Hansı nağdsız ödənişlərə ƏDV tutulur? - Dövlət Xidməti AÇIQLADI

17-04-2021, 10:50           
Hansı nağdsız ödənişlərə ƏDV tutulur? -
Dövlət Vergi Xidməti elektron ticarət qaydasında xaricə ödənişlərə ƏDV-nin tətbiqi barədə rəsmi açıqlama versə də, bəzi məsələlərə aydınlıq gətirməyə ehtiyac yaranıb.

Dövlət Vergi Xidmətinin Media və kommunikasiya idarəsindən Oxu.Az-a bildirilib ki, qanunvericiliyə əsasən, vətəndaş xaricdən xidmət əldə etdiyi zaman onun belə ödənişlər üzrə ƏDV öhdəliyi yaranır.

Bu zaman hesablanmış ƏDV-nin tutulması xaricə pul vəsaiti köçürülən zaman həmin şəxsə xidmət edən bank tərəfindən həyata keçirilir:

“Faktiki olaraq, belə köçürmələr zamanı banklar vergi agenti rolunda çıxış edir, yəni həmin verginin həm hesablanması, həm də ödənilməsinə məsuliyyət onların üzərinə qoyulub. Bu qayda uzun illərdir mövcuddur və hazırda qanunvericilikdə heç bir yeni dəyişiklik baş verməyib”.

Sosial şəbəkələrdə xaricdən alınan mallara ƏDV hesablanması barədə yayılan müxtəlif informasiyalarla bağlı bildirilib ki, vergi yalnız yalnız xaricdən elektron ticarət qaydasında iş və xidmət alınan zaman tətbiq edilir:

“Xaricdən malların alınmasına görə ƏDV hesablanmır, bu birmənalıdır və narahatlığa heç bir səbəb yoxdur. Həmçinin bəzi xidmətlər də var ki, məsələn, xaricdən otel xidmətlərinin və aviabiletlərin sifarişi zamanı da ödənilən məbləğə ƏDV hesablanmır. Həmçinin, vətəndaş hansısa xarici ölkədə birbaşa istehlak etdiyi iş və xidmətə görə də ödəniş edərsə, ona ƏDV hesablanmır”.

Bəs, ƏDV hesablanan xidmətlər hansılardır?

“Bu xidmətlərə, məsələn, internet şəbəkəsi vasitəsi ilə müxtəlif saytlardan əldə edilən elektron kitabların, musiqinin, audio-video materialların, qrafik təsvirlərin, virtual oyunların, antivirusların, proqram təminatlarının yüklənməsi, reklamların yerləşdirilməsi, digər analoji iş və s. daxildir. Bu xidmətlərin siyahısı banklarda var”, - deyə məlumatda qeyd edilib.

Xidmətdən həmçinin sosial şəbəkələrdə yayılan daha bir informasiyaya aydınlıq gətirilib. Bildirilib ki, plastik kartlar vasitəsilə dövlət orqanlarının tətbiq etdikləri cərimə məbləğlərinə ƏDV hesablanmır:

“Ölkə daxilində ƏDV ödəyicilərindən alınan mallar (məsələn, mağazalarda alış-verişdə), yaxud xidmətlərdə (ictimai iaşə obyektlərində) ƏDV məbləği həmişə son qiymətdə öz əksini tapır. Məsələn, ƏDV ödəyicisi olan restoranda hesab ödəyərkən son qiymətin tərkibində ƏDV nəzərə alınmış olur, yəni bu həmişə adi qaydada ödənilən ƏDV-dir və burada hər hansı əlavə vergilər, yaxur əlavə ƏDV məbləği müəyyən edilməyib. ƏDV ödəyicisi olmayan obyektlərdə isə bu vergi ümumiyyətlə tətbiq edilmir”.

Qeyd edilib ki, ölkədə nağdsız ödənişlər stimullaşdırılır və dövlət nəinki bu sahəyə əlavə vergilər tətbiq etmir, əksinə nağdsız ödənişlərə üstünlük verənlərə əlavə güzəştlər verir:

“Məsələn, ƏDV ödəyicisi olan marketdə aldığınız məhsula görə ödəniş həyata keçirilən zaman, xüsusilə nağdsız ödənişlərdə “ƏDV Geri Al” mexanizmi vasitəsilə istehlakçı daha çox vəsait geri qaytara (cashback) bilər. Sahibkar isə ödənişləri nağdsız qəbul edən zaman dövlətdən daha çox vergi güzəşti əldə edir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.