakimiyyətlərinin səlahiyyətində deyil. İcra hakimiyyətlərinin ən mütərəqqi işi ərazidə tikintiyə, ticarət obyektlərinin genişlənməsinə, küçə ticarətinə NƏZARƏT etməkdir. İcra Hakimiyyəti strukturunda icra başçısından sonra ən diqqətəlayiq şəxs isə Baş Memardır. Ən çox baş ağrısını da elə o yaşayır. Zamanla yaşananlar, həbslər də buna da sübutdur.

Digər gəlirli sahə hesab olunan yaşıllaşdırma belə Bakının rayonlarında icra başçılarının səlahiyyətindən kənardır. Bu sahə birbaşa Bakı Şəhəri İcra Hakimiyyətinin səlahiyyətindədir. Kommunal Təsərrüfat Birliklərinin isə keçmiş dövrə aid nüfuz və təsir imkanları azalıb. Kommunal Təsərrüfat Birlikləri və Departamentin tabelyində olan qarajda avtomobillərin təmiri, yanacaq təminatı və digər təchizat işləri də gəlirli sahəyə aid edilə bilıər. Bu mexanizm hər zaman işləkdir. Küçələrdə yaşıllıqların suvarılması, küçələrin yuyulması, qışda duz, qum səpilməsi (çox zaman olmayan işə görə aparılan qeydiyyat) və sair fasiləsiz “xidmət”in qazancları.

Amma bu gün Bakı və ətrafında kommunal təsərrüfat sahəsində real fəaliyyət necədir bu da hər kəsə bəllidir.

İcra hakimiyyətlərinin islahata ciddi ehtiyacı var. İstər Bakı və rayonlarında, istərsə də Bakı ətrafı və Respublikanın digər ərazilərində.

Bu siyahını çox uzatmaq olar. Hər halda daha dəqiq və detallı məqamları Maliyyə Nazirliyi nəzərdən keçirəcək. Çünki bəzi mərkəzi icra hakimiyyəti orqanlarının ştat vahidlərinin nə qədər vacib olub-olmaması, təyinatı üzrə maliyyənin xərclənib-xərclənməməsini Maliyyə Nazirliyi müəyyən edəcək. Bir sıra qurumlarda Hesablama Palatası tərəfindən yoxlama aparılması da zəruridir.

Tural Müseyibov
Ajans.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru