Mehman Əliyev: "Yeni agentlik KİVDF-nin yolunu gedir"
2-07-2021, 18:55
MEDİA-nın vəzifəsi deyil ki, kiməsə 3-5 min pul versin. Onun vəzifəsi ölkədə onlayn təşəbbüslərin yaranmasına və irəli getməsinə zəmin yaratmaqdır. Bu zəmin varmı?”
"Turan" İnformasiya Agentliyinin rəhbəri Mehman Əliyev “Toplum TV”-yə belə deyib.
Rəsmi məlumata görə, Medianın İnkişafı Agentliyi (MEDİA) çap mediası və onlayn media subyektlərinin inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə müsabiqə təşkil edib.
Müsabiqəyə 70-dən çox saytın müraciət edildiyi bildirilsə də, 39 sayta maliyyə yardımı ayrılıb. Agentliyin seçimi ictimaiyyətdə birmənalı qarşılanmayıb.
Aygün Muradxanlı - Musavat.com
Jurnalist Aygün Muradxanlı “Feysbuk” hesabında agentliyə suallar ünvanlayıb:
“MEDİA 6 idman saytına da maliyyə ayırıb, 4-ü futbolla bağlıdır. Ay Əhməd müəllim, sən axı Vüqar Səfərli deyilsən... Azərbaycanda 1 ortabab futbolçu yoxdur, nəinki futbol... Bu 4 sayt olmayan şeyin nəyindən yazır ki, dövlətin maliyyə dəstəyini haqq edir? Millətin pullarını heç kimə lazım olmayan geydirmə saytlara niyə peşkəş edirsiniz? Budur medianın inkişafı, islahat?”
Mehman Əliyevsə deyir ki, çap mediasına dəstək qurumuş quyuya su tökmək kimidir: “Çap mediası artıq ölüb. Birincisi, aydınlaşdırsınlar ki, maliyyə dəstəyi nədən ibarətdir? Yəni demək istəyirlər ki, çap mediasını dirçəldirik? O zaman nə etmək istədiklərini elan etsinlər. Köşklərdə qəzetlər satılmır, abunə yoxdur. Yalnız dövlət təşkilatlarında çalışanları müəyyən qəzetlərə abunə olmağa məcbur edirlər. Bu gün qəzetlərə ictimai maraq yoxdur”.
M.Əliyevin sözlərinə görə, çap mediasına pul ayırmaq o zaman normal sayıla bilərdi ki, vəsaitlər həmin mediaların onlayn resursa çevrilməsi prosesinə dəstək olsun: "Məsələn, bir il vaxt verilə bilərdi ki, bu qəzetlər artıq çap olunmayacaq, ancaq onlayn şəkildə fəaliyyət göstərəcəklər".
O, prosesin şəffaf olmadığına da diqqət çəkir: “Agentlik, demək olar ki, KİVDF-nin (Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu) xəttini götürüb, onun yolunu gedir. Sadəcə, KİVDF-dən fərqli olaraq daha çox vəsait ayrılır. Bu məsələdə qurumun adından başqa heç bir dəyişiklik yoxdur”.
"Teleqraf" Media Holdinqinin rəhbəri Aynur Camal da müsabiqənin şərtlərinə şübhə ilə yanaşıb.
“Adını ilk dəfə eşitdiyin media qurumları ilə eyni siyahıda olmaq da bir ayrı bədbəxtlikdir! Hətta sözün bitdiyi yerdir! Kül sözün başına!” - A.Camal "Feysbuk" hesabında belə yazıb.
O, konkret hansı saytlara vəsait ayrılmasını və müsabiqədəki hansı şərtləri düzgün hesab etmədiyi barədə “Toplum TV”-nin suallarını cavablandırmayıb.
MEDİA-dan isə "Toplum TV"-yə bildiriblər ki, müsabiqə obyektiv keçirilib.
"Qiymətləndirmə zamanı media subyektlərinin oxunaqlılıq dərəcəsini müəyyən edən ümumi səhifə baxışı sıralaması, materialların orijinallığı, informativliyi, analitik xarakteri, mövzuların jurnalistikanın ümumi prinsiplərinə uyğunluğu, mətnlərin üslubi keyfiyyətləri, dilin norma və qaydalarına əməl olunması, saxta və aldadıcı başlıqlı xəbərlərin, plagiat materialların həcmi, dizaynın müasir standartlara uyğunluğu, sosial şəbəkə hesablarının aktivliyi kimi meyarlar nəzərə alınıb", - deyə qurum rəsmi açıqlamasında qeyd edib.