FTX əməliyyat keçirdi, rayon başçısı və iri biznesmen Kərim Babayevin iki oğlu tutuldu - ÖZÜ AZƏRBAYCANA QAÇIB?
16-04-2021, 16:36
Rusiyanın Rostov vilayətinin Aksay rayon administrasiyasının başçısı, 27 ildən çoxdur bu vəzifəni tutan 62 yaşlı Vitali Borzenko Federal Təhlükəsizlik Xidməti tərəfindən aprelin 12-də keçirilən əməliyyatla saxlanılıb. Virtualaz.org xəbər verir ki, onunla birlikdə Aksay rayonunda çox iri biznesi olan azərbaycanlı biznesmen Kərim Babayevin iki oğlu və daha bir fiqurant da tutulub. FTX rayon başçısını Kislovodskda dincələrkən saxlayıb. O, mütəşəkkil cinayətkar qruplaşma yaratmaqda, dələduzluqda, vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.
Aksay rayonunun başçısı Vitali Borzenkonu təxminən Azərbaycanda rayon başçılarının törətdiyi əməllərdə ittiham edirlər...
Aprelin 13-də saxlanılanlar məhkəməyə çıxarılıb və üç nəfərin (Vitali Borzenko, İvan Sitko adlı biznesmen və Eduard Babayev) barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib. Kərim Babayevin digər oğlu Vadim Babayev polis nəzarətinə verilməklə sərbəst buraxılıb. Biznesmen Kərim Babayev isə axtarılır.
Hüquq-mühafizə orqanlarındakı mənbələr deyirlər ki, mütəşəkkil qruplaşmanın təşkilatçısı Kərim Babayevdir. Onun FTX-nin əməliyyatından xəbər tutaraq tələm-tələsik Rusiya xaricinə qaçdığı iddia edilir. Rusiya mətbuatının yazdığına görə Babayev və digərləri “dələduzluq sxemi” ilə Aksay rayonunda dövlət fonduna daxil olan torpaq sahələrini ələ keçirərək orada “Almaz” və “Atlant” adlı iki bazar tikib. Həmin bazardan daxil olan gəlirlər vergidən yayındırılıb və rayon başçısı da daxil olmaqla qrupun üzvləri arasında bölüşdürülüb. Torpaq sahəsinin alınması zamanı dövlətə vurulan ziyan 426 milyon rubl, bazarlardan gələn gəlirlərin vergidən yayındırılması yolu ilə mənimsənilən vəsait isə 219 milyon rubl dəyərləndirilir. Artıq “Almaz” bazarının administrasiyasında da yoxlamalar aparılıb və sənədlər götürülüb.
Kərim Babayev Rostovda iri biznesmen hesab olunur, 161.ru hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən bildirir ki, o, Azərbaycana, nüfuzlu qohumlarının yanına qaça bilər. Mənbənin bildirdiyinə görə, böyük ehtimalla Babayev güc strukturlarının hələ 6 ay əvvəldən onun barəsində əməliyyat tədbirləri keçirməsi barədə məlumatlandırılıb. Nəticədə o, həbsdən yayınaraq Azərbaycana qaçıb. “Çünki Rusiyada olmaq indi onun üçün çox təhlükəlidir, burada o, öz oğullarına və lazımlı partnyoruna kömək edə bilməz”,-mənbə deyib. Əlavə edib ki, Kərim Babayevin qohumları arasında Rusiyada fəaliyyət göstərən çoxlu biznesmenlər də var.
Lakin digər mənbələrə görə Babayev Rusiya xaricində deyil. Babayevlər ailəsinə yaxın mənbə deyib ki, ola bilsin ona “məsələləri həll etmək üçün” vaxt veriblər. “Nə qədər ki, Kərim Babayev buradadır, məsələləri həll edə və öz biznes imperiyasına endirilən zərbəni qismən yumşalda bilər”,-mənbə deyib.
Mənbə onu da deyir ki, Kərim çox hiyləgər və ağıllı adamdır. Bu həm biznesə, həm müxtəlif məişət məsələlərinə aiddir. “Öz özlüyündə onun oğlanları Edik və Vadik heç nəyi həll eləmir. Lap çoxdan Edik ailədən getmişdi, iki uşağı vardı, amma başqa qadına qoşulub Moskvada yaşayırdı. Amma bu situasiyada ata gəlinin tərəfini tutdu. Təsəvvür edirsiniz qafqazlı üçün oğlunu dəstəkləməmək nə deməkdir?! Amma nə olsun? Vaxt keçdi və Edik ailəsinin yanına qayıtdı”,-mənbə deyib.
Rayon başçısı Borzenkoya gəldikdə isə, KİV-lər yazır ki, onun ailə üzvlərinin və qohumlarının adına 170 daşınmaz əmlak obyekti, şirkətlər var.