Ənənəvi KİV sosial mediaya niyə uduzur? – SORĞU
3-09-2020, 16:36
Vaxtilə məlumatın dəqiqliyini, mötəbərliyini təsdiq etmək üçün “qəzetdə yazmışdılar”, “televiziyada göstərirdilər” deyə ifadələr işlədilirdisə, indi bu yanaşma artıq yox səviyyəsindədir.
Xəbərin doğru olub-olmamasından asılı olmayaraq, sosial şəbəkələrdən sitatlar gətirilir, bu şəbəkələrdə sanki xəbərlər daha çevik yayılır və bəzi hallarda daha obyektiv yanaşmalar ortaya qoyulur.
Bəs indiki halda ənənvi kütləvi informasiya vasitələrinin öz mövqeyini bərpa etməsi hansı şərtlər çərvçivəsində mümkündür?
Media eksperti Zeyal Məmmədli Cebhe.info-ya açıqlamasında bildirib ki, bunun bir neçə parametri var:
“Birinci parametr odur ki, ənənəvi medianın inkişafı üçün qanunlar mühiti yaradılmalı, uyğun olmayan qanunlar dəyişdirilməlidir. Söhbət söz və mətbuat azadlığında Avropa meyyarlarına əməl edilməsindən gedir. Yalnız sərbəst bazar olduğu şəraitdə media sərbəst fəaliyyət göstərə, olaylara müstəqil yozumlar verib, nüfuz qazana bilir. Sosial mediada peşəkarlıq yoxdur, hərə öz istədiyini, şıltaqlıqlarını paylaşır, amma peşəkar media olaya balanslı münasibətini ortaya qoyur. Burada təkcə, iqtidarın, müxalifətin nə deməsi yox, cəmiyyətin ortaq məxrəcə gəldiyi məqamlar ciddi şərtdir. Sərbəst reklam bazarı olmadıqda isə medianın verdiyi məlumatlarda ya siyasi, ya da kommersiya maraqları ortaya çıxacaq, çox ciddi məsələlərə münasibət olmayacaq”.
Zeynal Məmmədli son zamanlar aktual olan mövzuların işıqlandırılmasından danışdı:
“Prezident iqtisadiyyatın liberallaşdırılması ilə bağlı təşəbbüs qaldırdı, konkret işlər də görüldü, bununla paralel olaraq iqtisadiyyatın inhisarlaşması istiqamətində addımlar atıldı. Konkret olaraq taksi xidmətləri inhisarlaşır, elektron ticarətlə bağlı qərar da konkret olaraq bazardakı monopolist qüvvələrə şərait yaradır. Ölkədə 60 taksi xidməti göstərən şirkətdən yalnız biri qalacaq, 59-u sıradan çıxacaq. Bu inhisarlaşma mediaya da öz təsirini göstərir. Media da onu maliyyələşdirmə imkanı olan hökumətin əlində olur. Nəticə etibarı ilə də ənənəvi media sosial şəbəkələrlə yarışa bilmir”.
Media eksperti deyir ki, sosial şəbəkələrdəki məlumatlar nə qədər yarımçıq, birtərəfli, iddia xarakterli olsa da, önəmli məsələlərə baxış bir cümlə formasında belə ortaya qoyulur:
“Amma ənənəvi mediada önəmli məsələlərə sanki hökumətin mövqeyi əsasında toxunur və cəmiyyətin nə baş verdiyindən xəbəri olmur. Müstəqil maliyyələşmə olduqda, jurnalistikanın özündə peşəkarlara qiymət verildikdə, peşəkar tələblər, peşəkar etika öndə gedəndə, jurnalistlər müxtəlif birliklər vasitəsilə öz işlərini özləri gördükdə sosial şəbəkələr bu yarışı təbii ki, uduzacaq, başqa yol yoxdur”.
Professor Qulu Məhərrəmli Cebhe.info-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrin populyar olmasının səbəbləri çoxdur:
“Onlardan da biri də odur ki, sosial şəbəkədə məlumat yayanlar auditoriya qarşısında heç bir məsuliyyət daşımır. Nə gəldi, necə gəldi yayırlar. Amma peşəkar medianın müəyyən öhdəlikləri var, qanun çərçivəsində fəaliyyət göstərir. Amma bu ənənəvi medianın uduzmasına səbəb ola bilməz. Başlıca səbəb odur ki, ənənəvi mediada operativ çalışılmır, xəbər mənbələri ilə işlənilmir, cəmiyyəti maraqlandıran, düşündürən, onu irəli apara biləcək məlumatlar çap edilmir. Bu əlbəttə ki, bütün media orqanlarına aid deyil, amma ümumən bizim saytlar daha çox “Copu-paste” sistemi ilə çalışır. Bu problemlər aradan qaldırılsa, insanlar sosial mediaya deyil, ənənvi mediaya üz tutacaqlar - saytlardan, televiziyalardan, qəzetlərdən bu məlumatları alacaqlar. Hesab edirəm ki, klassik mətbuat yaxşı-yaxşı “silkələnməlidir”, özünün peşəkarlığını göstərməli və rəqabətə davamlı səviyyəyə gəlib çatmalıdır. Bunun üçün yüksək peşəkarlıq, azadlıq və məsuliyyətin tənzimlənməsi tələb olunur”.