XV əsrə aid kilsənin uçmuş divarı arasında dəhşətli tapıntı
Bu gün, 16:48

Portuqaliyanın Portiman şəhərində arxeoloqları və tarixçiləri heyrətləndirən qeyri-adi hadisə baş verib. XV əsrə aid olan orta əsr kilsəsi - "Igreja Matriz de Portimao"nun divarı uzun sürən yağışlardan sonra uçub. Zərəri qiymətləndirmək üçün əraziyə gələn işçilər gözlənilməz bir mənzərə ilə qarşılaşıblar: divarın qalıqları altından insan skeletləri aşkarlanıb.
Bu barədə "Popular Mechanics" nəşri xəbər yayıb.
Qeyd olunur ki, bu tarixi bina şəhərin ən hündür nöqtəsində yerləşir və Portimanın əsas turistik məkanlarından biri sayılır. İlkin araşdırmalara görə, uçmuş divarın içindən təxminən 12 insan skeleti çıxarılıb.
Tarixçilər bildirirlər ki, orta əsrlərdə kilsə əraziləri tez-tez dəfn sahəsi kimi istifadə olunurdu. Bu divarın da həmin dövrlərdə bu məqsədlə tikildiyi və ya yenidən qurulduğu ehtimal edilir.
Arxeoloqlar ərazidə daha maraqlı və qiymətli tapıntıların ola biləcəyini istisna etmirlər. İlkin təhlillər göstərir ki, aşkar edilən skeletlər XVI-XIX əsrlərə aiddir. Mütəxəssislərin fikrincə, həmin məkan uzun müddət ərzində dəfələrlə dəfn yeri kimi istifadə olunub.
Hazırda tədqiqatçılar skeletləri ətraflı şəkildə analiz edərək, ölən şəxslərin cinsi, yaşı və mümkün xəstəlikləri haqqında məlumat toplamağa çalışırlar. Bu araşdırmalar həm yerli tarixə, həm də orta əsr dəfn adət-ənənələrinə işıq tuta bilər.