Şeyxin kürəkəni, atası 28 qat Hacı, qardaşı tutulan deputat – Dosye
2-09-2020, 10:31
İntizarla gözlədiyiniz “Ən yeni deputat” rubrikamızda bu gün dəyərli oxucularımıza 27 saylı Sabunçu ikinci seçki dairəsindən mandat sahibi olan Əliabbas Salahzadə haqda məlumat verəcəyik.
Reportyor.info-nun xəbərinə görə, ilk dəfə deputatlıq kürsüsünə sahiblənən Ə.Salahzadə köklü, varlı bir ailənin övladıdır.
Təsadüfi deyil ki, onun atası sabiq deputat, 28 dəfə Həccə getmiş, Şeyxin qudası olan Hacı Qalib Salahzadədir. Hacı Qalib Salahzadə ki, adı çəkilən dairədən dəfələrlə deputat olub.
2015-ci ildə keçirilən parlament seçkiləri zamanı Həcc ziyarətindən yarımçıq geri qayıdan Qalib Salahzadə bu dəfə parlamentə düşə bilmədi. Sonrakı illərdə onun adı bir çox qalmaqallarda hallanmağa başladı.
Maraqlı burasındadır ki, ondan şikayət edən şəxslərin hamısı ya Salahzadənin vaxtilə deputat olduğu dairənin sakinləri ya da öz kəndçiləri idi. Yəni, oğul parlamentin dadını, əhəmiyyətini çox-çox qabaqdan bilirmiş.
Hətta onun qardaşı Əlihüseyn Salahzadə 2017-ci ildə “Azərsu” əməkdaşını döyməkdə təqsirləndirilərək həbs edilib. Hacı Qalib bu hadisəni də özünə qarşı müəyyən qüvvələrin işi adlandırmışdı. Amma zaman keçdi, Hacı Qalib siyasi qüvvəsini toparladı, oğlu parlamentə düşdü.
Eyni zamanda Ə.Salahzadənin Şeyxin kürəkəni olması amili onun imkanlarını, şanslarını həmişə birə beş artırıb.
Təsəvvür edin ki, qayınata Qafqazn Şeyxi, nüfuzlu Allahşükür Paşazadə, ata deputat olmuş Hacı Qalib, var-dövlət, biznes, imkanlar…
Amma bu illər ərzində Əliabbas Salahzadə ictimaiyyətdə tanınmayıb. Onun adı deputatlar siyahısına düşdükdən sonra məlum oldu ki, necə seçilib, hansı dəstəyi alıb – aydındır!
Çox maraqlıdır ki, o, 1995-1999–cu illərdə Azərbaycan Beynəlxalq Universitetində təhsil alıb. Söhbət rektoru xaricə qaçan, üzərində cinayət işi olan Elşad Abdullayevin ABU-sundan gedir.
Sonra 2002–ci ildə Milli Aviasiya Akademiyasının Beynəlxalq Hüquq fakultəsində təhsili başa vuraraq hüquqşünas ixtisasına yiyələnib.
Ə.Salahzadə Bilgəh bələdiyyəsinin sədri postunu da aydın məsələdir ki, atasının gücü, iqtidarı hesabına tutub. 2020-ci ilədək isə Sabunçu rayon İcra hakimiyyətində çalışıb. Ondan sonra birbaşa parlamentə yolu açılıb.
Mediada gedən yazılara görə, Ə.Salahzadə üçün Seçki Məcəlləsi təkcə səsvermə günü pozulmayıb. Təbliğat-təşviqat prosesində də pozulub. Onun üçün əvvəlcə 5 kəndin icra nümayəndələri, bələdiyyə sədrləri işləyib.
Deputatlıq fəaliyyətinə gəlincə, Salahzadəni aktiv millət vəkili kimi qiymətləndirmək olmaz. Onun nadir hallarda çıxışlarını, müsahibələrini hansısa təkliflərini görmək olar.
Ə.Salahzadə istər karantin, istər Qarabağ məsələsi, istər ölkənin ictimai-siyasi, iqtisadi məsələləri, o cümlədən son günlərdə akademik Ramiz Mehdiyevin iqtidara qarşı hücum xarakterli yazılarına münasibət bildirməyib. Yəni, gənc millət vəkili köhnələrdən fərqlənməliydi.
Onun istər bilgəhlilərin, istərsə deputatı olduğu dairənin seçicilərinin hansısa problemini Milli Məclisdə qaldırması faktı da olmayıb. Ümumiyyətlə, ölkə rəhbərliyinin yeni deputatlardan gözləntiləri varıydı. Onların xalqla aktiv işləyəcəyi, ictimai nəzarətin təmin olunmasında fəallıq göstərəcəyi ümid edilirdi. Amma…
Amma rubrikamızın növbəti buraxılışında daha maraqlı deputatla tanış olacaqsınız.