Meydanda ürəyi dayanan Eriksen dramı… VİDEO

13-06-2021, 09:52           
Meydanda ürəyi dayanan Eriksen dramı…  VİDEO
Milyonlarla insan bu dəfə bir futbolçunun vurduğu qola deyil, onun həyat uğrunda mübarizəsinə şahidlik etdi

Həqiqətəndə bir neçə dəqiqə sonra insan başına nə gələcəyini bilmir. Avropa çempionatının ikinci günündə Danimarka-Finlandiya oyunda yaşanan dramatik hadisələr kimi... Bütün dünyanın gözü qarşısında yaşanan dramın adı Kristian Eriksendir.

Oyunun 45-ci dəqiqəsində danimarkalı yarımmüdafiəçi Kristian rəqib meydançasının yaxınlığında səndələyərək huşunu itirdi. Milyonlarla insan bu dəfə bir futbolçunun vurduğu qola deyil, onun həyatı uğrunda mübarizəsinə şahidlik etdi. Kristianın xanımı ürəyi dayanan həyat yoldaşına heç cür kömək edə bilmirdi, bu mənzərini kənardan göz yaşları içərisində seyr edird...

Stadiona toplaşmış minlərlə azarkeş nə baş verdiyini onu artıq xərəkdə meydandan aparanda başa düşdü, göz yaşları və həyəcan dolu dəqiqələr başladı. Finlandiya millisi də şokda idi, ilk dəfə Avropa çempionatına vəsiqə qazanasan və ilk oyunda bu cür ağır hadisəyə şahidlik edəsən...



Bir futbolçunun meydanda can verməsindən ağır nə ola bilər ki? Elə hadisələrin baş verdiyi Danimarkandan minlərlə kilometr uzaqda-Bakıda da ekran qarşısında baş verənləri həyəcansız izləmək mümkün deyildi. Operatorlar Finlandiya azarkeşlərinin göz yaşlarını göstərdilər...Bir az əvvəl Kristiana rəqib kimi baxan azarkeşlər onun üçün üzülür, dualar edirdilər.

29 yaşlı futbolçunun yıxılan andan heç nəyə reaksiya vermədiyi aydın idi. Həkimlər ona elə stadionda ürək masajına başlayanda danimarkalı futbolçulardan ağlayanlar da vardı. Sonmu? Yəni həyat bu qədər amansızmı? Meydan futbolçunun çörək qazandığı yerdir, amma öləcəyi yer deyil! Futbolçu meydanda milyonlarla azarkeşə sevinc bəxş etmək üçündür, onların gözü qarşısında ölmək üçün yox!

Kristianı meydandan apardılar və daha gərgin anlar başladı. Meydana futbola baxmaq üçün bilet alanlar drama şahidlik etdilər, stadiona səsizlik çökdü. Heç bir tamaşaçı yerlərini tərk etmədi. Artıq oyun heç kimi vecinə deyildi, Eriksen "oyunu bitirmişdi". Dünyanın idman və xəbər agentlikləri baş verənləri dərhal manşetlərinə daşıdılar. Eriksen sıradan futbolçiu deyil axı... Avropada onu yaxşı tanıyırlar: "Ayaks", "Tottenhem" və "İnter"in heyətlərindən həm də. Danimarka milli komandasında 100 dəfədən çox millinin formasını geyindiyi üçün də tarixə düşüb.



Gözlənilən xəbər stadionda elan olunanda hamı "Eriksen!" deməyə başladı. "Xəstəxanaya çatdırılıb və vəziyyəti stabildir". Hamı rahat nəfəs aldı. Futbol bu dəfə bizi belə sınağa çəkdi. Ağır dəqiqələr oldu...Təxirə salınan oyun isə Bakı vaxtı ilə saat 22:30-da bərpa olundu. Hər iki komanda toplaşaraq Eriksenin tezliklə sağalması üçün bir daha dua etdilər.

Bəs, Kristian Eriksen kimdir?

O, 1992-ci ilin 14 fevralında Danimarkanın cənubundakı Middelfart şəhərində anadan olub. Kristian Eriksen futbol karyerasına məmləkəti "Middelfart"da başlayıb və daha sonra "Odense" klubunun heyətinə qatılıb. Eriksen "Odense", eyni zamanda "Çelsi" və "Barselona"nın futbol məktəblərində məşq edib. London klubu Erikseni fiziki cəhətdən zəif hesab edib, amma İspaniya klubları onunla ciddi maraqlanıblar.

2008-ci ilin oktyabrında hələ yeniyetmə yaşına çatmayan Erikseni aşağı yaş qruplarındakı heyətinə qatmaq istəyən iki nəhəng Avropa klubu vardı: "Barselona" və Hollandiya "Ayaks"ı. Amma "Barselona"dan daha sərfəli təklif verən "Ayaks" İspaniya klubunu qabaqladı və onunla iki il yarımlıq müqavilə imzalandı. Bəzi məlumatlara görə, danimarkalı oyunçunun transferi "Ayaks a 1 milyon avroya başa gəlmişdi.



2009-cu ildə o, Danimarkanın ən yaxşı gənc futbolçusu seçildi. 2009-cu ilin yanvarında Eriksen Robin Pronkun çalışdırdığı "Ayaks"ın gənclər komandasına cəlb edildi. O, tezliklə Frank de Burun rəhbərlik etdiyi Amsterdam klubunun əsas heyətinə qatıldı.

2010-cu ilin yanvar ayında isə Danimarka milli komandasının əsas heyətinə çağırıldı. Gənc Eriksen "Ayaks" formasında ilk rəsmi matçına çıxanda 17 yaşı vardı və 85 dəqiqə meydanda oynadı. 2010-cu ilin aprel ayının əvvəlində Eriksen klubla müqaviləsini 30 iyun 2014-cü ilə qədər uzatdı.

2013-cü ilin avqustunda Eriksen Londonun "Tottenhem"inə 13,5 milyon avro müqabilndə transfer olundu. 7 mövsüm klubun heyətində oynayan danimarkalı 2013/14 və 2016/17 mövsümlərində klubun ən yaxşı oyunçusu seçildi.

2018/19 mövsümündə "Tottenhem" tarixində ilk dəfə Çempionlar Liqasının finalına yüksəldi. 2019-cu ilin 1 iyununda Madriddə keçirilmiş həlledici görüşdə Eriksen 90 dəqiqə meydanda oldu, "Tottenhem"isə "Liverpul"a 0-2 məğlub oldu. Ümumilikdə, 2018/19 Çempionlar Liqasında Eriksen 12 matçda meydana çıxıb və 2 qol vurub. O, 2018/19 UEFA Çempionlar Liqasında ikinci ən yaxşı yarımmüdafiəçi seçildi.

2020-ci ilin yanvarında Milan "İnter"i Erikseni transfer etdi. Danimarkalı futbolçu ilə müqavilə 2024-cü ilin yayına qədər imzalanıb.



2010-cu ildə Cənubi Afrikada keçirilən mundialda iştirak edən 18 yaşlı Eriksen ən gənc oyunçu kimi tarixə düşdü. Milli komandada ilk qolunu 2011-ci ildə Avropa çempionatının seçmə oyununda islandiyalılara qarşı oyunda vurdu. Eriksen 2018-ci il dünya çempionatında iştirak etmək üçün İrlandiya ilə keçirilən pley-off qarşılaşmasında het-trik etdi. Danimarkalılar həmin oyunda 5: 1 hesabı ilə qalib gələrək dünya çempionatına vəsiqə qazandılar. Eriksen 2018 dünya çempionatının seçmə mərhələsində 11 qol vurub.

2018-ci ildə Rusiyada keçirilən dünya çempionatında Avstraliya millisinə qarşı matçda Eriksen karyerasında dünya və Avropa çempionatlarının final mərhələlərində ilk qolunu vurdu. 1/8 finalda danimarkalılar penaltilərdə Xorvatiya millisinə məğlub oldular. Eriksen penalti seriyasında ilk topa yaxınlaşan oldu və onun vurduğu zərbəni Subaşiç geri qaytara bildi...

14 oktyabr 2020-ci ildə 28 yaşlı Eriksen Millətlər Liqasında milli forması ilə 100-cü beynəlxalq görüşünə çıxıb. İngiltərə millisi ilə oyunda yeganə qolu Eriksen vurub və bu onun millinin heyətində vurduğu 34-cü qol olub. Eriksen Danimarka millisində keçirdiyi matçların və qolların sayına görə 10 futbolçudan biridir.

İndi onu bütün dünya tanıdı...Karyerasını davam etdirib-etdirməyəcəyi barədə danışmaq hələ tezdir. Amma 29 yaş müasir futbolda elə də çox deyil. Hələ oynaya bilər. Bəlkə də ölümdən döndüyü üçün həm də daha yaxşı...olaylar/













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.