"Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir" - ekspert

12-06-2021, 11:41           
"Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir" - ekspert
Zərərli və ağır əmək şəraiti olan iş yerlərində çalışan şəxslərə bir sıra imtiyazların verilməsi təcrübəsi dünyada geniş yayılıb. Xüsusilə inkişaf etmiş ölkələrdə belə işçilərin iş saatı digərlərinə nisbətən qısa, məzuniyyət dövrü uzun, əmək haqqı isə yüksək olur.

Bundan əlavə, onlara pensiya təminatı sahəsində də xeyli güzəştlər edilir, üstəlik sağlamlıqlarına dəyəcək zərəri minimuma endirmək üçün müəyyən qidalarla təmin olunurlar. Bütün bunların çox böyük hissəsi işəgötürənlər tərəfindən həyata keçirilir, çünki qanunvericiliyin tələbi olur.

Azərbaycanda sovet dövründən zərərli iş şəraitində işləyənlərə müəyyən qidalar (əsasən süd) verilib, maaş nisbətən yüksək, pensiya yaşı isə az olub. Ölkəmiz müstəqillik əldə etdikdən sonra zərərli iş şəraiti olan sənaye sahələrinin çoxunda dərin tənəzzül yaşandı, əksər iri müəssisələr bağlandı. Strateji əhəmiyyət kəsb edən neft-qaz və enerji istehsalı, kommunal təchizat, metropoliten və metro tikintisi və sair sahələrdə isə sovet dövründən tətbiq olunan güzəşt və imtiyazlar tamamilə dəyişdirilib: onların xeyli hissəsi ləğv edilib, yaxud şərtlər və tələblər sərtləşdirilib.

Son illərdə iqtisadiyyatın zərərli əmək şəraiti olan bir sıra sahələrində canlanma müşahidə olunmaqdadır. Bura neft-kimya sənayesi, mədənçıxarma və sair sahələr aiddir. Yaxınmüddətli dövr üçün planlardan aydın olur ki, belə sahələrdə fəaliyyətlər daha da genişləndiriləcək.

Məsələn, işğaldan azad olunmuş ərazilərimizdə faydalı qazıntı yataqlarının işlənməsi, enerji istehsalının təşkili və sair istiqamətində mühüm addımlar atılmaqdadır. Digər tərəfdən, azad olunmuş Laçın, Kəlbəcər rayonları yüksək dağlıq ərazilər olduqlarına görə əmək şəraiti ağır olan iş yerlərinin sayı daha çox olacaq. Bu isə ümumilikdə ölkə üzrə zərərli əmək şəraitində çalışanların sayının artacağı deməkdir.

Pensiya qanunvericiliyinə edilən bir sıra dəyişikliklər, xüsusilə də pensiya yaşının artırılması zərərli əmək şəraiti və ağır işlərdə çalışan şəxslər üçün bir sıra problemlər yaradır. Belə ki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Bu şərtlər zərərli əmək şəraiti və ağır işlərdə çalışanların çoxu üçün pensiya almaq şansını xeyli dərəcədə azaldır. Onlar qanunvericiliyin tələb etdiyi yaşa qədər zərərli əmək şəraiti və ağır işlərdə çalışa bilmirlər. Yaxud qanunvericilikdə nəzərdə tutulan həcmdə pensiya kapitalını toplaya bilmirlər.

2020-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən zərərli əmək şəraiti və ağır işlərdə çalışanlara daha tez əmək pensiyası hüququnun verilməsini nəzərdə tutan layihə hazırlanıb. Layihədə həmin kateqoriyadan olan 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların pensiya yaş həddinin 5 il azaldılması təklif olunur.

Nazirlik təklif edir ki, zərərli əmək şəraiti və ağır işlərdə çalışan şəxslərə qarşı həm iş stajı, həm də sığorta kapitalı tələbi qoyulmasın: vətəndaş bu iki meyardan birinə uyğun gəldiyi halda pensiyaya çıxmaq imkanı qazansın.

Onlar üçün pensiya kapitalının məbləğinin 30 faizə qədər azaldılması təklifi də layihədə yer alıb. Dəyişiklik qüvvəyə minərsə, bu halda onlara pensiya təyin edilən zaman əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalının və ümumi iş stajının eyni anda tələb olunması artıq zəruri olmayacaq.

Qeyd edək ki, güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları Nazirlər Kabinetinin 12 nömrəli qərarı ilə təsdiqlənir. Əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər də həmin siyahı əsasında müəyyən olunur.

Dövlət Statistika Komitəsinin məlumatından aydın olur ki, son 10 illik dövrdə zərərli əmək şəraiti və ağır işlərdə çalışanların sayında azalma müşahidə olunur. 2019-cu ildə rəsmi statistika 28 564 nəfər iş yerində sanitar-gigiyena normalarına cavab verməyən şəraitdə; 10436 nəfər əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində; 1171 nəfər isə əməyin təhlükəsizliyi tələblərinə uyğun olmayan avadanlıqlarda işləyənləri qeydə alıb. Nəzərə alsaq ki, həm zərərli, həm də ağır iş şəraitinə malik daş, qum-çınqıl karxanalarında, tikinti sektorunda işçilərlə əmək münasibətlərinin rəsmiləşdirilməsindən yayınma halları kifayət qədər yüksəkdir, onda zərərli əmək şəraiti və ağır işlərdə çalışan şəxslərin sayının daha çox olduğunu söyləyə bilərik.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədovun “Yeni Müsavat”a dediyinə görə, ƏƏSMN tərəfindən hazırlanan layihə zərərli və ağır əmək şəraitində çalışan şəxslər üçün bəzi güzəştlər nəzərdə tutur: “Belə şəxslərin pensiya təminatı ilə bağlı qanunvericiliyə 2017-ci ildə dəyişiklik edilib. Şərtlər və tələblər sərtləşdirilib. Pensiya hüququ əldə etmək üçün kişilər üçün 25 illik, qadınlar üçün 20 illik staj tələb olunur. Bunun da kişilər 12 il yarımını, qadınlar 10 ilin zərərli əmək şəraiti və ağır işlərdə işləmiş olmalıdılar. Bundan əlavə, onların fərdi hesablarındakı pensiya kapitalı minimum pensiya təminatına imkan verən məbləğdən az olmamalıdır. Bu isə kifayət qədər ağır şərtlərdir. Sovet vaxtında 1 və 2 saylı siyahılar vardı. 1 saylı siyahı daha ağır işlərdə çalışanları əhatə edirdi - onlardan kişilər 50 yaşına, qadınlar 45 yaşına çatdıqda və 10 il müvafiq işlərdə çalışmış olduqda pensiyaya çıxmaq hüququ əldə edirdilər. 2 saylı siyahıdakı işçilərə isə pensiya yaşından 5 il əvvəl pensiyaya çıxmaq imkanı tanınırdı. Bunların hamısı elmi tədqiqatların nəticələri əsasında müəyyən olunan müddətlərdir.

Təəssüflər olsun ki, indi müvafiq şəraitdə işləmək müddətini kişilər üçün12 il yarıma, qadınlar üçünsə 10 ilə qaldırıblar. Yeni layihədə hətta bunun 15 ilədək artırılması nəzərdə tutulur. Hesab edirəm ki, çox yanlış yanaşmadır. Fikrimi layihə müzakirə olunanda da demişəm. Ümumiyyətlə, hazırkı qanunvericilik elədir ki, zərərli əmək şəraitli və ağır işlərdə çalışan şəxslərin əksəriyyəti pensiya hüququndan istifadə edə bilmədən həyatdan köçəcək. Pensiya yaşına çatanların isə qoyulan tələbləri təmin etməsi çətindir".

Liqa rəhbəri qeyd edir ki, Beynəlxalq Əmək Təşkilatının bir sıra sənədləri var ki, zərərli əmək şəraiti və ağır işlərdə çalışanlara imtiyaz və güzəştləri nəzərdə tutur: “Azərbaycan onlardan bəzilərini qəbul edib. Bu sahədə dünya praktikası bir-birindən çox fərqlidir. Elə ölkələr var ki, bizdən daha yaxşı şərtlər qoyulub, elələri də var ki, daha pis. Ümumiyyətlə götürdükdə, mən bu sahədə Azərbaycanda mövcud olan tələbləri doğru saymıram. Yaxın qonşumuz olan Rusiyada Sovet dövründə tətbiq olunan tələblər saxlanılır: 1 və 2 saylı siyahılar üzrə şərtlər müəyyənləşdirilib. Hansı ki, şərtlər demək olar ki, olduğu kimi qalır. Bunun da yeganə səbəbi odur ki, insan oqranizminin zərərli əmək şəraiti və ağır işlərə davamiyyət əmsalı var. Sovet dövründə bu əmsalları müəyyənləşdirmək üçün ciddi elmi tədqiqat işləri həyata keçirilib. Buna görə də həmin şərtləri dəyişmək üçün daha dərin elmi tədqiqatların, uzun illik müşahidələrin aparılması lazımdır. Düşünmürəm ki, Azərbaycanda pensiya qanunvericiliyinə dəyişikliklər belə uzunmüddətli müşahidə və elmi tədqiqatların nəticəsi olaraq qəbul edilib”.

Onu da qeyd edək ki, ƏƏSMN-in “Əmək pensiyaları haqqında” qanuna təklif etdiyi dəyişikliklər hələ qəbul olunmayıb. Bununla bağlı nazirlikdən verilən məlumata görə, layihə müzakirə mərhələsindədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.