Tarif Şurası: Azərbaycanda təbii qaz üçün tariflər Gürcüstan, Belarus və Rusiyadan aşağıdır
4-07-2021, 00:08
Foto "sputnik.az"dan götürülüb.
Tarif Şurasının 30 iyun 2021-ci il tarixli qərarı ilə əhali abonentləri üçün təbii qazın qiyməti artırılıb.
Şuranın yeni qərarından sonra ucuz qiymətə illik qaz limiti əhəmiyyətli şəkildə aşağı endirilib. Belə ki, əgər bu qəraradək il ərzində 2200 kub metrə qədər istehlak edilən qazın qiyməti 10 qəpik idisə, iyulun 1-dən 1200 kub metrədək qaz istehlakı 10 qəpikdən hesablanacaq.
Qaz istehlakı 1200-2500 kub metr olduqda alış qiyməti 20 qəpik, 2500 kub metr limitini keçdikdə isə 25 qəpik olacaq.
Tarif Şurasının bildirir ki, hətta artımdan sonra da tariflər bir sıra ölkələrdən aşağıdır.
Açıqlamada qeyd edilir ki, 1 kub metr təbii qazın tarifi əhali üzrə Gürcüstanda 19,7-29,5 qəpik, Belarusda 9,2-34,2 qəpik, Rusiyada 11,9-16,5 qəpik arasında dəyişir.
“Fakt Yoxla” Şuranın iddiasının doğru olub-olmadığını araşdırıb.
Qeyd edək ki, kommunal xidmətlərin qiymətinin digər ölkələrə nəzərən yüksək və ya aşağı olmasını sadəcə digər ölkələrdəki tənzimlənən qiymətlərin artımı ilə əlaqələndirmək iqtisadi baxımdan yetərli deyil. Əsas indikatorlardan biri həmin ölkələrdəki gəlirlərin səviyyəsi və kommunal təbii qaz üçün sərf edilən vəsaitin orta aylıq əmək haqqına nisbətidir.
Göründüyü kimi, azərbaycanlılar gəlirlərinin yalnız Gürcüstan vətəndaşlarından daha az hissəsini 1 kub metr təbii qaza sərf edirlər. Rusiya və Belarus vətəndaşları üçün bu göstərici Azərbaycandan daha aşağıdır. Yuvarlaq rəqəmlərlə ifadə etsək, hər 100 kub metr təbii qaz üçün, Azərbaycanda orta aylıq əmək haqqının 1,4-3,5 fazini ödəmək lazım gəldiyi halda, Rusiyada bu göstərici 0,9-1,3, Belarusda isə 0,9-3,5 faizdir. Gürcüstanda isə müvafiq göstərici 2,9-4,3 faiz arasında dəyişir.
Bundan başqa, adı çəkilən ölkələrdən sadəcə Rusiya təbii qaz istehsalçısı, digər iki ölkə isə təbii qaz idxalçısıdır. Təbii qazı idxal edən ölkələrdə qazın nəqli xərcləri də, təbii qaz istehsal edən ölkələrdən fərqli olaraq qiymətin formalaşmasına təsir edir. Bu baxımdan Şuranın təbii qaz istehsalçısı olmayan ölkələrlə təbii qaz istehsal və ixrac edən Azərbaycanı müqayisə etməsi qüsurludur. Bu ölkələrdən sadəcə Rusiyada qaz istehsal edilir ki, orada da qiymətlər və təbii qazın orta aylıq əmək haqqına nisbəti Azərbaycandan aşağıdır.
Şuranın açıqlamasında adı çəkilməsə də, MDB ölkələri arasında təbii qaz istehsalçısı olan digər bir ölkə Qazaxıstanda da əhali üçün təbii qaz tarifləri Azərbaycanla müqayisədə aşağıdır. Burada təbii qazın 1 kub metri üçün ödənən vəsait orta aylıq əmək haqqının 0,0018-0,16 faizinə bərabərdir.
“Fakt Yoxla”nın gəldiyi nəticəyə görə, Tarif Şurasının Azərbaycanda təbii qaz qiymətlərinin Rusiya, Belarus və Gürcüstandan ucuz olması ilə bağlı iddiası faktlarla manipulyasiyadır.