Mina xəritələri Bakıya ötən ilin dekabrından verilməyə başlayıb: Muradovun İrəvana əli boş qayıdışının hekayəsi - VERSİYA

14-06-2021, 00:10           
Mina xəritələri Bakıya ötən ilin dekabrından verilməyə başlayıb:
Mina xəritələri Bakıya ötən ilin dekabrından verilməyə başlayıb: Muradovun İrəvana əli boş qayıdışının hekayəsi - VERSİYA

"Bəzi müxalifət dairələri bəyan etməyə başlayıblar ki, minalı sahələrin xəritələrini Azərbaycana verib əsirlərimizin hamısının qaytarılmasını təmin etmək olardı. Əzizlərim, bəli, biz minalanmış ərazilərin xəritələrini təhvil verdik, ancaq bu, xəritələrin kiçik bir hissəsidir”.

Ovqat.com xəbər verir ki, Ermənistanın Baş nazir əvəzi Nikol Paşinyan Yeqvard şəhərinin seçiciləri ilə görüşündə belə deyib.

O bildirib ki, mina xəritələrinin verilməsi prosesinə indi yox, ötən ilin dekabr ayından başlanıb və xəritəsi verilən ərazilər iki ölkənin sərhədlərini əhatə etmir: “Qeyd etmək istəyirəm ki, biz hələ dekabr ayında xəritə mübadiləsinə başlamışıq və bunlar bizim mövqelərimizi əks etdirməyən minalanmış sahələrin xəritələridir. Bunlar Azərbaycanın arxa cəbhəsində qalan yerlərin xəritələrdir".

Paşinyanın fikrincə, təhlükəsizlik sahəsində Rusiya ilə əməkdaşlığın dərinləşdirilməsi Ermənistan üçün prioritetdir və ona görə də mina xəritələrinin Azərbaycana verilməsinin təhlükəsi yoxdur: "Ölkəmizin təhlükəsizliyini təmin etmək barədə öz baxışımı sizinlə bölüşmək istəyirəm. Ermənistanla Rusiya arasındakı münasibətlərin daha da dərinləşdirilməsi təhlükəsizliyimizin təminatı üçün çox vacibdir. Biz təhlükəsizlik sahəsində bir nömrəli tərəfdaşımız olan Rusiya ilə strateji tərəfdaşlığı inkişaf etdirməyə və dərinləşdirməyə davam edəcəyik. Bu gün biz Sotk-Xoznavar sərhəd hissəsindəki (Azərbaycanla) problemin həlli üçün rusiyalı tərəfdaşlarımızla daimi təmasdayıq".

Ovqat.com-un şərhi:

Fikrimizcə, Paşinyanın bugünkü açıqlamaları bəzi qaranlıq məsələlərə aydınlıq gətirir. Açıqlamadan belə nəticə hasil olur ki, bu ilin əvvəllərindən etibarən İrəvana qaytardığımız terrorçular heç də quru “humanizm duyğumuz”dan və ya xarici basqılardan irəli gəlmirmiş. Rəsmi Bakı hər erməni “əsir” qəfiləsi üçün haranınsa mina xəritəsini alırmış.

Xatırlayırsınızsa, ilk belə “qarşılıqsız əsir” mübadiləsi ötən ilin dekabrının 28-də yaşanmışdı. Həmin vaxt Azərbaycan Ermənistana 5 əsir qaytarmışdı. Qeyd edək ki, bu erməni bəxtəvərlər 10 noyabr Bəyanatına uyğun olaraq “hamının hamıya” prinsipli əsir mübadiləsində nəzərdə tutulmayan şəxslər idi. Çünki Bəyanatda nəzərdə tutulan həmin mübadilə iki həftə əvvəl – 15 dekabrda tamamlanmış və Azərbaycan əlindəki 44 əsiri qaytarmış, Ermənistandakı 14 əsir, 2 girovumuzu geri almışdı. Bu mübadiləsən sonra tərəflərin heç birində 44 günlük savaş əsiri qalmamışdı. İrəvanın müharibədən sonra yaxalananları da geri qaytarmaq tələbi isə rəsmi Bakı tərəfindən rədd olunur, onların əsir yox, terrorçu olduqları və 10 noyabr Bəyanatının tələblərinin əhatə dairəsinə girmədikləri bildirilirdi. Fəqət 2 həftədən sonra 4 “əsir”in birdən-birə peyda olması və geri qaytarılması beyinlərdə ciddi suallar yaratmışdı.

Üzərindən bir müddət keçəndən sonra fevral ayının 9-da daha 5 erməninin İrəvana qaytarıldığı xəbəri yayıldı. Məlumata görə, budəfəki əsirləri rus “sülhməramlı” generalı Rüstəm Muradov Bakıdan alıb İrəvana aparmışdı. Ardınca 10 noyabr Bəyanatına uyğun olmayan bu “qarşılıqsız humanist” addımlar tez-tez təkrarlanmış, Azərbaycanın Ermənistana qaytardığı əsirlərin sayı 69-a yüksəlmişdi. Bir gün isə Rüstəm Muradovun Bakıya “sülhməramlı” səfəri uğursuz alınmış və o, İrəvana əli boş dönmüşdü.

Paşinyanın bugünkü açıqlamaları həm Azərbaycanın niyə “sonradan peyda olan” həmin “əsirləri” İrəvana təhvil verdiyinə, həm də səfərlərdən birində Rüstəm Muradovu əli boş geri qaytardığına aydınlıq gətirir. Belə məlum olur ki, general Muradov İrəvandan əlində mina xəritəsi ilə gələndə Bakıdan da əli dolu gedirmiş. Səfərlərin birini isə bizim müftə damarımızı yoxlamağa həsr etmək istədiyindən geriyə də əli ətəyindən uzun qayıdıb. Görünür, Bakıda rus “sülhməramlı” generalına və onun vasitəsilə də İrəvana Azərbaycan folklorunun nadir incilərindən sayılan atalar sözümüzdəki “nisyə - girməz kisiyə” aforizminin nə anlama gəldiyi əyani şəkildə başa salınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.