Rusiyanın koronavirus vaksininin nəticəsi məlum oldu
3-09-2020, 16:40
Eastnews.org-un verdiyi xəbərə görə, Rusiyada ikinci koronavirus peyvəndi tədqiqatı aparan Vektor Viroloji və Biotexnoloji Tədqiqat İnstitutunun peyvəndinin təcrübədən keçirildiyi bütün könüllülərdə virusa qarşı antikorların inkişaf etdiyi bildirilib.
Klinik testlərin birinci mərhələsi çərçivəsində peyvəndlənən bütün könüllülərdə antikorların inkişaf edib-etmədiyi barədə sualı cavablandıran Rusiya İnsan Sağlamlığı və İstehlakçıların Hüquqlarının Müdafiəsi Agentliyinin (Rospotrebnadzor) nümayəndəsi "9 könüllünün hamısında", - deyə bildirib.
"İkinci peyvənd ilk mərhələdəki 9 könüllüyə 31.08.2020 tarixində edilib. Könüllülər 01.09.2020 tarixində evə buraxılıb. Beləliklə, birinci mərhələdəki bütün könüllülər iki dəfə peyvənd olundu və xəstəxananı tərk etdilər”, - Rospotrebnadzordan bildirilib.
Açıqlamaya görə, bütün könüllülər özlərini yaxşı hiss edirlər, sağlamlıqla əlaqəli heç bir şikayətləri yoxdur. Testlərin ikinci mərhələsi protokola ciddi əməl olunmaqla davam etdirilir.