DİM qızdırması olan abituriyentləri imtahana buraxmır, düzgündürmü? – Ekspertdən ETİRAZ

16-04-2021, 17:43           
DİM qızdırması olan abituriyentləri imtahana buraxmır, düzgündürmü? – Ekspertdən ETİRAZ
Ötən gün Dövlət İmtahan Mərkəzi tam orta təhsil bazasında (11 illik) buraxılış imtahanları keçirib. 2 nəfərin bədən hərarəti normadan yüksək olduğu üçün təcili tibbi yardım üzrə həkimin rəyinə uyğun olaraq imtahana buraxılmayıb.

Pandemiya ilə əlaqədar elə ötən il də eyni vəziyyət müşahidə olundu. Yəni, buraxılış və qəbul imtahanlarında hərarəti 37 dərəcə olan onlarla şagird və abituriyent müsabiqədən kənarda qaldı. Həmin şəxslərin bir il itirdiyini desək, yanılmarıq.

Təhsil eksperti Elvin Bədirov problemlə bağlı Sfera.az-a açıqlamasında bildirib ki, buraxılış imtahanları ən çox tənzimlənmə tələb edən imtahandır: "Müxtəlif zamanlarda müxtəlif suallardan təşkil edilmiş çoxsaylı imtahanlarla şagirdləri eyni bir müsabiqə üçün imtahan etmək ümumiyyətlə məqbul sayıla bilməz. Pandemiya dövründə maksimum çalışmaq lazımdır ki, abituriyentlərin imtahanlarda iştirakı tam təmin edilsin.

Ötən il olduğu kimi, bu il də artıq ilk imtahan günündə müəyyən temperatura malik abituriyentlərin imtahana buraxılmadığını görürük. Heç bir halda buna yol vermək olmaz. Biz müxtəlif dövlətlərin təcrübəsində görürük ki, temperatur ilə bağlı problemi olan şagirdlər üçün xüsusi otaqlarda fərdi imtahanların keçirilməsinə şərait yaradılır”.

Ekspert bildirib ki, Dövlət İmtahan Mərkəzi üçün bunu etmək heç də çətin olmamalıdır: "Yetər ki, təşəbbüs göstərilsin. Abituriyentlərin bütün il ərzində çəkdiyi əziyyətlər bu qədər sıradan səbəbdən boşa getməməli, onlar əlavə psixoloji travma yaşamamalıdırlar”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.