"Akademiyada ”islahat”a başlayanlar Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışırlar..."

5-08-2020, 11:32           
"Akademiyada ”islahat”a başlayanlar Cümhuriyyət banilərinə qarşı kif basmış konsepsiyanı dirçəltməyə çalışırlar..."
"Adı - Azərbaycan, paytaxtı - Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş M.Ə.Rəsulzadə və onun silahdaşları yaradıb..."

Moderator.az redaksiyasına BDU-nun Azərbaycan tarixi kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Boran Əzizin 1918-1920-ci illərdə, cəmi 23 ay fəaliyyət göstərmiş, fəqət, 71 il sonra hələ də sağlam qalmış ideoloji-siyasi təməlləri üzərində çağdaş dövlətimiz qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, onların gerçək amal və əməlləri, həmin dövlət xadimlərinə sovet dövründə və bu gün edilən böhtan və qarayaxma cəhdlərindən bəhs edən “Cümhuriyyət qurucularına sevgi və nifrət: səbəbləri və nəticələri...” adlı yeni məqaləsi təqdim olunub. Aktuallıını nəzərə alaraq sözügedən materialı dəyərli oxucularımızın müzakirəsinə buraxırıq.

“Sovetlər dönəmində Cümhuriyyətə və onun qurucularına olan böhtanlar, başlıca olaraq işğal rejimi və ona xidmət edən ideologiya ilə bağlı olmuşdur. Təəssüf ki, müstəqillik illərində, o cümlədən yaşadığımız indiki zamanda da qurucu babalarımıza qarşı olduqca hiyləgər formada, məkrli məqsədlərlə hucumlar edilməkdədir. Ancaq belə qarayaxma cəhdləri nə o dövrdə, nə də indi Cümhuriyyəti qurarkən ordusu, büdcəsi olmayan, məlum səbəblərdən hətta paytaxtına belə gələ bilməyən,”yoxdan bir bayraq yaradan”qurucu babalarımıza insanların sevgisini, ürəklərdən onlara olan məhəbbəti silə bilməmişdir...

Apardığımız araşdırmalar, mənbələrin və müxtəlif tədqiqatların müqayisəli təhlili nəticəsində gəldiyim qənaətə görə bunun bir çox səbəbləri var.



Məlumdur ki, Azərbaycanın dövlətçilik tarixi e.ə. III-II minillikdən başlayır. Bu zamandan Cümhuriyyətə qədər olan müddətdə xalqımızın yaratmış olduğu dövlətlərin adları və paytaxtları müxtəlif olmuşdur. Adı - Azərbaycan, paytaxtı - Bakı olan dövləti tarixdə ilk dəfə torpağı nurla dolmuş M.Ə.Rəsulzadə və onun silahdaşları yaradıb.

Cümhuriyyətə qədər Vətənimizin ərazisində qurulan dövlətləri ayrı-ayrı ailələr, sülalələr yaratmışlar. İlk dəfə olaraq əhalinin müxtəlif təbəqələri içərisindən çıxmış ziyalılar, müxtəlif bölgələrdən olan insanlar bir inam, bir ideologiya əsasında birləşib milli təəssübkeşliyi yüksək olan sahibkarların da yaxından köməyi ilə Milli dövlət - Cümhuriyyət qurmuşdular.

Qurucu babalarımız min bir əziyyətlə yaratdıqları dövlətin yeraltı və yerüstü zənginliklərindən şəxsi məqsədləri üçün istifadə etməmişdilər. Onlar var-dövlət yığmamış, xarici ölkələrin banklarına pul köçürməmiş, çoxlu sayda imarət, villa ucaltmamış, gəlirli obyektlər ələ keçirməmişdilər. Əksinə, onlar özləri ilə bərabər ata və babalarının var-dövlətini, mal-mülkünü yaratdıqları dövlətin möhkəmlənməsi və tanınması yolunda böyük ürək açıqlığı ilə sərf etmişdilər. Torpağı nurla dolmuş bu dahi insanlar acgözlükdən, görməmişlikdən, qohumbazlıq düşüncəsindən uzaq, gözü-könlü tox şəxsiyyətlər olmuşlar. Buna aid çoxsaylı misallardan cəmisi bir neçəsi bu şəxslərin hansı əxlaqa, dünyagörüşünə sahib olduqlarını tam sübut edir. Bunlardan biri Cümhuriyyətin Baş naziri olarkən Nəsib bəyin atasına məktub yazaraq bağını qamış ilə hasarlamaq üçün borc pul istəməsi və atasının ona tarixi cavabıdır. (Bax: N. Şeyxzamanlı. Azərbaycan istiqlal mücadiləsi xatirələri. B., 1999).

Digər bir xarakterik çıxış Cümhuriyyət parlamentinin üzvü F.Xoyski və N.Yusifbəylinin təşkil etdiyi hökumətdə Yollar, Poçt və Teleqraf naziri olmuş Xudadat bəy Məlikaslanovun parlamentin 1919-cu il noyabrın 6-da keçirilən 93-cü iclasındakı çıxışıdır:

“Möhtərəm məbuslar! Siz bilirsiniz ki, hökumət üzvlərinin və nümayəndələrinin o qədər iqtidarları yoxdur ki, öz evləri üçün lazım olan əşyaları alsınlar ki, xaricdən gələn qonaqları da qəbul etsinlər. Qeyri yerdən gələn çox olur. Məsələn, İngiltərədən, İtaliyadan, Fransada, Amerikadan çox nümayəndələr gəlirlər. Onları qəbul etmək üçün küçəbəküçə gəzib yer axtarırıq. Ya gəlməmişdən fikir edirik ki, hansı yerdə və kimin evində onları qəbul edəcəyik. Hökumət qərar qoymuşdur ki, o cür nümayəndələri qəbul üçün bir ev tədarükündə olsunlar. Onun üçün də bir şey alınsın. ...Sizin özünüzə də məlumdur ki, sədrimizin (N.Yusifbəyi nəzərdə tutulur- B.Ə.) evi burada deyil və o şeylər ki, alınacaqdır, sədrin olmayıb, hökumətin olacaqdır. ... sədr hökumət başından çıxandan sonra yenə hökumətə qalacaqdır. ...Sədrimiz Nəsib bəy başqa hökumət nümayəndələrini qəbul etmək üçün əşya alınması üçün heyəti vükaləyə müraciət eylədi.... Ucuz olmaq üçün və bir nəfər buranı tərk edib şeylərini satmalı olduğu üçün bu iş də əmələ gətirildi. ...Bu işlər hökumət sədrinə və xariciyyə nazirinə (F.Xoyski nəzərdə tutulur-B.Ə) şəxsi deyil, hökumət malı hesabı ilə verilmişdir. Siz özünüz bilirsiniz ki, bu son zamanlarda, ... gələn-gedən çoxdur. Biz quru yerdə oturub çörək yeyə bilərik. Amma qonaqlara belə müamilə etmək olmaz. ... Onların adəti ilə rəftar etmək lazımdır. Məsələn, mən Tiflisdə bir əcnəbi nümayəndəsinin yanına getmək üçün sürtük (pencək- B.Ə.) tapmağa məcbur oldum. Nə isə bu halları nəzərə alaraq, bu şeylərin alınması lazım görüldü ki, nümayəndələr gəldikdə avaraçılıq olmasın”. Baş nazirin evi üçün ikinci əldən alınan əşyalar da o vəzifədən gedərkən ya pulu alınmalı, ya da dövlətə qaytarılmalı idi. (Bax:Azərbaycan Xalq Cümhuriyyəti(1918-1920)Parlament.II.,c.B.,1998;N.Yaqublu.Cümhuriyyət qurucuları .B.,2018)

Cümhuriyyəti qurarkən onun nə dövlət büdcəsi, nə bir manat pulu, nə silahlı qüvvələri, hətta paytaxtları belə var idi. Hökumətin hansı şəraitdə, necə çətin bir vəziyyətdə yarandığıı söyləyən F.Xoyski deyirdi:

“...Fəqət vaxta baxıb tərəziyə qoyulmalıdır ki, bu işləri hansı hökumət və nə vaxt etmişdir? Tarixi, sabiqəsi, əsgər və xəzinəsi olan hökumətmi? Yoxsa iki gündə təşkil olunmuş, pulsuz və əsgərsiz hökumətmi? ... Hökumət bir zamanda təşkil olundu ki, Batum nümayəndələrinə pul göndərmək lazım olduğu halda, on min manat tapılmayıb Tiflisdən borc axtarılırdı...Yalnız böyük zəlalət bu idi ki, hökumətimiz hədər olan kimi idi. Zira, hürriyyət, ədalət və əxvət bayrağı daşıyan firqələr Bakını əlimizdən almış idi, bizi paytaxtsız buraxmış idi. Azərbaycanın köksü, paytaxtının sahibi olan müsəlman milləti qətliam edilmiş idilər...”

Məsələ burasındadır ki, çar Rusiyası “XIX əsrin başında Azərbaycanı istilaya girişdiyi zaman qarşısında sözün müasir mənasında milli birliyini anlamış bir Azərbaycan deyil, bir-birinin müqəddəratına laqeyd xanlıqlardan ibarət zəif bir məmləkət görmüşdü” (M.Məmmədzadə. Milli Azərbaycan hərəkatı. B., 1992,)

Qurucu babalarımız çar Rusiyasının məqsədyönlü şəkildə param-parça edib müxtəlif quberniya və qəzalara böldüyü torpaqlarımızda yoxdan bir dövlət, Şimaldakı torpaqlarımızın əksər hissəsini əhatə edən, 97, 3 min kv. km mübahisəsiz ərazidən ibarət olan, müsəlman türk dünyasında ilk demokratik, dünyəvi dövləti – Azərbaycan Cümhuriyyətini yarada bildilər. Nəticədə buna qədər yalnız coğrafi məfhum olan Azərbaycan ilk dəfə beynəlxalq hüququn subyektinə çevrildi.

Çar Rusiyası insanlarımıza “inorodsı”,”yadelli”,” gəlmə”, müsəlman, tatar kimi adlar vermişdi. Ziyalılar insanların öz kökünün türk olmasını anlaması üçün müqəddəs bir işə başladılar. Amma bunun üçün onlar əvvəlcə Vətənimizin adını dəqiq bilməli idilər. “Haradır və haradadır Azərbaycan” sualına cavab tapmalı idilər. (Geniş məlumat üçün bax: K.Şükürov. “Akademik Bartoldun səhvi və Stalin mifi, yaxud Azərbaycan və azərbaycanlılar haqqında” 525-ci qəzet, 28.11.2016; B.Əziz. “Azərbaycan adının anlamı və tarixi ərazisi”. Azərbaycan, rus və ingilis dillərində. B., 2017; Solmaz Rüstəmova -Tohidi. “Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti”. B., 2018).

Cümhuriyyətin adına vaxtilə çar Rusiyası və Müvəqqəti Hökumətin xarici işlər naziri işləmiş Sazanov, Milyukov, rus bilim adamları - Bartold, Paxomov, Krımski, Sisoyev, bolşevik Rusiyası, qonşu İran dövləti və onların rəsmi qəzetləri etiraz etmiş, I Dünya müharibəsinin qalibləri olan ingilis və ABŞ hərbçiləri isə, ən yumşaq şəkildə desək, bu adı təəccüblə qarşılamış, bunu Türkiyə hərbçilərinin intriqası hesab etmişlər...

Bütövlükdə dövlətçilik tariximizdə xüsusi yeri olan Cümhuriyyət qurucuları 350-dən çox ilkə imza atmışdılar.

Dünyanın müxtəlif ölkələrinə səpələnmiş əlli milyonluq bir xalqa belə möhtəşəm bir əsər yadigar qoyub getmiş qurucu babalarımızı ehtiramla yad etmək, xatirələrini uca tutmaq çiyinlərimizin borcudur. Bu səbəbdən belə dəyərləri yaşadan, bölüşən insanların qəlbində onlar özlərinə əbədi, əzəmətli heykəl qoymuşlar.

Cümhuriyyətimiz XI Qırmızı Ordu tərəfindən işğal edildikdən sonra 1920-ci ilin mayın 16-da Moskvadan Bakıya gələn Nəriman Nərimanov “Təzə Pir” məscidinin qarşısında “... xalqa xitabən söylədiyi nitqində deyir ki, “Xüsusi bir komissiya təşkl etdik. Bu komissiya keçmiş hökumətin sənədlərini tədqiq edir. Bir neçə gün sonra nəticəni elan edəcək, o vaxt siz də görəcəksiniz ki, nə kimi xainlər sizi idarə edirmiş”. Bir neçə gün deyil, bir neçə illər keçdi, o komissiya bu nəticəni hələ elan etməmişdir. Heç elan edəməz də” (M.Ə.Rəsulzadə. Azərbaycan Cümhuriyyəti. B., 1990). Çünki onlar Vətənin, qurduqları Cümhuriyyətin sərvətlərinə xain kimi baxmamışdılar...

L.Mirzoyandan sonra Azərbaycan KP-na 1929-1930-cu illərdə rəhbərlik etmiş N.Gikola da M.Rəsulzadənin və Cümhuriyyət hökumətinn fəaliyyətini yoxlatmış və onlara qarşı “çox şiddətli tədbirlər görmək, onları ifşa etmək üçün” var qüvvəsi ilə çalışmışdı. Gikalo Cümhuriyyət qurucularını “Azərbaycan kəndlisi ilə mübarizə aparmaqda, Bakı fəhləsinə istehza ilə yanaşmaqda ittiham etdikdən sonra qəzəblə soruşurdu ki, “o dövrlərə aid sənədlər haradadır? “Müsavat”a qarşı ideologi mübarizə aparmaq üçün bu sənədlərə ehtiyac vardır” (M.B.Məmmədzadə. “Milli Azərbaycan hərəkatı”, B., 1992). Onlar da heç nə tapmadılar.

Məsələ burasındadır ki, artıq 30 ilə yaxındır müstəqilliyi bərpa olunmuş çağdaş Azərbaycan Respublikasının Milli Elmlər Akademiyasında ”yenidənqurmaya”,”islahatlar"a başlayan şəxslər Cümhuriyyət qurucularına qarşı yeni, əslində köhnə, kif basmış ideologi konsepsiyanı dirçəltməyə cəhd göstərirlər. Ancaq bunlar əbəsdir...

Bir zamanlar hətta qəmzəsi belə adamların əlini kəsən Sovet hakimiyyətinə yarınaraq balalarına çörək, özünə şan-şöhrət, orden-medal, “malodes” qazanmaq üçün dəridən-qabıqdan çıxmış tanınmış Azərbaycan sovet şairi S.Rüstəm belə yazmışdı:

“Mənasını itirmişdir köhnə çürük sözləriniz

O üç rəngli bayrağısa görməyəcək gözləriniz.

Firqənizlə bayrağınız torpaqlara gömülmüşdür.

Çürük, murdar firqəniz də özünüzdən tez ölmüşdür.

“Ergünə qon boz qurd” kimi əfsanələr sizin olsun

İstanbulda qab yalayan divanələr sizin olsun...

...Yetər, yetər həyasızlıq, qıpqırmızı yalan yetər

Siz hey hürün, nə eybi var: “İt hürsə də karvan keçər” .

Tarixi qanunauyğunluğun nəticəsində o üçrəngli bayrağı yüksəldən,”yoxdan bir dövlət” yaradan kişilərə olan el məhəbbətini, sevgisini,ürəklərində heykəl qoyduqlarını gördük və görürük. Bu sovet şairinin söylədiklərindən nəvə və nəticələrnin indi hansı hissləri keçirdiklərini isə Tanrı heç kimə qismət etməsin...

Başqa bir tanınmış gənc sovet ədəbiyyatçısı, sovetlərin N.Nərimanovun sözləri ilə desək”simasızlaşdırma”siyasətindən, anti-Azərbaycan, anti-xalq ideologiyasından ilhamlanan Ə.Cəfər isə deyirdi:

“İnsanların içində

Görməmək üçün

Nə burjuy və dilənçi,

Olacağam o rəhbərin qapısında dilənçi”.

Özün bilərsən, haranı seçmək sənin müstəsna hüququndur...

Böhtançılara başqa daha bir ibrətamiz hadisəni yada salmaq istəyirəm. Azərbaycan xalqının milli oyanışında, milli azadlıq hərəkatının ideoloji prinsipləri və nəzəri əsaslarının formalaşmasında müstəsna xidməti olmuş H.Zərdabinin dəfnində xalqımızın ictimai-siyasi fikir tarixində mühüm yeri olan Ə.Ağaoğlu demişdir:

”Ey müqəddəs ruh,sən indi bu bədəndən ayrılıb bizim babalarımızın,əcdadlarımızın yanına gedirsən. Həmin babalarımızı gör, əvvəla, bizdən onlara salam deyərsən. Sonra da, onların yaxalarından tut ki, bu, nə məmləkətdir ki, bizə qoyub getdiniz?...Vəzifəlisi oğru, məmuru rüşvətxor, bir-iki ziyalısı var, onlar da bir-biriləri ilə didişir”(Bax:Ş.Hüseynov.Tarixi bir dəfn mərasimi.525-ci qəz.,2007,24 noyabr-15 dekabr;V.Quliyev.525-qəz.2009,25 iyul-avqust)

Cümhuriyyət qurucularına böhtan atanlar bilsinlər ki, gələcək nəsillər o dünyaya sizin yanınıza gedənlərdən salam göndərmək əvəzinə, böyük Mirzə Cəlilin sözləri ilə söyləsək deyəcək :”Tfu sizin üzünüzə, ölülər!..”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.