Tarixi şəhərlərimizin adı bu mahnılardan qəsdən çıxarılıb?

4-03-2021, 08:36           
Tarixi şəhərlərimizin adı bu mahnılardan qəsdən çıxarılıb?
Xalq artisti Əbülfət Əliyev son illər “Aşiqəm” kimi tanınan xalq mahnısını fərqli sözlərlə ifa edib.

Kult.az xəbər verir ki, adətən ifaçıların burda istifadə edilən bayatının ilk misrasını “Bulaq başı toz olar...” kimi oxuduğu hər kəsə bəllidir. Ancaq Ə.Əliyev bayatının ilk misrasını “Dərbənd başı toz olur” kimi, həmçinin “Səni yanasan, ay qız” təkririni “Bircə dənəsən, ay qız” şəklində ifa edib.

Bu mahnının günümüzə gəlib çatan ilk ifaçılarından sayılan Əbülfət Əliyevin bayatını fərqli şəkildə oxuması isə istər-istəməz Azərbaycan SSR-in sərhədlərindən kənarda qalan qədim yurd yerlərimizin xalq yaradıcılığında ifadəsinə diqqət çəkir. Maraqlıdır ki, bayatılarımızda Güney, Araz mövzusu, o cümlədən Mosul-Kərkük həsrətlə yad edilsə də, demək olar ki, Dərbənd, Borçalı və yaxud İrəvanın oxşamalarına rast gəlinmir. Bunun səbəbi həmin ərazilərə getməyin daha asan olmasıdır, yoxsa sovetlərin ideoloji qadağası?

Bununla bağlı AMEA Folklor İnstitutunun direktoru akademik Muxtar İmanov saytımıza bildirib ki, şifahi xalq ədəbiyyatında variasiyaların olması adi haldır:

“Xalq mahnısının sözlərinin bir neçə variantının olması tamamilə qanunauyğun haldır. Xalq mahnılarının mətninə birvariantlı şeir kimi qiymət vermək olmaz”.

Akademik konkret misal çəkdiyimiz bayatının ideoloji təzyiqlə dəyişikliyə uğramasını istisna etməsə də, buna inanmadığını bildirib:

“Əbülfət Əliyevin oxuduğu dövr senzuranın güclü, ideologiyanın daha qabarıq hiss olunduğu zaman idi. Bu səbəbdən burada ideoloji dəyişiklik əlaməti görmürəm. Mahnının Dərbəndlə bağlı versiyasında ərazi iddiası və s. yoxdur. Sadəcə, şəhərin adı çəkilir”.

M.İmanovun sözlərinə görə, İrəvan, Təbriz, Dərbəndlə bağlı folklor nümunələrimiz var:

“Onlar arasında Təbriz daha çoxdur. Xalq mahnılarında, bayatılarda Təbriz daha geniş yer tutur. Dərbənd və İrəvanla bağlı nümunələrin az olmasına isə məncə, gediş-gəlişin, əlaqələrin kəsilməməsi və s. təsir edib”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.