Bu heyvanları qurban kəsmək olmaz - DİN XADİMİ XƏBƏRDARLIQ ETDİ

2-07-2021, 13:34           
Bu heyvanları qurban kəsmək olmaz -
"Qurban sözünün mənası yaxınlaşmaq, eyni zamanda Uca Allaha yaxınlaşmaq üçün insan sevdiyi şeylərdən, öz malından-mülkündən Allahın razılığını qazanmaq üçün fəda etməsidir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycan İlahiyyat İnustutunun müəllimi Hacı İbrahim Quliyev deyib.

Onun sözlərinə görə, qurbanlığın tarixi ilk insan Adəmin dövründən başlasa da, hazırda qeyd etdiyimiz Qurban bayramı Həzrət İbrahimin adı ilə bağlıdır: “İslama görə, qurban kəsməyin çox böyük savabı vardır. Təkcə Qurban bayramı günü deyil, həmçinin digər günlərdə də qurban kəsmək çox tövsiyə edilmişdir. Qurban kəsilən heyvanlara gəldikdə isə, qeyd etmək lazımdır ki, qurbanlıq dəvə, inək, qoyun növündən olmalıdır. Quş növündən olan heyvanları qurban kəsmək olmaz. Qurban kəsiləcək heyvan isə sağlam, qüsursuz olmalıdır. Xəstə və qüsuru olan heyvanları Allah yolunda qurban etmək olmaz. Qurban kəsildikdən sonra onun əti kasıblar, yoxsullar, maddi imkanı zəif olan, həmçinin qonşular və yaxın qohumlar arasında bölüşdürülməlidir. İnsan kəsdiyi qurbanın hamısına sahib ola bilməz. Ən azı üçdə birini paylamalıdır, lakin daha yaxşı olar ki, az miqdarda özü və ailəsi üçün götürüb, yerdə qalan çox hissəni qeyd etdiyimiz şəxslər arasında bölüşdürsün”.

Hacı İbrahim Quliyev həmçinin qeyd edib ki, qurban bir ibadət növü olduğu üçün onu kəsən şəxsin ağıllı, maddi imkanı yerində olması şərti irəli sürülür: “Lakin qurban kəsən şəxsin həddi-büluğ həddinə yetişməsi şərt deyil. Çünki onun adından qəyyumu qurban kəsə bilər. Həmçinin qurbanın ətini paylamaq fürsəti olmadığı bir səfərdə olan şəxsin də qurban kəsməsi doğru hesab olunmur. Çünki qurbanın ətinin Allah yolunda paylanması şərti olduğundan səfərdə olan şəxsin bu şərtə əməl etməsi mümkünsüz görünür. Qurbanın kəsilməsi üçün müəyyən vaxtlar vardır. Əgər şəxs İsmail qurbanını kəsirsə, bu, qurban bayramının birinci, ikinci və üçüncü günü olmalıdır. Amma digər növdən olan qurbanları istədiyi vaxt kəsib paylaya bilər”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.