Xanlar Vəliyev “Tərtər İşi”ndəki işgəncələrdən danışdı – “Nağıldır”
16-04-2021, 21:18
Mediada şərti olaraq “Tərtər İşi” adlandırılan sensasion hadisələrin detalları açıqlandıqca Azərbaycan hakimiyyətinə tənqidlər artmağa başlayıb.
Dünyanın nüfuzlu insan haqları təşkilatlarından biri olan İşgəncələr Əleyhinə Beynəlxalq Komitə “Tərtər İşi” ilə bağlı hesabat yayaraq, hərbçilərə verilən dəhşətli işgəncələri açıqlayıb.
İşgəncə faktlarına görə ittiham olunan Azərbaycanın Hərbi Prokuroru Xanlar Vəliyev Gununsesi.info-nun sorğusuna cavab verib.
Hərbi prokuror bildirib ki, bu barədə iddiaları qəbul etmir: “Mən bu iddiaları eşitmişəm. Amma yalandır. Ümumiyyətlə, hesab edirəm ki, bu nağıldır və kim danışırsa, nağıl söyləyir”.
Konkret faktları hərbi prokurora xatırlatsaq da ancaq Xanlar Vəliyev “mətbiat xidmətimə müraciət edin, geniş açıqlama alın” deyərək, telefonun dəstəyini asıb.
Qeyd edək ki, 2017-ci ilin may ayında Baş Prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Müdafiə Nazirliyi və Daxili İşlər Nazirliyi birgə bəyanat verərək, hərbçilərin Ermənistan xüsusi xidmət orqanlarının xeyrinə casusluq ittihamı ilə tutulduğunu bildirdilər.
Daha sonra 2019-cu ildə tədricən daha geniş ictimaiyyət, rəsmi və qeyri-rəsmi olaraq casusluqda şübhəli bilinən hərbçilərə qarşı işlərin detallarını, xüsusən də 2017-ci ilin may və iyun aylarında edilən kütləvi işgəncələri açıqlamağa başladı.
Azərbaycan hüquq müdafiəçilərinin bildirdiyinə görə, Azərbaycan Silahlı Qüvvələrinin 100-dən çox əsgər və zabitinə işgəncə verilmiş, 25 nəfər uzun müddətli həbs cəzası almış və ən azı doqquzu işgəncədən ölmüşdür. Xüsusilə təqaüddə olan podpolkovnik Saleh Qafarov “əllərini və ayaqlarını bağlayıb, suda batırmış, cərəyan vermiş, dırnaqlarını çıxartmış, çənəsini sındırmış və əlləri bağlı insanı ikinci mərtəbədən atmışdılar. Bunu məhkəməyə onun həyat yoldaşı eşitdiklərindən bildirmişdir.
Bundan sonra komaya düşənə qədər işgəncə verməyə davam etmişdilər.
Keçmiş bölük komandiri, kapitan rütbəsi olan Vaqif Abdullayevin dediyinə görə o, ac saxlanılmış, çılpaq vəziyyətdə üzərinə soyuq su atılmış, elektşok ilə işgəncə verilmişdir, sonra isə ordudan qovulmuşdur.