“Beşinci kolon”: Xoşməramlı mesajlarla məkrli niyyətlər, şəbəkənin işləmə mexanizmi - TƏHLİL
2-07-2021, 11:29
“Beşinci kolon”: Xoşməramlı mesajlarla məkrli niyyətlər, şəbəkənin işləmə mexanizmi - TƏHLİL
Tarix: Bu gün, 11:06 | Çap et
“Beşinci kolon”: Xoşməramlı mesajlarla məkrli niyyətlər, şəbəkənin işləmə mexanizmi
Yazacaqlarım ictimai-siyasi həyatda bəlli bir çəki qazanan fiqurların əsl niyyətləri ilə üzdə olan mahiyyətləri arasındakı sərhədlərin müəyyənləşməsi üçün apardığım müşahidələrə əsaslanır. Bütün detalları bir yazıya sığdırsaq, yorucu və çox uzun olacaq, ona görə ümumiləşdirilmiş tezislərlə fikir bildirməyə çalışacağam.
Ola bilər ki, kimlərinsə kürkünə birə düşəcək, kimlərsə “yox e, mən elə deyiləm” deyəcək, ancaq mən kəşfiyyat oyunları əsasında izah etmək istəyirəm.
Bəri başdan deyim ki, yazdıqlarım səmimi hisslərlə, heç bir yerə bağlı olmadan fikir bildirənlərə qəti aid deyil, lakin nəzərə alaq ki, onlar da tələyə düşürlər.
Söhbət “beşinci kolon”dan gedir, hərçənd ki, hələ bu “kolon”un sərhədləri, içində şəxs olaraq kimlərin yer aldığı dəqiq məlum deyil.
Onu da bilirik ki, “beşinci kolon” tərəflərin bir-birini ittiham etməsi üçün istifadə edilən anlayışdır, istinad kimi söykənilən ən yumşaq divardır.
Azərbaycanda hakimiyyətə görə müxalifət” beşinci kolon”dur, müxalifət isə “beşinci kolon”u hakimiyyətin içərilərində axtarır.
Bəs əslində “beşinci kolon” kimdir? Birmənalı deyə bilərik, kəşfiyyat oyunlarının icraçısı olan fiqurantlar.
Məmur da, müxalifət də bu şəbəkənin fəal üzvləridirlər.
Gəlin sadə şəkildə izah etməyə çalışaq. Fərz edək ki, biri özünü aşırı Qərbmeylli kimi göstərir, əslində isə Rusiya kəşfiyyatının əlinə işləyir. Azərbaycanda Qərbə sevginin yaranması haqqında güclü təəssüratların yaradılması Rusiyaya sərf edir, söhbət təəssürat yaradılmasından gedir. Çünki bununla Moskva proseslərdə iştirak üçün arqumentlərini gücləndirər və sərhədində Qərbin olmasından narahatlıq keçirdiyini bildirmək bəhanəsilə müxtəlif ssenariləri işə salar.
Fikrimizi əsaslandırmaq üçün yaxın siyasi tarixin bəzi səhifələrini də vərəqləmək zərurəti yaranır. Yəqin çoxuna bəllidir ki, (bunu proses iştirakçıları olanlar da deyir) Azərbaycanda meydan hərəkatında kifayət qədər “KQB” əməkdaşı iştirak edib, onlar bərkdən “Vətən!”, “Azadlıq!” qışqırır, kimlərin yemə gəldiyini müəyyən edirlər.
Meydan hərəkatı milli qürurumuzun oyandığı illərdir, bununla belə məhz onu gözdən salmaq, ləkələmək üçün müxtəlif kampaniyalar aparılır.
Məqsədə çatmaq üçün isə “KQB” agentləri hərəkatın içinə sızdırılır və onlar etimad mühitinə zərbə vurmağa çalışırlar. Bunun üçün seçilən metodlar:
1. Qışqırıq, küyçü təfəkkürün yaradılması, başqa siyasi baxışlara malik olanlara qarşı nifrətin körüklənməsi.
2. Müxtəlif provakasiyalar, talamalar.
3. Elə sonda hərəkatın içində “KQB” adamlarının olması fikirlərini tirajlamaq, əslində bu, “KQB”yə sərf edirdi.
Rəqəmləri çoxalda bilərik, bunun acı nəticələrini yaşamışıq, indi “beşinci kolon”un işləmə mexanizmi heç də fərqli meyarlara söykənmir, əksinə, işlərini indi daha rahat həyata keçirirlər desək, yanılmarıq. Əvvəlki üsluba əlavə edilən isə dezinformasiyaların miqyasının rahat şəkildə genişləndirilməsidir, burada sosial şəbəkə ən münbit platformadır.
Bəli, sözü ona gətiririk ki, indi hər kəs göründüyü kimi deyil, bəzilərinin Rusiyaya, bəzilərinin Qərbə, bəzilərinin İrana qarşı hədsiz nifrət püskürmələrinin arxasında dayanan əsl məqsədlər isə incələyəndə üzə çıxır.
“Beşinci kolon” təkcə Rusiyaya bağlı deyil, indi İrana, Qərbin bəzi təsisatlarına bağlı olan və onların təlimatı ilə oturub-duranlar da məhz “beşinci kolon”un üzvləridir.
Yəni ölkədə bir yox, bir neçə “beşinci kolon” mövcuddur, hərəsi də toqquşan maraqlara görə bəzən bir-birinə qarşı çıxır, qaralama kampaniyasına başlayır, ictimai rəyi tamamilə mövzuya aid olmayan məcraya yönəldirlər.
Digər tərəfdən, bəziləri türkçülük adı altında ölkədə yaşayan etniklərə qarşı nifrəti körükləməyə çalışır, bunu müxtəlif epitetlərlə bəzəyir, üzdə Türkiyə sevgisinin ya da türk mütəfəkkirlərinin ideyaları altında gizlənir.
Etnik zəmində fikirlərin haçalanması, nifrətə təhrik bəllidir ki, nə Türkiyəyə, nə də Qərbə sərf edir. Bu, daha çox Rusiya və İranın marağında olan məsələdir, zamanla etnik kartları işə saldıqları da yaxın tarixin gizli bir səhifəsi deyil.
Aşırı Qərb tərəfdarı kimi görünənlərə də inanmayın. Rusiyanın tərəfini açıq tutanlar bəlkə də bunlardan az təhlükəlidir, axı onların ən azından kim olduğu üzdədir.
“Beşinci kolon” gizli düşməndir, müxalifətin hakimiyyət kluarlarında xain axtarışına çıxması da başadüşüləndir. Axı zamanla hakimiyyətin içində də “beşinci kolon”un nümayəndələrinin olması fikirləri dövriyyəyə buraxılıb, bu informasiyanın tirajlanmasında yəqin ki, dövlət özü də maraqlıdır.
“Beşinci kolon”un Rusiyaya bağlı hissələri üzdə bir-birinə qarşı dayanan cəbhə kimi görünsə də, əslində vahid məqsəd uğrunda çalışırlar.
Bəlkə də biri digərinin eyni cəbhədə yer almasını bilmir, lakin şəbəkə elə qurulur ki, onların səsləndirəcəkləri fikirlər məhz “kolon”un ali məqsədlərinə xidmət etsin.
Zamanla” beşinci kolon”un ali nümayəndələrinin müxalifəti dəstəkləməsi, üzdə isə onlara “barmaq silkələməsi” haqqında xeyli iddialar dolaşıb, analiz etdikcə vahid məqsədi çözmək elə də çətin deyil: Təki ölkədə fikir ayrılıqlarının sərhədlərindən kənarda olan qarışıqlıq yaransın, etirazlar körüklənsin, cəmiyyət xain axtarışlarına çıxsın və bununla da dövlətə də, səmimi siyasi məqsədlərlə müxalifətdə olanlara da (nisbətdə) etimad mühiti sıfıra ensin.
Necə də incə mexanizmdir... Bir cümlə ilə belə demək olar: Bir xəyanətkar şəbəkə diqqəti öz üzərindən yayındırmaq üçün başqa bir “xəyanətkar şəbəkə” yaradır və bütün nifrəti bunun üzərinə cəmləmək üçün şəbəkə gücünü səfərbər edir.
Tanış mənzərədir deyilmi? “Tərtər işi” ilə bağlı da məlumatlı adamların dilindən çıxanlar həmin mexanizmin işləmə prinsipini gözlər önünə sərir: Ordu daxilindəki “beşinci kolon” üzvləri özlərini, niyyətlərini pərdələmək üçün ssenari işə salır və “xəyanətkar” ovuna çıxır, cəmiyyət də hamısı əsl xəyanətkara yox, günahı olmayan insanlara nifrət püskürür.
“Beşinci kolon” hər yerdədir, zamanla hakimiyyət dəhlizlərində atılan addımların ictimaiyyətdə nə qədər etirazlar doğurduğu haqqında kifayət qədər geniş yazmaq istəməzdik.
“Beşinci kolon”un məqsədləri:
- Cəmiyyətdə xaos yaratmaq, sosial gərginliyin dayanıqlı olmasını təmin etmək;
- Dövlətə, orduya qarşı fikirlər tirajlamaq;
- Mediada şüuraltına yeridilən mövqeləri işıqlandırmaq;
- Dezinformasiyaları çoxaltmaq.
“Beşinci kolon”un ən təhlükəli nümayəndələri indi bilirsinizmi kimlərdir? Vaxtı ilə “beşinci kolon”un hakimiyyətdəki əsas kadrları olan şəxslərə yaltaqlanan, onların hər atdığı addımı fövqəladə dövlətçilik ənənələri ilə əlaqələndirən, onlar vəzifəsindən getdikdən sonra isə qınına çəkilənlərdir. Bunlar özləri üçün ən əlverişli fürsətdə həmləyə hazırdırlar, hazırda isə həssas və böyük mənaları özündə ehtiva edən anlayışlara sığınıb, məqsədlərini gizlədirlər.
“Beşinci kolon”un məmur korpusuna gəlincə, onlar hər addımda inandırıcı dəlillərlə çıxış etməyə cəhdlər göstərir, dövlətin ali kürsüsündə oturan şəxslərə yalan məlumatlar, saxta hesabatlar verir.
Dövlət bu məmurların məqsədli şəkildə tərtib etdiyi meyarlar əsasında qərarlar çıxarır, bu qərarlar isə xalqın, dövlətin öz əleyhinə işləyir. Bu zaman səmimi hisslərlə etiraz edənlərlə yanaşı, məqsədli, siyasi sifarişlə etiraz edənlər də dövriyyəyə girir, yəni məmur pası həmin qrupa atır... Ümid edirəm, fikirlərimi izah edə bildim.
YEKUN: “Beşinci kolon” hər yerdədir və diqqətli olaq! //modern.az//