Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub

26-01-2021, 17:02           
Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub
Azərbaycanda istehsal edilən siqaretlərə aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub
Azərbaycanda istehsal edilən tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinə, elektron siqaretlər üçün mayeyə tətbiq edilən aksiz dərəcələrinin artırılmasının səbəbi məlum olub.

APA-nın məlumatına görə, dövlət tərəfindən həyata keçirilən iqtisadi siyasət çərçivəsində mərhələli şəkildə aksiz dərəcələrinin artırılması nəzərdə tutulmuşdur. Aksiz dərəcələrinin artırılmasının istehlakçıların alıcılıq qabiliyyətinə təsir imkanları nəzərə alınmaqla bu artımın sahibkarlıq subyektlərinin fəaliyyətinə mənfi təsir etməməsi daim diqqətdə saxlanılır.

Tütün məmulatlarının idxalının istehlakda xüsusi çəkisi 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 89,5 faiz, 2018-ci ilin yanvar-oktyabr ayları üzrə 74,5 faiz, 2019-cu ilin yanvar-oktyabr ayları üzrə 44,1 faiz təşkil edirdisə 2020-ci ilin müvafiq dövrü üzrə bu rəqəm 12,3 faiz təşkil edib. Beləliklə tütün məmulatlarının daxili istehsalının istehlakda xüsusi çəkisi 87,7 faizədək yüksəlib. Bununla da, aparılan iqtisadi islahatlar nəticəsində idxalın həcmi azalmaqla ölkə daxilində istehlak tələbatının yerli istehsal hesabına təmin edilməsi nəticəsində ölkə xaricinə valyuta axının azalması baş verib.

Bununla yanaşı, tütün məmulatlarının aksiz dərəcələrinin yüksəldilməsi nəticəsində cəmi istehlak 2017-ci ilin yanvar-oktyabr ayları üzrə 10 618 080 min ədəd təşkil edirdisə, 2020-ci ilin müvafiq dövrünə münasibətdə bu rəqəm 8 538 977 min ədədədək azalıb.

Eyni zamanda, tütün məmulatlarının istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicilərinin cəmi vergi ödənişləri 2017-ci il üzrə 87 909 200 manat olmuşdursa, bu rəqəm 2020-ci ilin yanvar-noyabr ayları üzrə 473 554 500 manat təşkil etmişdir və 2020-ci ilin sonuna cəmi vergi ödənişlərinin 520 milyon manat olması planlaşdırılır.

Eyni zamanda, sağlamlığa ziyan olan məhsulların istehlakının azaldılması üçün səhiyyə sahəsində bağlanmış sazişlərin müddəalarında və digər beynəlxalq təşkilatların tələblərində aksizlərin mərhələli şəkildə artırılması müəyyən edilb. Bu baxımdan tütün məmulatlarının həm istehsalı, həm də idxalı üzrə aksiz dərəcələrinin artırılması, habelə trubka tütünü, çəkmə, çeynəmə, sovurma, iyləmə tütünləri, habelə bütün növ qəlyanlar üçün nəzərdə tutulan tütün və tütün məhsullarının və qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsullarının aksizli malların siyahısına daxil edilməsi təklif edilir.

Qeyd edilənləri nəzərə alaraq, aksizli mallar üzərində həyata keçirilən aksiz siyasətinin davam etdirilməsi məqsədilə aksizə cəlb olunan məhsullar və aksizli malların dərəcələri ilə bağlı qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, Azərbaycanda tütündən hazırlanan siqaretlər və onun əvəzedicilərinin hər 1000 ədədinə tətbiq edilən 31 manat aksiz dərəcəsi 35 manata, elektron siqaretlər üçün mayenin hər litrinə tətbiq edilən aksiz dərəcəsi 20 manatdan 220 manata qaldırılacaq.

Eyni zamanda, Azərbaycanda istehsal edilən daha iki məhsula aksiz dərəcəsi tətbiq ediləcək. Qəlyan üçün tütünlər və istehsal məqsədli tütünlər istisna olmaqla digər çəkməli tütünlər, “homogenləşdirilmiş” və ya “bərpa edilmiş” tütünlər, çeynənilən və ya buruna çəkilən tütünlərin hər kiloqramına 30 manat, qızdırılma nəticəsində istehlak edilən (buxar) tütün və tütün məhsulların 1000 ədədinə 12,9 manat aksiz dərəcəsi tətbiq ediləcək. Bu mallara görə aksizin məbləği aksiz dərəcəsi ilə həmin malların faktiki həcminin (miqdarının) hasilinə tətbiq edilməklə hesablanacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.